Məhkəmə qərarları › İş №2-1(102)-1744/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1744/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1744/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1744/2020) Açar sözlər: pensiyanın yenidən hesablanması. Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 23.09.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi və cavabdehin vəkili Vəkil iştirakı ilə, iddiaçıcavabdeh Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-875/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx xxxxxx 1952-ci ildə Şəmkir rayonunda anadan olmuşdur və Bakı şəhərində yaşayır. İddiaçı xx.xx.1973-cü ildə X2 ilə nikaha girmişdir. X2 xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Babək rayon məhkəməsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt şəhər mə hkəməsində, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci ilə qədər Bakı şəhər Məhkəməsində hakim vəzifəsində işləmiş, xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İddiaçı DSMF-nun Səbail rayon Şöbəsi tərəfindən hakim arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və ya cavabdeh yazılacaq) ərizə ilə müraciət edərək, pensiya hüququnun yarandığı tarixdən hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı həcmində verilən müavinət və müalicə üçün 2 aylıq əməkhaqqı məbləğində pul təminatı, həmçinin xx.xx.2010-cu il tarixdən apelyasiya məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, xx.xx. 2019-cu il tarixdən isə 25 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, o cümlədən xx.xx.2019-cu il tarixdən hakimlərə verilən 1 aylıq vəzifə maaşı həcmində verilən əlavə nəzərə alınmaqla hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və **********7 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək, həmin mükafat və maddi yardımları almağı təsdiq edən arayışların təqdim olunmamasını əsas göstərmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı tarixdən hakimlər məzuniyyətə çıxdıqda onlara 2 aylıq əmək haqqı həcmində verilən müavinət və müalicə üçün 2 aylıq əmə khaqqı məbləğində pul təminatı, həmçinin xx.xx.2010-cu il tarixdən apelyasiya məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, xx.xx.2019-cu il tarixdən isə 25 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, habelə xx.xx.2019-cu il tarixdən hakimlərə verilən 1 aylıq vəzifə maaşı həcmində verilən əlavə nəzərə alınmaqla hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı onun mərhum ərinin yuxarıda göstərilən müddətlərdə hakim işlədiyini bildirməklə tələbinin onunla əsaslandırmışdır ki, “Əmək pensiyalarl haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən 2 aylıq əmək haqqı həcmində verilən müavinət və müalicə üçün 2 aylıq əməkhaqq ı məbləğində pul təminatı, həmçinin xx.xx.2010-cu il tarixdən apelyasiya məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, xx.xx.2019-cu il tarixdən isə 25 faiz miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə verilən 1 aylıq vəzifə maaşı həcmində verilən əlavələr nəzərə alınmaqla onun pensiyasına əlavə olunmalıdır. Lakin cavabdeh qanunsuz olaraq bundan imtina edir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı mərhum ərinin həmin mükafat və maddi yardımları almağı təsdiq edən arayışları təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-4797/2 019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əri X1 «Məhkəmələr və hakimlər haqqında» Qanunun müddəalarına əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almamasına baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geri şamil edildiyindən, bu norma ona münasibətdə də tətbiq olunmalıdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(103)-875/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi) E.Nağıyeva və V.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-4797/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları barədə iddia ərizəsində təsvir olunan hallar və cavabdehin etiraz dəlilləri təkrarlanmışdır. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şi kayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPMin 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıd a göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar çıxarılmaqla iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı ona ailə başçısını itirməyə görə ödənilən pensiyanın yenidən hesablanmasını xahiş edir və tələbini əsaslandırarkən «Məhkəmələr və hakimlər haqqında» Qanunun 107, 109-cu maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4-cü maddəsinə istinad edir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 107-ci maddəsinin x xxxxxxx 2010-cu il tarixli 1092-İİİQD nömrəli qanunla düzəliş edilənədək qüvvədə olan redaksiyasında deyilirdi ki, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir. Həmin maddədə x xxxxxxx 2010-cu il tarixli qanunla edilmiş dəyişikliyə görə hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Adı çəkilən qanunun 107-ci maddəsinə xx xxxx 2019-cu il tarixli qanunla edilmiş dəyişiklikdən sonra isə, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğindəmüavinət verilir. Həmin qanunun 106-cı maddəsinin x xxx 2007-ci il tarxli qanunla edilən dəyişikliyə qədər olan redaksiyasına görə, hakimlərin aşağıdakı məbləğdə vəzifə maaşları müəyyən edilir:... bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Həmin qan unun 106-cı maddəsinə xx xxxx 2019-cu il tarixli qanunla edilmiş dəyişiklikdən sonra isə, hakimlərə aylıq vəzifə maaşları müəyyən edilmişdir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, habelə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Bu qanunun 109-cu maddəsinin 4-cü hissəsinə görə hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Qanuna x xxxxxxx 2010-cu il tarixli 1092-İİİQD nömrəli qanunla 106-cı maddəsinə edilmiş və qüvvəsi xx.xx.2010-cu il tarixdən müəyyən olunmuş əlavəyə görə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilmə si üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İşə baxmış apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci ildən əvvəl yarandığına görə, “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, hazırki mübahisə üzrə xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunu tətbiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun: 1.0.1.-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra - sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq ha kimlərə təyin edilir; 20.7.1-20.7.3-cü maddələrinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxsilərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əlavələr 5 il hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə – hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir; 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublik ası Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir». Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Apelyasiya instansiyası məhkəməsi bu normalara istinadən hesab etmişdir ki, iddiaçının əri X2 «Məhkəmələr və hakimlər haqqında» Qanunun müddəalarına əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almamasına baxmayaraq həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə ona münasibətdə də tətbiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Çünki adı çəkilən qanunun 1-ci maddəsinin mənasına görə əmək pensiyası ilə kompensasiya olunan məbləğ - şəxslərin aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərə bərabərdir. Yəni ailə başçısını itirdiyinə görə təyin olunan pensiya - qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdiklə ri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, ailə başçısının ölməsindən əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bu mənada vəfat etmiş şəxsin almadığı əmək haqqı və digər ödənişlərin pensiya kimi hesablanması bu normanın tələblərinə ziddir Konstitusiya Məhkəməsi «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarında da göstərmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrin ə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bundan başqa, nəzərə alınmalıdır ki, pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir. Pensiya təminatı sahəsində aparılan islahat tədbirləri də sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Pensiya təminatı sisteminin hər bir iştirak çısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Buna görə də, qanunvericilik pensiya təyin olunarkən yalnız sosial sığorta haqlarının tutulduğu ödənişlərin pensiya hesablanarkən nəzərə alınmasını müəyyən edir. Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi, məhkəmələr iddia tələbini təmin edərkən maddi hüquq normasını səhv təfsir etmiş, iddiaçıya mərhum ərinin hakim işlədiyi dövrdə almadığı ödənişlərə əsasən pensiya hesablanmasını mümkün saymış, cavabdehin üzərinə pensiya qanunvericiliyinin müddəalarına zidd olan öhdəliyin icrası vəzifəsinin qoymuşdur. Halbuki, inzibati orqanın üzərinə öhdəliyin icrası barədə vəzifə, onun mövqeyinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda qoyula bilər. Buna görə də yeni qərar çıxarılmaqla iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, iddiaçıya ailə başçısını itirdiyinə görə pensiya hesabla narkən, ərinin işlədiyi müddətdə aldığı ödənişlərin nəzərə alınmadığı halda, həmin ödənişlərin həqiqətən də alındığı barədə sübutu təqdim etməklə cavabdehdən pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 96.5-ci maddəsini rəhb ər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-875/2020 saylı xx xxxx 2020ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar