Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1747/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı nazirin adına göndərilən 7 sentyabr 2018-ci il tarixli yazılı sorğusuna ən qısa müddətdə və qanunvericiliyə uyğun əsaslandırılmış yazılı cavab verilməsinin cavabde hin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-538/19 saylı, 14 fevral 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayəti ilə bağlı dövlət vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsinə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək nazirin adına göndərilən 7 sentyabr 2018-ci il tarixli yazılı sorğusuna tələb etdiyi məktubun təsdiqlənmiş surətini təqdim etməklə ən qısa müddətdə və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış yazılı cavab verilməsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2-1(81)-4240/2018 saylı, 14 noyabr 2018ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-538/19 saylı, 14 fevral 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 7 sentyabr 2018-ci il tarixli yazılı sorğusu cavabdeh tərəfindən 24 sentyabr 2018-ci il tarixli məktubla cavablandırılmış, İnzibati Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən mübahisə həllini tapmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, kassasiya şikayəti vəkillə təmsil olunmadığından şikayətin mümkünlük məsələsinə baxılması 7 may 2019-cu il tarixə təyin edilmiş və qeyd olunan nöqsanın aradan qaldırılması üçün iddiaçıya məhkəmə bildirişi göndərilmişdir. İddiaçı 6 may 2019-cu il tarixdə məhkəmə kollegiyasına göndərdiyi ərizəsində dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə 2 may 2019-cu il tarixli ərizə ilə müraciət etdiyini bildirib, həmin ərizəni məhkəmə kollegiyasına göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının arzusuna əsasən, məhkəmə iclası 30 may 2019-cu il tarixə təxirə salınmış, kassasiya şikayətinin vəkillə tərtib edilməsinin zəruriliyi, əks halda kassasiya şikayətinin mümkün sayılmamasının hüquqi nəticələri ona izah edilmişdir. İddiaçının dövlət vəsaiti hesabına vəkillə təmsil olunması barədə apellyasiya instansiyası məhkəməsin ə ünvanladığı 2 may 2019-cu il tarixli ərizəsi Bakı Apellyasiya Məhkəməsinin 3 may 2019-cu il tarixli məktubu ilə kassasiya məhkəməsinə daxil olmuşdur. ərizənin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti vermişdir. Məcburi köçkün, müharibə veteranı, pensiyaçı olduğuna görə vəkilin haqqını ödəmək imkanı məhduddur. Həmçinin ambulator müalicədədir. Mülki Prosessual Məcəllənin 67.1 və 67.2-ci maddələrinə əsasən dövlət hesabına vəkillə təmin edilməsi xahiş olunur. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılm asının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) müddəaları tətbiq edilir. Kassasiya şikayəti vəkillə tərtib edilməli olduğundan, lakin İPM-də kassasiya şikayətinin vəkillə tərtib edilməsinə dair qayda müəyyən edilmədiyindən iddiaçının ərizəsinə MPM-in müddəalarına uyğun qiymət verilməlidir. MPM-in 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. MPM-in 67.1-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. MPM-in 67.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. MPM-in 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67 -ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir... “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 2 0.2-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən növbətçi vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. İddiaçı ərizəsinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığını təsdiq edən mötəbər sənəd əlavə etməmişdir. İddiaçı, ümumiyyətlə, vəkilə çəkilən xərc və bunun müqabilində imkanının olmaması ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən ərizə təmin edilə bilməz. İddiaçının apellyasiya məhkəməsinin qərardadından verdiyi kassasiya şikayəti vəkilsiz tərtib edildiyinə görə mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı ərizəsi təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-538/19 saylı, 14 fevral 2019-cu il tarixli qərardadından verdiyi kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1747/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1747/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver