Məhkəmə qərarları › İş №2-1(102)-1749/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1749/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1749/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1749/2023) (Açar sözlər: əlilliyin qiymətləndirilməsi dövründə ödənilməmiş sosial müavinətin birdəfəlik ödənilməsi) 21 sentyabr 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(105)-242/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 14 yanvar 2016-cı il tarixli qərarına əsasən İddiaçı “Hər iki daban sümüyünün sınığı.hər iki aşıq-baldır oynağının kontukturası. Hər 2 a/ə funksiya pozğunluğu. Şəkərli diabet İİ tip. Ağır gedişli. Hipertoniya İİ” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. İddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci ilədək İİ dərəcə əlilliyə görə sosial müav inət ödənilmişdir.

3. İddiaçıya təkrar müayinə nəticəsində xx.xx.2021-ci il tarixdən İİİ dərəcə müddətsiz əlillik təyin edilmiş və həmin tarixdən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 24 dekabr 2020-ci il tarixli qərarına əsasən “göndərişin natamam doldurulması” əsası ilə, 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən isə “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə iddiaçıya əlillik verilməsindən imtina olunmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Ko missiyasının xx.xx.2021-ci il qərarına əsasən 28 iyun 2021-ci il tarixdən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində iddiaçıya “Aşağı ətrafın digər sınıqların nəticələri, Hər iki daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonra hər iki aşıq baldır oynağının ankilozu, hərəkət həcmi sıfır, ataktik yeriş, hər iki ətrafın yeriş, dayaq funksiyasının pozulması, qoltuq aşacının kşməyi ilə gəzir, digər oynaqların posttravmatik artrozu, hər iki aşıq baldır oynağının posttravmatik deformasiyaedici artrozu, daimi ağrı ilə ” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.

6. İddiaçı müxtəlif tarixlərdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək ala bilmədiyi müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir.

7. Cavabdeh xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarla müraciətlərin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. İddiaçının təkrar müayinəsi əsasında İİİ dərəcə əlilliyi 28 iyun 2021-ci il tarixdə müəyyən edildiyi üçün (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda sözügedən dəyişiklik 25 iyul 2021-ci il tarixindən qüvvəyə minmişdir) ərizədə qeyd olunan dövrlər üzrə müavinətin təyin edilərək ödənil məsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 1 yanvar 2016-cı il tarixindən 5 il müddətinə ümumi səbəblərdən 2-ci dərəcə əlillik təyin edilmiş və o, 5 il ərzində həmin əlillik dərəcəsinə görə aylıq sosial müavinət almışdır. 28 iyun 2021-ci il tarixində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində ona 3-cü əlillik dərəcəsi təyin edilmişdir. Bu əsasla ona həmin tarixdən əlillik dərəcəsinə uyğun sosial müavinət ödənilir. O, əlilliyin təkrar müəyyən edilməsi üçün keçirilmiş 6 ay ərzində əlilliyə görə müavinət almamışdır. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı əlillik dərəcəsini mübahisələndirmir. Lakin hər bir halda o, qeyd olunan buraxılmış müddət (əlilliyinin yenidən müəyyən olunmasına qədər olan 6 aylıq müddət) ərzində əlil olaraq qalmışdır. Əlillik dərəcəsində dəyişiklik olunmuşdur. Bu isə iddiaçı tərəfindən mübahisələndirilmir. Hər hansı bir şəkildə vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun geriyə şamil olunmaması, vəziyyəti yaxşılaşdıran qanunun isə geriyə şamil olunması prinsipləri nəzərə alınaraq imtin a qeyri-qanunidir, əsassızdır.

10. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və iddiaçının iddia ərizəsindən də göründüyü kimi, iddiaçının əlillik müddətinin bitməsindən sonra 3-cü dərəcə əlilliyi xx.xx.2021-ci il tarixdən müəyyən edildiyinə və qanuna sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixdə edildiyinə görə (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli AR Qanununa əsasən) iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə sosial müavinətin hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.

11. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2-1(118)2805/2022 nömrəli qərarı ilə (hakim İ.Burcayev) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 01 yanvar 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni 6 ay ərzində təkrar qiymətləndirilmə nəticəsində onun İİİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. H əmin 6 aylıq müddət ərzində iddiaçıya müavinətin ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. Eyni zamanda, iddiaçı ötürülmüş 6 ay müddətində TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lakin Tibbi Sosial Ekspert Komissiyasinin qərarı ilə ona əlilliyin verilməsindən imtina edilmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(105)-242/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F. Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərarı dəyişd irilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq edilməlidir.

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia dair etiraz ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə uyğunluq təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli“356-VİQD“nömrəli“Azərbaycan Respublikasının Qanunu“ilə (“Azərbaycan” qəzeti,“24 iyul 2021-ci“il, № 151, Azərbaycan Respublikasının Qanunv ericilik Toplusu, 2021-ci il, № 7, maddə 710)“yeni“məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi“nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda“10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətl ə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. İlk öncə, iddianın mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçının hüquqi marağı ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə əlilliyə görə ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

25. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən hazırkı qərarın 7-ci bəndində qeyd olunan məzmunda müraciətin icrasından imtina edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq edilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşmır.

28. Belə ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 2020-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir: (...)77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyy əvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi mü əyyən edilmişdir.

78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. (...)92. Kollegiya qeyd edir ki, sosial təminat hüququ sahəsində nor mativ-hüquqi aktların geriyə şamil edilməsinin yol verilməzliyinə cinayət və inzibati xətalarla bağlı hüquq sahəsində olduğu kimi mütləq bir qayda olaraq deyil, daha çox bir prinsip kimi yanaşılmalıdır. Ona görə də, geriyə şamil edilmənin yarada biləcəyi problemləri həll etmək üçün əksər hallarda bir çox ümumi hüquq prinsiplərinin birgə dəyərləndirilməsi tələb olunur. Bu mənada, hüquqi təhlükəsizlik, qazanılmış hüquqlar və mütənasiblik prinsipləri onların mahiyyətinə xələl gətirəcək dərəcədə pozulmadıqda, eləcə də ictimai maraqlarla fərdin hüquqları arasındakı ağlabatan tarazılığa riayət edildikdə sosial təminat hüququ sahəsində normaların geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.

93. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənmə sini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 94. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstər ilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir....

29. Yuxarıda əks olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021- xx.xx.2021) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir.

30. Belə ki, mübahisələndirilən dövrdə qüvvədə o lan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

31. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

32. Qanunun yuxarıda göstərilən müddəalarından (bax: 19-cu bənd) göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gə tirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir.

33. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik olduğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun ə vvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir.

34. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir.

35. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiy a şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2023-cü il tarixli, 2-1(105)-242/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində əlillik dərəcəsinə uyğun sosial müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar