Məhkəmə qərarları › İş №2-1(102)-1752/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1752/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1752/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak obyektinin ünvan rekvizitinin bərpası, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ona məxsus fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2-1(103)-1202/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək, faktiki olaraq ona məxsus ünvan 3 ünvanında yerləşmiş fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsini xahiş etmişdir.

2. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Qasım bəy Hacıbababəyov küçəsi, ev 12A ünvan rekviziti ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak obyekti barədə İdarənin arxiv və elektron baza sında məlumat aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, faktiki olaraq ona məxsus ünvan 3 ünvanında yerləşmiş fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-482/1999 nömrəli qətnaməsi ilə iddiaçının ünvan 3 ünvanına pasport qeydiyyatına alınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilmişdir. İddiaçı və onun ailə üzvləri X3, X4 və X5 qətnamə əsasında qeyd edilən ünvana pasport qeydiyyatına alınmışlar. 2000-ci ilin mart ayında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş və həmin sənəd xx.xx.2000-ci il tarixdə reyestrdə 30/233 nömrə ilə qeydə alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 349 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin ikinci mərtəbəsinin tikintisinə icazə verilmişdir. Lakin bu yaxın ərəfədə məlum olmuşdur ki, iddiaçı və ailə üzvləri həmin ünvandan pasport qeydiyyatından çıxarılmışlar. Belə ki, X1 iddiaçıya və qeyrilərinə qarşı “pasport qeydiyyatından çıxarılma” tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmiş və həmin qərar əsasında iddiaçı və övladı X5 pasport qeydiyyatından çıxarılmışlar. Bakı şəhəri, M.Ə.Rəs ulzadə qəsəbəsi, Q.Hacıbababəyov küçəsində yerləşən fərdi yaşayış evi 12A nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyatdan keçmiş və həmin şəxsə məxsus fərdi yaşayış evinə iddiaçıya məxsus fərdi yaşayış evinə verilmiş 12A nömrəsi verilmişdir. Halbuki, iddiaçıya məxsus fərdi yaşayış evinə texniki pasport verilmiş, texniki pasport reyestrdə qeydiyyata alınmış və həmin sənəddə evin nömrəsi 12A göstərilmişdir. Digər şəxsə məxsus fərdi yaşayış evinə ünvan verilərkən araşdırma aparılmamış, artıq bu nömrə ilə fərdi yaşayış evinin olması halı nəzərə alınmamışdır. Ünvanın digər şəxsə məxsus evə verilməsi nəticəsində iddiaçının hüquqları kobud şəkildə pozulmuş, qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmışdır. Artıq eyni nömrə ilə fərdi yaşayış evinin mövcud olması nəzərə al ınmamışdır. Halbuki, digər evə eyni ünvanın verilməsi əsassızdır, ünvan rekviziti mövcud olduğu halda başqa bir evə bu ünvanın verilməsi qanuni deyil və buna düzəliş edilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evinə dair texniki pasport bu qurumda tərtib edilmişdir. Bununla bağlı iddiaçının müraciətləri nəticəsiz qalmış və bu məsələ öz həllini tapmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4, 3.2.2, 3.6cı bəndlərinə, İPM-in 33, 39, 68-ci maddələrinə əsasən, faktiki olaraq iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşmiş fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur.

5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının müraciəti üzrə aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Qasım bəy Hacıbababəyov küçəsi, ev 12A ünvan rekviziti ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak obyekti barədə İdarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddia tələbində qeyd olunan Bakı şəhəri, ünvan 5 ünvan rekviziti daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak obyektləri kimi İdarənin arxiv və kadastr baza məlumatlarına əsasən təkrarlanır. Belə ki, sözügedən ünvan hal-hazırda **********08-10301 reyestr nömrəsi il ə Süleymanov Səhrab, **********9110301 reyestr nömrəsi ilə X1 xüsusi mülkiyyətindədir. Sözügedən fərdi evin ünvan rekvizitinin dəyişdirilməsi ilə bağlı hüquq sahibi, onun tərəfindən vəkil edilmiş şəxs, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxs və ya şəxslər tərəfindən müraciət ediləcəyi təqdirdə ünvanda düzəliş edilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” ilə tənzimlənir. Göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1, 23-cü m addələrinə, İPM-in 35.1-ci maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının 9-cu bəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması xahiş olunur.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 26 oktyabr 2023-cü il tarixli, 2-1(112)-8964/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik (“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”) daşınmaz əmlak obyektinə yeni ünvan verilməsi və ya verilmiş ünvanın dəyişdirilməsi hallarını müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırkı işin xüsusatları üzrə iddiaçın ın iddia etdiyi daşınmaz əmlak obyektinə ünvan verilməsi müəyyənləşdirilmiş həmin halların heç biri ilə uzlaşmır. İddiaçının tələbi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak obyektinə yeni ünvan verilməsindən ibarətdir. “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın müddəalarına görə isə, yeni quraşdırılmış daşınmaz əmlak obyekti və ayrılmış torpaq sahəsi istisna olmaqla, digər daşınmaz əmlak obyektlərinə ünvan verilməsi həmin əmlakın reyestrdə qeydiyyatı aparıldıqda mümkündür. Belə olan halda, iddiaçının ona məxsus olduğunu iddia etdiyi daşınmaz əmlak (ev) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin əmlaka yeni ünvan verilməsi, yaxud verilmiş ünvanın dəyişdirilməsi və ya bərpa olunması mümkün deyil.

8. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı müvafiq sənədlərlə həmin ev üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi təqdirdə, həmin inzibati icraat çərçivəsində evin ünvanının verilməsi, yaxud bərpa olunması məsələsi də həll oluna bilər. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Odur ki, məhkəmə iddianı mümkün saymır.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 13 mart 2024-cü il tarixli, 2-1(103)-1202/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və təkrar baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təş kil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. 3.1. Ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin adlandırılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdiril ir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizli yi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələr ə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiy yəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məh kəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münas ibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi faktiki olaraq ona məxsus olduğunu iddia etdiyi ünvan 3 ünvanında yerləşmiş fərdi yaşayış evinin ünvan rekvizitinin bərpa edilməsinə nail olmaqdan ibarətdir.

24. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

25. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddia nın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

26. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik o lması şərti də yerinə yetirilmiş olmalıdır. 27. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 28. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Res publikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olu b-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”

29. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının ünvan rekvizitlərinin bərpa edilməsini istədiyi fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni iddia edilən fərdi yaşayış evinin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətində, icarəsində və ya istifadəsində olduğunu təsdiq edən sənədin mövcudluğu iş üzrə materiallardan müəyyən edilmir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, həmin ünvanda fərdi yaşayış evinə hüququ qeydə alınmış X1 hazırkı iş üzrə iddiaçıya və qeyrilərinə qarşı “pasport qeydiyyatından çıxarılma” tələbi Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmiş, həmin qərar əsasında iddiaçı və ailə üzvləri həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. İddiaçı qeyd olunan məhkəmə qərarını mübahisələndirməmiş və qərar hüquqi qüvvəyə minmişdir. Əslində iddiaçı tərəfindən həmin qərar mübahisələndirilməli idi. Belə ki, onun iddia etdiyi ünvana (ünvanda yerləşən evə) hər hansı hüququnun mövcudluğu məhz həmin məhkəmə icraatı çərçivəsində müəyyən edilmiş və buna qiymət verilmişdir.

31. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiall arla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şə rtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2024-cü il tarixli, 21(103)-1202/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar