Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1761/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Hüseynov Kamandar Əbülfəz oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “sərəncamda düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 mart tarixli 2-1(103)-705/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qəra rı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 5 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzil hüququnun tanınması ilə bağlı “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən yaşayış yeri üzrə yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan ehtiyata buraxılmış hərbi qulluqçu, Qarabağ müharibəsi veteranı kimi Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 22 yanvar tarixli, 34 nömrəli Sərəncamında mənzil növbəsinə götürülməyinin qeydiyyata alınma ilinin silahlı qüvvələrdən ehtiyata buraxıldığı 2000-ci il 5 avqust tarixdən hesab edilərək, vətəndaşların birinci növbəlilik siyahısına daxil edilməklə bağlı sərəncamda qeydiyyata alınma ilində düzəliş edilməsini xahiş etmişdir. Birin ci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 dekabr tarixli 2-1(82)3972/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzil növbəsi ilə bağlı əvvəllər də məhkəmə mübahisəsi olmuş və iddia məhkəmənin qərardadı ilə mümkün sayılmamışdır. Bundan başqa, hazırkı iddia mübahisələndirmə haqqında iddiaya aiddir və cavabdehin 2018-ci il 22 yanvar tarixli, 34 nömrəli Sərəncamının mübahisələndirilməsi üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə birinci instansiya məhkəməsində baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 mart tarixli 2-1(103)-705/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı iddiaçıya 2019-cu il 27 mart tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2019-cu il 2 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş, onun tələbinin mümkün sayılması üçün qanuni əsaslar vardır. Belə ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 22 yanvar tarixli, 34 nömrəli Sərəncamı inzi bati akt olmaqla iddiaçının gözlənilən mənzil hüququnu pozur. Baxmayaraq ki, inzibati akt 2018-ci il 22 yanvar tarixdə qəbul edilmiş, lakin iddiaçı həmin inzibati aktı almamış, ondan çox sonradan məlumatlı olmuşdur. İnzibati akt olaraq həmin Sərəncamın özündə də ondan şikayət edilmə qayda və müddəti ilə bağlı hüquqi müdafiə vasitəsi göstərilməmişdir. Bu vəziyyətdə qanunvericiliyin tələbinə əsasən inzibati aktdan şikayət etmə müddəti həmin inzibati aktın qəbul edilməsindən məlumat alındığı gündən 6 aydır. İnzibati orqan olan icra hakimiyyəti sərəncamı qəbul edərkən iddiaçının iştirakını istisna edəcək halların mövcud olmamasına baxmayaraq maraqlı şəxs kimi iddiaçının iştirakını təmin etməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublik ası Qanununun 21.1, 21.2, 71.2, 73.2-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 38.1-ci maddəsinin tələbinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 32-ci maddəsinin müddəalarına əsasən: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdən göründüyü kimi, iddiaçının mübahisələndirdiyi (dəyişdirilməsini iddia etdiyi) inzibati akt 2018-ci il 22 yanvar tarixdə qəbul edilmiş, iddiaçı həmin inzibati akta qarşı məhkəmədə iddia qaldırmış, onun mənzil növbəsinin 1987-ci ildən hesablanmalı olduğu halda, sərəncamda bunun öz əksini tapmadığını mübahisələndirmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2018-ci il 16 may tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 12 iyul tarixli, 21(103)-1719/18 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 may tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırkı (2018-ci il 5 sentyabr tarixli) iddia ərizəsində əvvəlkindən fərqli məzmunda tələb irəli sürsə də, bu, mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərini dəyişmir və ya onları aradan qaldırmır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, “İnzibati akt olaraq həmin Sərəncamın özündə də ondan şikayət edilmə qayda və müddəti ilə bağlı hüquqi müdafiə vasitəsi göstərilməmişdir. Bu vəziyyətdə qanunvericiliyin tələbinə əsasən inzibati aktdan şikayət etmə müddəti həmin inzibati aktın qəbul edilməsindən məlumat alındığı gündən 6 aydır.”. Məhkəmə kollegiyası nəzərə alır ki, mümkün hüquqi müdafiə vasitələri barədə məlumat əksini tapmamış inzibati aktdan hansı müddətdə şikayət verilməsi İPM-də nəzərdə tutulmamışdır. Bununla yanaşı, “İnzibati icraat haqqında” Qanunun (İİQ) 73.2-ci maddəsinə əsasən, mümkün hüquqi müdafiə vasitələri barədə məlumat əksini tapmamış belə bir inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, bu müddəa məhkəməyə verilən iddialara da analo ji qaydada tətbiq oluna bilər. Bu, ondan irəli gəlir ki, hər hansı bir inzibati aktın ünvanlandığı şəxs, prinsip etibarilə inzibati şikayət (İİQ-nin 71.1-ci maddəsi) vermək və iddia (İİQ-nin 72.1 və 72.2-ci maddələri, İPM-in 32.2.1-ci maddəsi) qaldırmaq imkanları arasında seçim hüququna malikdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, həmin müddəanın analoji qaydada tətbiqi o halda mümkün olar ki, maraqlı şəxs inzibati aktdan İPM-də nəzərdə tutulmuş 30 günlük müddətdən məhz inzibati aktda mümkün hüquqi müdafiə vasitələri barədə məlumatın olmaması səbəbi ilə istifadə edə bilməsin. Hazırkı halda, iddiaçı həmin imkandan istifadə edərək, mümkün hüquqi müdafiə vasitələri barədə məlumat əksini tapmamış sərəncamdan şikayət vermənin mümkünlüyünə dair hüquqi mövqeyini və iradəsini ifadə etməklə həm in sərəncamı məhkəmə qaydasında bundan əvvəl mübahisələndirmiş və yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Beləliklə, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin axımı, ən azından iddiaçının sərəncamdan şikayət vermənin mümkünlüyünə dair hüquqi mövqeyini və iradəsini ifadə etdiyi vaxtdan (həmin sərəncama qarşı ilk dəfə iddia irəli sürdüyü gündən) başlamış və hazırkı iddianın verilməsindən əvvəl başa çatmışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 mart tarixli 2-1(103)-705/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1761/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1761/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver