Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-177/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi qeyd edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdə təyin edilmiş ikinci qrup əlilliyin səbəb əlaqəsinin ümumi xəstəlik dən - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 21(107)-362/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 nömrəli qərarında qeyd olunmuşdur ki, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli 15/3053 nömrəli məktubuna əsasən iddiaçı barəsində heç bir təqsirləndirici material və cinayət işi yoxdur, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri diaqnoz - “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, döş qəfəsinin sağ tərəfində orta məmə xətti proyeksiyasında bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Yevlax rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 23 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 435 nömrəli arayışı, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli 15/3053 nömrəli məktubu, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 365 nömrəli məhkəm ə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. İddiaçının əlillik vəziyyətinə xx.xx.2018-ci il tarixdə baxılmış, “Kəllədaxili qansızmanın nəticələri, hemorragik insultun davamlı qalıq əlamətləri, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya, dissirkulyator ensefalopatiya, hipertenzion tip, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-10 dəfə), vazo-vegetativ krizlər, koordinator-statik pozğunluqlarla, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə beş il müddətinə (səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. Daha sonra iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə baxılmış, ümumi xəstəli səbəbindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvü mənşəli ifadəli şəxsiyyət pozuntusu, psixopatobənzər davranış” diaqnozu ilə iki il müddətinə (səbəbi: ümumi xəstəlik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə təyin edilmiş ikinci qrup əlilliyin səbəb əlaqəsinin ümumi xəstəlikdən - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini əsaslandırarkən bu qərarın 1-3-cü bəndlərində qeyd edilən işin hallarına istinad etmişdir.
6. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmət dövründə keçirilən xəstəlik ilə əlaqədar yaranmadığından, iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
7. İşin məhkəmə araşdırması zamanı Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 833 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli A00087802LRL nömrəli For ma-088 göndərişində qeyd edilmiş “F07.0-Psixi və davranış pozuntuları=> Simptomatik daxil olmaqla, üzvi psixi pozğunluqlar=> Üzvi mənşəli şəxsiyyət pozuntusu=> Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” xəstəliklərdən o, hazırda da əziyyət çəkir. Qeyd edilən diaqnoz ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına d air” Əsasnamənin 7.6.2.2. bəndinə müvafiq olaraq, orqanizmin funksiyalarının 70% pozulmasına görə ikinci dərəcəli əlilliyin təyini düzgün olmuşdur. Keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini məhkəmə tibb ekspertləri və sosial-tibbi ekspertlərin deyil, Hərbi Həkim Komissiyasının ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik dərəcəsi müəyyən edilmiş diaqnozun Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 nömrəli qərarında qeyd edilmiş diaqnoz “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd köhnə çapıq toxumalar” diaqnozunun fəsadı (ağırlaşması) olmasını inkar etmək olmaz. Belə ki, hər iki diaqnozda olan xəstəlik və xəsarət beyin və baş i lə əlaqədar olduğundan onların vəhdəti inkar edilmir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) 02 aprel 2024-cü il tarixli 21(116)-332/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2023-cü il tarixdə təyin edilmiş ikinci qrup əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlikdən” - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyi qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixli A00087802LRL nömrəli Forma-088 göndərişində qeyd edilmiş “F07.0- Psixi və davranış pozuntuları=> Simptomatik daxil olmaqla, üzvi psixi pozğunluqlar diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 nömrəli qərarında qeyd edilmiş diaqno z arasında səbəbli əlaqənin mövcudluğu (hər iki diaqnozda olan xəstəliyin və xəsarətin beyin və baş ilə əlaqədar olması) müəyyən edildiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
10. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və T.H.Həsənov) 01 avqust 2024-cü il tarixli, 21(107)-362/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi m övqeyi ilə razılaşmışdır.
13. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi qərarda qeyd olunmuş nahiyələrdə səthi çapıq toxumaları izlənilmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, hərəki məhdudluq aşkar edilməmişdir. Belə ki, ətraflarda əzələ gücü, tonusu normal, hərəkətlər sərbəst izlənilmiş, nevroloji ocaqlı patologiya aşkarlanmamışdır. Yanaşı olaraq psixi və davranış pozuntularından, yaddaşsızlıq, tək yaşamasından (ailəsinin dağıldığını qeyd etmiş), insanlar la ünsiyyət qura bilməməsindən, güclü baş ağrılarından şikayətlənmişdir. Zahirən emosional labil, baxımsız, ünsiyyətdə monoton olmuş, yuxarı ətraflarında yüngül generalize olunmuş tremor, təşviş pozuntusu əlamətləri izlənilmişdir. Ekspertiza üçün əhəmiyyətli baş beyin müayinə sənədləri təqdim etməmişdir. Təqdim olunmuş hərbi qərarda baş travması barədə məlumatın olmaması, psixi statusuna dair stasionar müalicələrin 2017-ci ildən sonrakı dövrə müvafiq olması, anamnestik məlumata əsasən əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır. İddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) kass asiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir....
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd
3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın x əsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. S ilahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnz ibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə pro ses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsəl ələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə ba ğlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İşin hallarından göründüyü kimi, Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının Qərarına əsasən iddiaçıya “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir.
27. Qeyd edilməlidir ki, hazırkı mübahisənin predmeti iddiaçıya əlillik təyin edilməsi deyil, ona əlillik təyin edilməsi zamanı əlilliyin səbəbinin “ümumi xəstəlik” əvəzinə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi qeyd olunmasından ibarətdir.
28. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaq ədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
29. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi Mü dafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur.
30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 2-1(107)-362/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.