Məhkəmə qərarları › İş №2-1(102)-178/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-178/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-178/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2863/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1984-cü il təvəllüdlü iddiaçı Pakistan İslam Respublikasının vətəndaşıdır.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə özünə və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən iddiaçının vəsatətinə baxılmış və xx.xx.2023-cü il tarixli, İQ-62/4 nömrəli qərarla “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Q açqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusu müəyyən edilmədiyindən iddiaçıya və onun ailə üzlərinə (əri – xx.xx.1982-ci il təvəllüdlü Zeeshan Jawed, qızı – xx.xx.2009-cu il təvəllüdlü Jaisha, oğlu – xx.xx.2016-cı il təvəllüdlü Shahiq Zeeshan) qaçqın statusu verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, İQ-62/4 nömrəli qərarının qanunsuz hesab olunması və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının xx.xx.2 023-cü il tarixli vəsatətini təmin edərək ona və ailə üzvlərinə (əri – xx.xx.1982-ci il təvəllüdlü Zeeshan Jawed, qızı – xx.xx.2009-cu il təvəllüdlü Jaisha, oğlu – xx.xx.2016-cı il təvəllüdlü Shahiq Zeeshan) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Pakistan İslam Respublikasının Bəlucistan vilayətinin Kvetta şəhərində doğulmuşdur, milliyyəti özünə məlum deyildir, özünü urdu dilli əhalidən sayır, dini etiqadına görə xristiandır. 1998ci ildə Kvettada “Sacred Heart-Christian school” adlı məktəbdə 10 il orta təhsil, 2001-2002ci illərdə “NCR-CET” adlı kollecdə İT üzrə təhsil, 2002-ci ildə Bəlucistan Universitetində humanitar elmlər üzrə bakalavr təhsili almış, 2004-c ü ildə “X2” aviaşirkətinin təlim mərkəzində təyyarə bələdçisi kursunu keçmişdir. 2001-2009-cu illərdə Pakistanın Kvetta şəhərində müxtəlif kurslarda, məktəblərdə riyaziyyat, ingilis dili və sosial elmlərdən dərs keçmiş, evləndikdən sonra heç bir yerdə işləməmişdir. İddiaçı ailə vəziyyəti barədə məlumat verərkən 2008-ci ildən Jawed Zeeshan ilə evli olduğunu, bu evlilikdən 2 övladının olduğunu, atasının vəfat etdiyini, Pakistanda yaşayan anası, bacısı və 2 qardaşı ilə əlaqəsinin olmadığını, əri və 2 uşağının onunla birlikdə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. İddiaçının ünvanı xx.xx.2023-cü il tarixli, MŞ 87-2023 nömrəli müvəqqəti şəhadətnamə - arayışdan məlum olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubasov küçəsi, ev 84, mənzil 17-dir. İddiaçı müsahibə zamanı əri Zeeshan Jawed ilə 2008-ci ildə evləndikdən sonra ərinin dinini dəyişərək xristianlığı qəbul etməsi səbəbindən ərinin qohumları tərəfindən təqib və təhdidlərə məruz qaldığını, dəfələrlə təqiblərdən qaçmaq üçün Pakistanda müxtəlif şəhərlərdə yaşamalı olduğunu və sonradan ərinin tələbə olduğu illərdə İrlandiyada tanış olduğu və onun dinini dəyişməsində rolu olmuş keşiş X3 məsləhəti ilə Azərbaycana qaçqın statusu üçün müraciət etmək məqsədilə gəldiyini bildirmişdir. Həmçinin iddiaçı tərəfindən fiziki təhdidlərə məruz qaldıqlarını təsvir edən fotoşəkillər, müalicə olunduğu xəstəxananın sənədləri, Pakistanlı keşişin onlara sığınacaq verilməsində köməklik göstərilməsinə dair məktubu və “Cümə” məscidi tərəfindən verilən fətva məktubu təqdim edilmişdir. Qərarda məktubun oxunulm adığı bildirilsə də, bu özlüyündə iddiaçının ziyanına şərh edilə bilməz. Həmçinin qərara əlavə edilmiş fotoşəkillərdən ümumən iddiaçının ərinə münasibətdə təqib bəlli olduğu kimi, ailəyə münasibətdə də təqibin olduğu aşkar görünür. Həmçinin iddiaçının da xristian olması onun ərinə qarşı təqiblərin ona qarşı edilməməsini də istisna etmir. Məlum olduğu kimi, Pakistanda əhali dini etiqadına görə İslam dininə sitayiş edir. Habelə MÖM haqqında məlumatlardan məlum olduğu kimi, Pakistanın mühafizəkar cəmiyyəti öz dinini dəyişmiş pakistanlılara qarşı təqib və təhdidlər həyata keçirirlər. İddiaçının, ailənin əsaslı qorxu keçirməsi, təhdidlərə məruz qalması riski bəlli olur. Məlum olduğu kimi, iddiaçı təqiblərdən yan keçmək, “canını qurtarmaq üçün” müstəqil Azərbaycan Respublikasına üz tutmuşdur. Ər inə qarşı istər Pakistandan kənarda, istərsə də, həmin ölkədə olarkən təhdidin olması və iddiaçının əsaslı qorxu keçirməsi təsdiq edildiyi kimi, ailənin də risk altında olması məlum olur. Onların ər-arvad olması, xristian dininə sitayiş etmələri ailənin hər bir üzvünün risk altında olmasını istisna etmir. Habelə iddiaçı onlara edilmiş fiziki təhdidləri təsdiq edən fotoşəkilləri və digər sənədləri cavabdehə təqdim etməklə həqiqəti bildirdiyini təsdiq etmişdir. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çı xdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiyanın 12.11, 148.11, 151-ci maddələri). Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Konvensiya və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qaçqınların statusu haqqında” Protokoldur.

6. Cavabdehin iddiaya qarşı etirazı onu nla əsaslandırılmışdır ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli, İQ-62/4 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı təhdid və təqib olunmasına dair hər hansı sübut təqdim etməmiş (təqdim olunan “fətva” oxunaqlı deyil); təqib olunma ilə bağlı iddialarına baxmayaraq ölkə ərazisində 15 il yaşamış; “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndind ə nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 07 may 2024-cü il tarixli, 2-1(112)-3400/2024 nömrəli qərarı ilə iddia təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz mövqeyini (vətəndaşı olduğu ölkədə dini etiqadına görə təhdid olunduğunu) sübut etmək üçün Pakistan Respublikasında ümumi vəziyyət olaraq xristian dininə etiqad edənlərin təqiblərə, hücumlara və terror hadisələrinə məruz qalması faktına əsaslanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “...Nəticədə, müdafiə dini mənsubiyyətinə görə (hər hansı digər səbəbə görə) təqiblərə, real ölüm riskinə və ya ciddi mənfi rəftara məruz qalacaqları və ola bilsin ki, onlara qarşı ədalətli mühakimədən açıq-aşkar imtina ediləcəyi barədə əsaslandırılmış iddiası olan şəxslərə təklif edilir... Pakistan Respublikasındakı xristian icmasının heç bir rəsmi nəzarət altında olmaması, parlamentdə öz nümayəndələri ilə təmsil olunmaları, Pakistanın hüquq-mühafizə və məhkəmə orqanlarının müvafiq olaraq kilsələri və məktəbləri qorumaq, xristian əhaliyə qarşı hücumlar həyata keçirənləri mühakimə etmək, həbs etmək və cəzalandırmaq üçün müvafiq tədbirlər görməsi faktına əhəmiyyət verilməlidir...” (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, “Z və T Birləşmiş Krallığa qarşı” iş (ərizə №: 27034/05)). Həmin iş üzrə Avropa Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, Pakistanın ərazisində xristian icmasının təqibi halı mövcud deyildir, ərizəçi fərdi olaraq risk altında olduğunu göstərməlidir.

9. İddiaçı vətəndaşı olduğu ölkədə özünün və ailəsinin müsəlmanlar tərəfindən təhdidlərə məruz qaldığını bildirsə də, bu faktı sübut edən halları əsaslandırmamış və müsahibəsi zamanı ona qarşı baş vermiş hər hansı konkret təhdid halını qeyd etməmişdir (mənəvi və ya fiziki işgəncəyə məruz qalmadığını da bildirmişdir). İddiaçının izahatından aydındır ki, iddiaçı vətəndaşı olduğu ölkədə yaşayarkən ona qarşı edilən təhdidlərlə bağlı polisə şik ayət etməmiş, hüquqlarının müdafiəsi üçün hüquqi yardımdan yararlanmamışdır. Belə ki, iddiaçının əri dinini dəyişdiyinə görə ərinin ailəsi tərəfindən edilən təzyiq onların Pakistan İslam Respublikası daxilində yerdəyişməsinə səbəb olmuşdur. İddiaçının iddia ərizəsinə və izahatına əsasən əri Jawed Zeeshan 2007-ci ildə dinini dəyişərək xristian dininə (pentakostluq) inanmağa başladığından vətəndaşı olduğu ölkəyə (Pakistan İslam Respublikası) 2008-ci ildə qayıtdıqdan sonra yalnız öz ailəsi tərəfindən təqibə məruz qalmışdır.

10. Odur ki, iddiaçı tərəfindən təqdim edilən izahat və ona münasibətdə olan rəftarın faktiki xarakteri arasındakı uyğunsuzluq onun izahatının inandırıcılıq keyfiyyətinə əhəmiyyətli təsir edir, nəticə etibarilə onun ölkəsinə qayıdacağı təqdirdə təqibə məruz qalacağına dair iddialarının əsaslı olmaması qənaətinə gəlməyə əsas verir. İddiaçı şəxsən öz dini etiqadına görə təqibə məruz qalmamış, evlilikdən sonra isə ərinin dinini dəyişməsi səbəbindən ərinin qohumları tərəfindən məhz ərinə qarşı müəyyən təqiblər olmuş, bu təqiblərə baxmayaraq 15 il ərzində (2008-2023) Pakistan İslam Respublikasında yaşadığını, işlədiyini və Azərbaycan Respublikası ərazisinə qanuni qaydada daxil olduğunu öz izahatları ilə təsdiq etmişdir.

11. İddiaçının Pakistan İslam Respublikasında barəsində fətva verildiyinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı onun və ailə üzvlərinin dövlət tərəfindən təqibə məruz qalmaları ilə bağlı hər hansı dəlilə istinad etməmişdir. İddiaçı ərinin dinini dəyişdiyi üçün məhz ərinin ailə üzvləri tərəfindən təqib olunduqlarını iddia edir. Odur ki, qeyd e dilən yanaşma heç bir halda şəxsə qaçqın statusunun verilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamışdır, irqi əlamətinə, milliyyətinə, siyasi əqidəsinə və dini etiqadına görə təqib olunmasına dair dəlilləri inandırıcılıq keyfiyyətinə malik deyildir. Odur ki, inzibati orqanın qaçqın statusu verilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı sayıla bilməz

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Cahangir Yusifov) 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2863/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz.

15. Azərbaycan Respublikasında qaçqın statusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyy ən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından, qaçqın statusu verilməsindən imtina edərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apell yasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyası Maddə

1. Qaçqın anlayışının tərifi A. Bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938-ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə qaçqın statusu verilməsinə mane olmur. 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsind ə və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Əgər şəxs bir neçə ölkənin vətəndaşıdırsa, “vətəndaşı olduğu ölkə” ifadəsi onun vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur və belə şəxs tam əsaslı ehtiyatlardan irəli gələn heç bir həqiqi səbəb olmadan vətəndaşı olduğu ölkələrdən birinin himayəsinə müraciət etmirsə, vətəndaşı olduğu ölkənin himayəsindən məhrum sayılmır. B. 1) Bu Konvens iya 1-ci maddənin A bölməsində işlədilən “1951-ci il yanvarın 1dək baş vermiş hadisələr” sözləri ya a) “1951-ci il yanvarın 1-dək Avropada baş vermiş hadisələr”, və ya b) “1951-ci il yanvarın 1-dək Avropada və ya digər yerlərdə baş vermiş hadisələr deməkdir”: Razılığa gələn hər dövlət bu konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərbarədə göstərilən mənalardan hansısa tərəfdar olduğunu imzalama, ratifikasiya və ya qoşulma məqamında dəqiq göstərəcəkdir. 2) “a” alternativini qəbul etmiş razılığa gələn dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etməklə istənilən vaxt “b” alternativini qəbul edərək öz üzərinə götürdüyü öhdəliklərin əhatə dairələrini genişləndirə bilər. C. Bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın müddəaları aşağıdakı hallarda daha şa mil edilmir: 1) o, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə: və ya 2) öz vətəndaşlığından məhrum olub yenidən könüllü əldə etdikdə: və ya 3) yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə: və ya 4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda: və ya 5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinə uyğun gələn qaçqınlar vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur: 6) Vətəndaşlığı olmayan şəxs olaraq, qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə, əvvəllər daimi məskunlaşdığı ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinin tərifinə uyğun gələn qaçqınlar əvvəllər daimi məskunlaşdığı ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur. D. Bu Konvensiyanın müddəaları hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur. Əgər bu şəxslərin vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq qəti nizamlanana qə dər onlara göstərilən himayə və ya yardım hər hansı səbəbdən kəsilmişdirsə, bu şəxslər avtomatik olaraq bu Konvensiyadan irəli gələn hüquqları əldə edirlər. E. Bu Konvensiyanın müddəaları yaşadıqları ölkənin səlahiyyətli hakimiyyət orqanlarının bu ölkənin vətəndaşlığı ilə bağlı hüquq və vəzifələrin şamil olunduğunu təsdiq etdiyi şəxsləri əhatə etmir. E. Bu Konvensiyanın müddəaları barədə aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir: a) sülh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər; b) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri-siyasi xarakterli ağır cinayət törətmişlər; c) Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər. 20. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə

12. Qaçqın və ya məcbu ri köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir 21. “Sığınacaq işlərində sübutetmə vəzifəsi və standartı haqqında Qeydlər – 1998” BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Bənd

11. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfind ən rabitəli və məqbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. 22. “Sığınacaq icraatında mötəbərlik qiymətləndirməsi - multidisiplinar hazırlıq təlimatı – 2013” Macarıstan Helsinki Komitəsi “İnandırıcılıq keyfiyyəti” standartı tətbiq edilərkən obyektiv yanaşmadan istifadə edilir. Çünki bu standart hüquqtətbiqedən orqanın üzərinə ərizəçiyə inanmaq üçün ağlabatan əsasların olub-olmadığını qiymətləndirmək vəzifəsini qoyur. Mötəbərlik amilləri əsasən 2 qrupa bölünür: daxili və xarici mötəbərlik. Xarici mötəbərlik ərizəçinin izahatları ilə işdə olan digər sübutların və ya digər məlumat mənbələrinin, xüsusən də mənbə ölkələrinin məlumatlarının müqayisəsinə əsaslanır. İşin hallarına uyğun olaraq, bu iş üzrə xarici m ötəbərliyin olub-olmaması MÖM-ün nəzərdən keçirilməsi ilə müəyyən edilə bilər. Daxili mötəbərlik ərizəçinin izahatlarının yalnız həmin izahatlara yaxud digər təqdim edilmiş sübutlara əsaslanaraq qiymətləndirilməsidir. Bu halda əsaslanmalı 2 əsas amil ərizəçinin izahatlarının müfəssəllik səviyyəsi və ərizəçinin ümumilikdə ardıcıllıq dərəcəsidir. Buna uyğun olaraq mötəbərliyin qiymətləndirilməsinin 4 indikatoru fərqləndirilir: 1) kafi dərəcədə müfəssəllik və spesifiklik; 2) daxili uyğunluq; 3) əgər varsa digər şahidlər tərəfindən verilən informasiya ilə uyğunluq; 4) çatımlı xarici informasiya ilə uyğunluq (31-33-cü səhifələr).

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inz ibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müv afiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsini n qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin d əlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya və ailə üzvlərinə qaçqın statusunun verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin ə münasibətdə əlavə olaraq qeyd edir ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmasına dair tam əsaslı və real təqib qorxusunun mövcudluğunu müəyyən etmək və bunun üzərindən real riskləri qiymətləndirmək azadlığı qəbul edilməli və nəzərə alınmalıdır.

31. Hazırkı mübahisəyə münasibətdə iddiaçının öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış və siyasi fəali yyətlə məşğul olmamışdır. Onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

32. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən y aşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir.

33. Analoji faktlara əsaslana oxşar işlər üzrə kassasiya instansiyası məhkəməsinin qərarları ilə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edilərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-596/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-2412/2024 nömrəli, xx.xx.2024-cü il tar ixli 2-1(102)-2567/2024 nömrəli qərarları).

34. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2863/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar