Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1785/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina; qanuni əsaslarla tərxisin sübuta yetirilməməsi: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 17 fevral tarixli, 2-1(105)-281/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il 26 noyabr tarixli, 2-1(118)-2786/2024 nömrəli qərarı ilə (hakim K.Ə.Həbibova) iddia təmin edilməmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 17 fevral tarixli, 2-1(105)-281/2025 nömrəli qərarı ilə (hakimlər V.M.Hacıyev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və T.B.Axundov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2024-cü il 26 noyabr tarixli, 2- 1(118)-2786/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının stasionar müalicəsi bitdiyi 17 avqust 1993-cü il tarixdən sonra hərbi xidmətini, qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən sənəd arxiv materiallarında aşkar olunmamışdır və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda, iddiaçının hərbi əməliyyatlarda iştirak edilməsi ilə əlaqədar yaralanması, xəsarət alması barədə heç bir sənəd mövcud olmadığından sübut edilməmişdir.
4. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş A li Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. 2.Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrü bəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prose ssual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işl ər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1499/2018 nömrəli xx.xx.2018-ci il tarixli, 2-1(102)-3557/2019 nömrəli xx.xx.2019-cu il tarixli, 21(102)-199/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarları, 2-1(102)-1640/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-2173/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)3730/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, aşkar və birmənalı şəkildə qanuni əsaslarla ordudan tərxis halı müəyyən olunmadıqda, həmin şəxsə cavabdehin müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi mövcud olmur.
9. Sözügedən qərarlarda kassasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə görə, müharibə ve teranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. İddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusu qazanmasını istisna edir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə, şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması da tam sübuta yetirilməlidir. Belə ki, şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmətdə olma faktı onun həm qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə qəbul edilməsini, hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Şəxsin tərxis olunması barədə nizami hissə üzrə əmrin olmaması isə onun hərbi hissənin tərkibindən qanunla müəyyən edilmiş qaydada buraxılmaması nəticəsinə gəlməyə əsas verir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi faktının tam təsdiq olunmadığına dəlalət edir.
10. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsas olaraq Müdafiə Nazirliyinin Mərkəzi Arxivin 1 noyabr 2023-cü il tarixli arxiv arayışına əsasən iddiaçının 26 iyul 1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın aşkar edilməməsi göstərilmişdir. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən isə iddiaçının 26 iyul 1993-cü il tarixdən N saylı hərbi hissədən müalicə alınması üçün hospitala göndərildikdən və oradakı müalicəsi bitdikdən sonra hərbi xidmətə qayıtması, eləcə də hərbi xidmət keçməsi, nizami hissə üzrə əmrlərlə öz təsdiqini tapmamış, həmçinin iddiaçının qanuni əsaslarla tərxis olunmasına dair hər hansı sübut təqdim olunmamışdır.
11. Məhkəmə kollegiyası hesab edir ki, oxşar işlərə dair qərarlarda aparılmış təhlil və gəlinən nəticələr hazırkı şikayətə də şamil edilir və həmin qərarlardakı mövqedən kənara çıxmağa əsas yoxdur. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çev rilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin, sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
12. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad o lunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPMin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 17 fevral tarixli, 2-1(105)-281/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.