Məhkəmə qərarları › İş №2-1(102)-1796/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1796/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1796/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: üçüncü şəxs kimi işə cəlbetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, ərizəçilər Arif Kəlbala oğlu, X3 və onların vəkili X1 iştirakı ilə, iddiaçı (bundan sonra iddiaçı) cavabdeh AR ƏMDK DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı“mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1029/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan evin 2 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini n 2-1(81)-595/2019 saylı, x xxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, ünvan evin 2 saylı mənzilinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-595/2019 saylı, x xxxx 2019-cu il tarixli qərarının icrası cavabdeh tərəfindən təmin edilmiş, iddiaçının adına xx.xx.2019-cu il tarixli elektron çıxarış verilmişdir.

4. Arif Kərbala oğlu və X3 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-595/2019 saylı, x xxxx 2019-cu il tarixli qərarı onların qanunla qorunan maraqlarına toxunduğuna görə inzibati işlər üzrə üçüncü şəxs qismin də inzibati məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişlər.

5. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə Arif Kərbala oğlu və X3 da yaşayırlar, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 46 saylı MKİS-in arayışında onların adı qeyd olunmamışdır. Belə ki, mübahisəli mənzil Arif Kərbala oğlunun nənəsi Əsmərxanıma məxsus olmuşdur. Onlardan başqa mübahisəli mənzildə İddiaçı və oğlu, nəvələri və digər qohumları da yaşayır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-55/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən D.Məlikovanın mübahisəli mənzilə yaşayış hüququ tanınmışdır. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. D.Məlikova da 2014-cü ildən mübahisəli mənzildə qeydiyyatdadır. Göstərilənlərə baxmayaraq, iddiaçı qanunsuz və əsassız olaraq mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək məqsədi ilə 46 saylı MKİS-dən həmin mənzildə yaşayanlar haqqında arayışı alan zaman onları Forma 2 arayışına daxil olunmamalarına nail olmuşdur. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı onların qanunla qorunan maraqlarına toxunur, onların mülkiyyət hüquqlarını pozmuşdur. Həmin qərarın qəbul olunmasından və məhkəmə proseslərindən onların məlumatları olmamışdır. Yalnız xx.xx.2020-ci il tarixdə Səbail rayon 46 saylı MKİS-dən arayış alan zaman məlumatları olmuşdur. Göstərilənlərə əsasən vəsatətin təmin edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(81)-595/2019 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(81)-595/2019 saylı inzibati iş üzrə Arif Kəlbala oğlu və X3 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, ünvan evin 2 saylı mənzilinin iddiaçının adına olan hissəsi ərizəçilərin istifadəsində olan sahəni əhatə etmir, həmin sahələr bir-biri ilə üstüstə düşmürlər.

8. Qərardaddan narazı qalan ərizəçilər Arif Kəlbala oğlu və D.C.Məlikova şikayət verərək, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və onların inzibati iş üzrə üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri haqqında qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X5 və X6, 2-1(103)-1029/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizəçilərin şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvanda qeydiyyatda olanlar haqqında məlumatlarda ciddi uyğunsuzluqlar olduğu, eləcə də həmin ünvanda iddiaçı və onun ailə üzvlərindən başqa ərizəçilər Arif Kəlbala oğlu və X2 da qeydiyyatda olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv və hərtərəfli araşdırılması baxımından əhəmiyyət kəsb edə bilən bu hallar üzrə heç bir araşdırma aparılmamış və bu hallara müvafiq hüquqi qiymət verilməmişdir. İşə cəlb edilməyən, lakin məhkəmə qərarı qanuni maraqlarına toxunan şəxslərin işə cəlb edilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələbləri qaydasında həll edilməlidir.

11. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından kasasiya şikayəti verərək şikayətdə qərardadın ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının qüvvədə saxlanılması xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. İddiaçı və ərizəçilərin öz müstəqil təsərrüfatları var və onların evlərini birbirindən ayıran divar mövcuddur. İddiaçının ərizəçilərin yaşadığı sahəyə heç bir tələbi yoxdur. İddiaçı Mənzil İstismar Təsərrüfat Birliyi ilə ayrıca mənzil kirayə müqaviləsi bağlamış, onun əsasında məhkəmədə iddia qaldıraraq öz sahəsinə aid hissəyə çıxarış almışdır. Mübahisələndirilən məhkəmə aktı ərizəçilərin maraqlarına toxunmur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Ərizəçilər kasasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı yaşadığı mənzilə çıxarış alarkən mənzilə dair yeni ünvan almalı olduğu halda bunu etməmiş və onların qeydiyyatda olduğu ünvanı qanunsuz olaraq özününküləşdirmişdir. Qeyd edilənlərə əsasən kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Ərizəçilər və onların vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçünc ü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güm an etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məh kəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəy işdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

18. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə düzgün riayət edilmişdir.

20. İddiaçı hesab edir ki, mənzilə dair çıxarışın verilməsi nəzərdə tutulan sahənin ərizəçilərin yaşadığı sahəyə hər hansı formada aidiyyəti yoxdur. Ərizəçilərin yaşadığı 17 kv.m sahə onların yaşadığı sahədən ayrıdır.

21. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

22. İddiaçı ünvan evin 2 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir.

23. İddianın əsası kimi mənzil kirayə müqaviləsinə, mənzil kirayə müqaviləsini imzalamış icarəçinin vəfat etməsinə və mənzildə qeydiyyatda olan şəxslərin mənzilin iddiaçının adına qeydə alınmasına razılıq vermələri barədə ərizələrinə istinad edilmişdir.

24. Ərizəçilər də ünvan evin 2 saylı mənzildə qeydiyyatda olmuşlar və hazırda da qeydiyyatdadırlar. Onlar bildirirlər ki, mənzilə iddiaçı ilə mənzil-kirayə müqaviləsi bağlanmasına razılıq vermələri barədə ərizə verməmiş, aidiyyəti orqan tərəfindən mənzildə qeydiyyatda olanlar barədə yanlış arayış verilmişdir.

25. Konstitusiya Məhkəməsi xx xxxxx 2017 -ci il tarixli qərarında vurğulamışdır ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.

26. Hazırkı işdə ərizəçilər müraciətlərində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasın ı əsaslandırmışlar.

27. Lakin onların bu əsaslandırması ilə bağlı hüquqi qiymətləndirmə aparılmamışdır. Odur ki, onların işə cəlb edilməsinin İPM-in 28-ci maddəsinin tələbləri qaydasında həll edilməsi barədə gəlinən nəticə əsaslı olmuşdur.

28. Məhkəmə kollegiyası vurğulayır ki, mənzil fondunun özəlləşdirilməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəaları əsasında həll edilir və iddiaya baxılarkən ərizəçilərin mübahisə predmeti olan mənzilin özəlləşdirilməsində iştirakından asılı olaraq onların üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunması həll edilə bilər.

29. Apelyasiya instansiyası məhkəməsinin qərardadı yuxarıdakı əsaslara görə düzgün olduğundan şikayət təmin edilə bilməz.

30. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 iyun tarixli 21(103)-1029/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar