Məhkəmə qərarları › İş №2-1(102)-1796/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1796/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1796/2021 22.09.2021 ALİ MƏHKƏMƏ 2-1(102)-1796/21 Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Bakı şəhəri 22.09.2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1887/2021 nömrəli, 13.07. 2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (üçüncü şəxs Nəsimi rayon İcra Şöbəsinin iştirakı ilə) X1 ödənilməli olan müavinət məbl əği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-2256/2021 nömrəli (hakim Elvin Əliyev) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-2256/2021 nömrəli qərardadının ləğv edilməsini, sonrakı prosessual hərəkətlərin həyata keçirilməsinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1887/2021 nömrəli, 13.07. 2021-ci il tarixli (hakimlər Səadət Bəktaşi, Afaq Nuriyeva və Aida Hüseyn) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-2256/2021 nömrəli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1887/2021 nömrəli, 13.07. 2021-ci il tarixli qərardadından narazı qalan cavabdeh həmin qərardaddan kasasiya şikayəti vermişdir.

6. Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.

7. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.

8. Həmin Məcəllənin 83.1-ci maddəsində təsbit olunmuşdur ki, şikayət İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər.

9. Həmin Məcəllənin 35.3-cü maddəsində əsasən isə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yalnız elə qərardadlardan kasasiya şikayəti verilə bilər ki, Məcəllədə həmin qərardadın kasasiya qaydasında müstəqil mübahisələndirilməsi imkanı birbaşa təsbit edilmiş olsun.

11. Hazırkı işin hallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilə bilər. Apelyasiya instansiyası məhkəməsi isə sözügedən qərardadı ləğv edərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin qərardadından müəyyən olunur ki, məhkəmə birinci instansiya məhkəməsinin iddianın mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticəsini əsassız hesab etməklə iddianın mahiyyəti üzrə baxılmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarmasına baxmayaraq qərardadın məzmunundan müəyyən olunur ki, yeni baxış zamanı mümkünlük məsələsinin həll edilməsi üçün əlavə araşdırılmanın aparılmasına dair hər hansı göstəriş verilməmişdir. Əksinə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, öz qərardadında qeyd etmişdir ki, “İddi açıya hüquqi yardım göstərilməsinə baxmayaraq, onun iddia tələbini dəqiqləşdirməməsi barədə məhkəmənin gəldiyi nəticə də işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş 20.05.2021-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə "hüquqi yardım haqqında" məktubu iddiaçıya təqdim etmişdir. Qeyd olunan məktubda isə iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirilməsi ilə bağlı olduğu və iddiaçı ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bununla da, məhkəmənin gəldiyi nəticə İPM-nin 35.1-ci maddəsinin mənasına ziddir.” Başqa sözlə, apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi iddianın mümkün iddia olduğu ilə bağlı olmuşdur və birin ci instansiya məhkəməsinin yerinə yetirməli olduğu sonrakı prosessual hərəkətlər iddia tələbinə mahiyyəti üzrə baxılması ilə əlaqədar olmalıdır. Belə olan halda isə həmin qərardaddan şikayət verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.

12. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi özünün qəbul 2-1(103)-1887/2021 nömrəli, 13.07.2021-ci il tarixli qərardadından Ali Məhkəmənin İnzibati kollegiyasına kasasiya şikayəti vermək hüququnun olmasını qeyd etməklə prosessual səhvə yol vermişdir.

13. Belə ki, analogiya üzrə iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulduğu halda, iddianın mümkün sayılması barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır.

14. Yəni, burada da məhz iddia ərizəsinin mümkün sayılmaması barədə şikayətin mövcud olması həmin qərardadın ləğv edilməsi və yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardaddan şikayətin verilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.

15. Bu həmçinin o deməkdir ki, İPM-nin 83.4-cü maddəsində nəzərdə tutulduğu kimi “bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.”

16. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətinin icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.

17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 35.3, 83.1-ci maddələrini rəhbər tutaraq mə hkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-1887/2021 nömrəli, 13.07. 2021-ci il tarixli qərardadından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar