Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1811/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “birdəfəlik haqqın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-1(103)-290/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsvi ri hissə: İşin halları: İddiaçı 2000-ci il 17 sentyabr tarixdən 2017-ci il 1 may tarixədək son iş yeri olaraq Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış və pensiya yaşına çatması ilə əlaqədar 2017-ci il 1 may tarixdə pensiyaya çıxmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 30 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair 2018-ci il 23 iyul tarixli qərardadında göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarı, həmin Qərarın qüvvəyə minməmişdən əvvəl yaranmış münasibətlərə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. İddiaçı 2018-ci il 27 avqust tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ona ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın cavabdeh tərəfindən ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2000-ci il 17 sentyabr tarixdən 2017-ci il 1 may tarixədək son iş yeri olaraq Vergilər Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. Pensiya yaşına çatması ilə əlaqədar olaraq 2017-ci il 1 may tarixdən pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya mə hkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 oktyabr tarixli 2-1(81)3917/18 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2017-ci il 1 may tarixdən, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının qüvvəyə minməsindən əvvəl yarandığından, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ona münasibətdə tətbiq edilə bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-1(103)-290/2019 nömrəli q ərarilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 12 mart tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 5 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edildiyi kimi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Deməli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarı ona şamil edilməməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-cı maddəsinin həmin Qanununun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarına əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarına dair qəbul edilmiş 2018-ci il 23 iyul tarixli qərardadına əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 130-cu maddəsinin İX bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respubl ikası ərazisində məcburi qüvvəyə malikdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının pensiya hüququ 2017-ci il 1 may tarixdən, yəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının qüvvəyə minməsindən əvvəl yarandığından “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ona münasibətdə tətbiq edilə bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-1(103)-290/2019 nömrəli qərar dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1811/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1811/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver