Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1811/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: əvvəlki dövr üçün nəzərdə tutulmuş pensiyanın hesablanıb ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sos ial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əvvəlki dövr üçün nəzərdə tutulmuş pensiyanın hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-159/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hazırki işdə iddiaçı olan İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əllik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik təyinatı müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin X1 sisteminin “Əlillik” altsisteminə göndəriş daxil olmamışdı r.
2. Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçının xx.xx.2021-ci il tarixli müayinəsi ilə bağlı xx.xx.2021-ci il tarixli cavabına görə “Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyə olunur” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********4 nömrəli, xx.xx.2022ci il tarixli məktubunda bildirilir ki, əlillik təyinatı müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin X1 sisteminin «Əlillik» altsisteminə göndəriş daxil olmamışdır.
4. Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçının xx.xx.2022-ci il tarixli müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixli cavabından görünür ki, «Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyə olunur» səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 fevral 2023-cü il tarixli, 317-4/2-298310/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0479003AACCC nömrəli göndə rişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyinatı aparılmış və pensiya ödənilməsi həmin tarixdən hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona verilməmiş 11 ay 10 gün üçün pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 2007-ci il tarixdən İİ qrup əlil olmaqla Gəncə şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. 2021-ci ilin iyun ayında növbəti TSEK-dan keçməli olduğu halda həmin dövrdə Gəncə şəhər Psi xiatriya xəstəxanası tərəfindən verilən məlumata görə yalnız Qarabağ Müharibəsi qazilərinin sənədləri göndərildiyindən, onun sənədləri həmin ilin avqust ayında sonuncu tərəfindən TSEK-ə göndərilmiş, lakin bir qədər sonra ona sənədlərinin həmin xəstəxanadan deyil şəhər Mərkəzi xəstəxanasından göndərilməli olduğu bildirilmiş və bu səbəbdən sənədləri geri qaytarılmışdır. Sonradan dəfələrlə Gəncə şəhər Psixiatriya xəstəxanasına və Bakı şəhər 1 saylı Psixiatriya xəstəxanası ilə əlaqə saxlamış, orada stasionar müalicə və müayinə olunmuş, dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində TSERA-ya müraciətlər etmiş, lakin ona kompüter sisteminin bağlı olduğu, bu sahədə islahatlar və tədbirlər həyata keçirildiyi və bu səbəbd ən tibb müəssisələri tərəfindən TSEK-ə göndərişlərin müvafiq elektron sistemə daxil edilməsində müvəqqəti çətinliklər yarandığı bildirilmişdir. Elektron sistem 2021-ci ilin sentyabr ayından 2022-ci ilin may ayının sonuna kimi bağlı qalmış, yalnız 2022-ci ilin iyun ayının 3-də sənədləri sistemə daxil edilmiş və 2022-ci ilin iyun ayının 10-dan əlilliyi ömürlük təsdiq edilmişdir. Bundan sonra iddiaçı əvvəlki dövr üçün ödənilməli olan pensiyanın hesablanıb ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.
8. Cavabdeh inzibati orqanın 11 noyabr 2022-ci il tarixli, **********1 nömrəli iddia ərizəsinə etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ö dənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir.
9. Gəncə İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il t arixli, 2-1(114)-2533/2022 nömrəli qərarı ilə (hakim F.Ç.Hüseynov) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə İİ dərəcə əlillik üçün nəzərdə tutulmuş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin dövrdə yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyinin qiymətləndirilməməsi iddiaçının deyil, inzibati orqanın səhvi (elektron sistemdə xəta) olmuş və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Agentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata k eçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir.
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-159/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: A.V.İsgəndərova, hakimlər: R.Z.Mamedov və İ.T.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(114)-2533/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki işdə iddiaçı məhz qanunla müəyyən edilən 6 aylıq müddət ərzində inzibati orqana müraciət etmiş, lakin texniki səbəblərdən əlilik təyin edilməmişdir. Başqa sözlə iddiaçıya əllilik təyin edilməsindən imtina olunmamış, göndərişlərin alt sistemə daxil edilməsi zamanı xəta baş verməsi müəyyən edilmişdir ki, buda iddiaçının məsuliyyət sferasına daxil deyildir. Əksinə xx.xx.2022-ci il tarixdə iddiaçıya müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Bu da şəxsin tələb olunan dövrlərdə də əlil olmasını təsdiq edir.
14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 3.1, 3.3-cü maddələrinə və İnzibati Prosessual Məcəllənin 90.1, 94.1, 96.9-cü maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin mövqeyinin qanunsuz və əsassız olduğu bildirir.
16. Qeyd edilir ki, iddiaçıya əlilliyin yenidən təyin olunmasından imtina verilməsinin əsası Tibbi-sosial ekspert komissiyasına göndərişlərin (forma 088) müvafiq elektron sistemə daxil edilməsi zamanı yaranan xəta olmuşdur. Qeyd olunmuş göndəriş Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əlillik” altsisteminə daxil olmadığından ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı əlilliyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş müavinətin hesablanıb ödənilməsi məqsədi ilə Mərkəzi filiala müraciət etmiş, lakin qanunvericiliyin tələblərinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 fevral 2023-cü il tarixli, 3-17-1/2-35387/2023 nömrəli məktubundan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən xx.xx.2007-ci i l tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ona xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitdiyindən əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. X1 sisteminin “əlillik” altsisteminə əsasən iddiaçının təkrar əlillik müddəti xx.xx.2022-ci il tarixdən bərpa edildiyindən vətəndaşın pensiyası həmin tarixdən ödənilməyə başlanmışdır.
18. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə müavinət bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən qanunun tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 41 Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
1. Ümumi müddəalar... 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 16 yanv ar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir): 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 710) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhk əməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
28. İlk öncə, iddianın mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçının hüquqi marağı ona ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.
29. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh müraciətin icrasından imtina edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hüquqi mövqeyini əsaslandırarkən, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə (bu maddə "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunla əlavə edilmişdir), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə təcrübəsinin vahidliyini n təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1 1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 2020-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir: (...)77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dö vlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.
78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9- 11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitli yinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. (...)92. Kollegiya qeyd edir ki, sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların geriyə şamil edilməsinin yol verilməzliyinə cinayət və inzibati xətalarla bağlı hüquq sahəsində olduğu kimi mütləq bir qayda olaraq deyil, daha çox bir prinsip kimi yanaşılmalıdır. Ona görə də, geriyə şamil edilmənin yarada biləcəyi problemləri həll etmək üçün əksər hallarda bir çox ümumi hüquq prinsiplərinin birgə dəyərləndirilməsi tələb olunur. Bu mənada, hüquqi təhlükəsizlik, qazanılmış hüquqlar və mütənasiblik prinsipləri onların mahiyyətinə xələl gətirəcək dərəcədə pozulmadıqda, eləcə də ictimai maraqlarla fərdin hüquqları arasındakı ağlabatan tarazılığa riayət edildikdə sosial təminat hüququ sahəsində normaların geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.
93. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 94. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində i sə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir....
32. Yuxarıda əks olunan hüquqi mövqedə n çıxış edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021-xx.xx.2022) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir.
33. Belə ki, mübahisələndirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan "Əlilliyi olan şəxslərin hüq uqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
34. Qanunun yuxarıda göstərilən müddəalarından (bax: 17-ci bənd) göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Az ərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir.
35. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmu ş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik olduğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir.
36. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edil məsi müəyyən edilmir.
37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-159/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün nəzərdə tutulmuş pensiyanın hesablanıb ödənilməsi” tələbin