Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1818/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 2001-ci ilə qədər işləmiş prokurorluq işçisinə təyin edilən pensiya; pensiyanın nə vaxtdan, hansı əsasla, hansı növdə təyin olunması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanaraq fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-76/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, 10.09.1966-cı ildən 05.11.1973-cü ilə qədər Amasiya rayonu, Geleinsk səkkizillik məktəbində müəllim, 17.03.1975-ci ildən 20.08.1975-ci ilə qədər Ermənistan SSR Daxili İşlər Nazirliyində tabelikdənkənar mühafizə şöbəsinin rəisi, 01.01.1976-cı ildən 17.05.1976-cı ilə qədər Amasiya rayonu İcraiyyə Komitəsində könüllü xalq drujinasının təlimatçısı, 08.06.1976-cı ildən 14.10.1976-cı ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Sənaye əsaslı kənd təsərrüfatı məhsullarının istehsalı idarəsində hüquq məsləhətçisi, 13.10.1976-cı ildən 21.01.1980-cı ilə qədər Azərbaycan SSR X8 vilayətinin prokurorluğunda prokuror köməkçisi, böyük müstəntiq, 26.09.1983-cü ildən 03.07.1993-cü ilə qədər Kirovabad nəqliyyat prokuroru vəzifəsində, 03.07.1993-cü ildən 08.10.1994-cü ilə qədər Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləmiş, 10.08.1994-c ü ildən 24.11.1995-ci ilə qədər Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun 27.02.2018-ci il tarixli məktubuna əsasən, 29 iyun 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə 2 aylıq əmək haqqı məbləğlərində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərdən Dövlət Sosial Müdafiə Fonduna ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən, prok urorluq əməkdaşlarına əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası prokurorluğunun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə maddi yardım verilir. Hal-hazırda Bakı şəhər prokurorluğunun şöbə prokurorunun vəzifə maaşı 925 manat təşkil edir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 24.07.2018-ci il tarixlı arayışında qeyd olunmuşdur ki, iddiaçı 1 oktyabr 1989-cu ildən 3 iyul 1993-cü ilə qədər Gəncə (Kirovabad) şəhər Nəqliyyat prokuroru, 04 iyul 1993-cü ildən 30 sentyabr 1994-cü ilə qədər Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləmişdir. Həmin dövrdə xidmət illərinə görə vəzifə maaşının 45% həcmində əlavə əmək haqqı, illər üzrə aşağıdakı kimi mükafatlar almışdır: 1990-cı ilin sentyabr ayı-100% vəzif ə həcmində mükafat; 1992-ci ilin dekabr ayı-100% vəzifə maaşı həcmində mükafat; 1993-cü ilin mart ayı-100%, may ayı-50%, dekabr ayı-100% vəzifə maaşı həcmində mükafat; 1994-cü ilin may ayı-50% vəzifə maaşı həcmində mükafat. Azərbaycan Respublikası Baş Prokurorluğunun 12.02.2019-cu il tarixli arayışına əsasən, iddiaçı 01.10.1983-cü ildən 08.10.1994-cü ilə kimi prokurorluq orqanlarında qulluq keçmiş və qulluq keçdiyi son beş ildə aşağıdakı maddi yardım və mükafatları almışdır: 1990-cı il sentyabr ayı-100% vəzifə maaşı həcmində mükafat; 1992-ci il dekabr ayı-100% vəzifə maaşı həcmində mükafat; 1993-cü il mart ayı-100%, may ayı-50%, dekabr ayı100% vəzifə maaşı həcmində mükafat; 1994-cü il may ayı-50% vəzifə maaşı həcmində mükafat. Həmin ödənişlərdən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar ed ilmişdir. İddiaçı cavabdehə qarşı 7 avqust 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona pensiya təyin edərkən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin, hər il məzuniyyətə çıxarkən onlara 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il onların əmək haqqının 2 qat həcmindən az olmayaraq 3 dəfə maddi yardım, ixtisas dərəcəsinə görə haqq (hal-hazırda 200 manat təşkil edir) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80 faizi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində iddiaçıya ödənilməmiş fərq məbləğinin bir dəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərarın qəbulunu xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə pensiya təyin edilərkən onun pensiyası düzgün hesablanmamışdır. Belə ki, 38 il ümumi iş stajı vardır, onun da 18 ili prokurorluq orqanlarında qulluq stajına aiddir. Son 15 ay 5 gün iş fəaliyyəti Azərbaycan Respublikasının Baş prokuroru olmuşdur. Prokurorluq orqanlarında qulluq etdiyi zaman xidmət illərinə görə vəzifə maaşının 45% həcmində əlavə əmək haqqı və prokuror işçiləri üçün nəzərdə tutulan məzuniyyətlə bağlı ildə 1 dəfə 2 aylıq həcmində müalicə xərci və daha 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, əmək haqqının 2 qat mislindən az olmayaraq ildə 3 dəfə maddi yardım verilir. Bütün bu əlavələr və sairə nəzərə alınmaqla iddiaçının orta əmək haqqı cavabdeh tərəfindən müəyyən edilməli və alınmış məbləğin 80%-i qədər iddiaçıya pensiya təyin edilməli idi. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddianın maddi hüquqi əsası kimi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9-cu, “Əmək pensiyaları haqqında” Qanunun 20.8.3, 31.1, 37.7-ci, “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı prokurorlar üçün nəzərdə tutulmuş hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım və ixtisas dərəcəsinə görə 65 manatın verilməsi haqqında iş yer indən rəsmi arayış təqdim etmədiyinə görə onun pensiyasının yenidən hesablanması mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-3781/2018 saylı iş) 16 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım və ixtisas dərəcəsinə görə (halhazırda 200 manat) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin edilə rkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20 və 21-ci maddələrində nəzərdə tutulan məbləğlər, iddiaçının həqiqi dövlət ədliyyə müşaviri olması nəzərə alınmamış, bununla da iddiaçının sosial təminat hüququ pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X2 və X3,2-1(103)-76/2019 saylı iş) 27 fevral 2019-cu il tarixli qərarla cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3781/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qərarını ləğv etmiş, iş üzrə yeni qərar qəbul edərək iddiaçının cavabdehə qarşı “pensiyanın yenidən hesablanaraq fərqin ödənilməsi” tələbinə dair iddiasını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsa slandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən, sabiq prokurorluq işçilərinə pensiya hesablanarkən qulluq ştajına görə əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavələrin məbləği isə əmək haqqının məbləğindən asılıdır və onun yenidən hesablanması əmək haqqında baş vermiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşdırılmamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrlər 19 iyul 2001-ci il tarixindən qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun qəbul edilməsindən əvvələ aid olduğu üçün məhz 19 iyul 2001-ci il tarixli Qanunda qeyd edilmiş əlavələr hazırkı iş üzrə iddiaçının pensiyasının yenidən hesablanmasında nəzərə alına bilməz. İddiaçı 8 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini, dəqiqləşdirilmiş şikayətində isə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıya pensiya təyin edilərkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20 və 21-ci maddələrində nəzərdə tutulan məbləğlər, iddiaçının həqiqi dövlət ədliyyə müşaviri olması nəzərə alınmamış, bununla da iddiaçının sosial təminat hüququ pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin hüquqların pozulmasını müəyyən etsə də, müdafiəsini təmin etməmiş, yanlış mülahizələrə yol açaraq “həmin hüquqların həyata keçirilməsində dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları olmaması” ilə əlaqələndirmiş dir. Belə yanaşma qanunun tələblərinə ziddir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə cavabdehin maddi imkanları məhduddursa, onda iddia rədd edilməlidir. Azərbaycan Respublikasının mülki və prosessual qanunvericiliyində iddianın rədd edilməsi üçün səbəb olan belə əsas mövcud deyildir. Bu isə maddi və prosessual hüququn pozulmasıdır. Apellyasiya məhkəməsi qərarda qeyd etmişdir ki, iddiaçının “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun geriyə şamil edilməklə iddiaçıya münasibətdə tətbiq edilməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. İddiaçı 18 ilə yaxın prokurorluq orqanlarında qulluq etmişdir, 10 ilə yaxın Gəncə (Kirovabad) şəhər Nəqliyyat prokuroru və sonra Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləmişdir. Prokurorluq orqanlarında sıravi prokuror işçisi o lan şəxslər iddiaçıdan (Baş prokurordan) daha çox pensiya alır. Bu hansı sosial ədalət prinsipinə uyğun gəlir? tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM 94.1-c i maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı “prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 20.14-cü maddələrində nəzərdə tutulmuş əlavələrin-prokurorluq işçiləri məzuniyyətə çıxdığı vaxt onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinətin, müalicə olunmaları ilə əlaqədar iki aylıq əmək haqqı məbləğində pul təminatının, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə haqqın əmək pensiyası zamanı nəzərə alınmasını və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsini cavabdehə həvalə edilməs ini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib iddianı rədd etmişdir. Cavabdehin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 1994-cü ilin oktyabr ayından prokurorluq orqanlarında işləməmişdir. İddiaçının istinad etdiyi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildə qüvvəyə minmişdir. Bu Qanunun qüvvədə olduğu dövrdə iddiaçı prokurorluq orqanlarında işləməmiş və Qanunun 20.8, 20.9 və 20.14-cü maddələrində nəzərdə tutulan müavinət, müalicə xərci və maddi yardımı almamışdır. Bu səbəbdən pensiya təyini zamanı həmin məbləğlər nəzərə alına bilməz. 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun müddəalarına görə prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir (20.8-ci maddə). Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir (20.9-cu maddə). Həmin Qanunun 21.1-ci maddəsinə görə prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.4-cü maddəsinə əsasən prokuror luq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsində isə qeyd edilir ki, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, tutduqları vəzifəyə və prokurorluq orqanlarında iş stajına uyğun olaraq prokurorlar, prokurorluğun müstəntiqləri və əməliyyatçıları, o cümlədən hərbi prokurorlar və hərbi prokurorluğun müstəntiqləri üçün ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr müəyyən edilir (İddiaçıya Milli Məclisin 9 noyabr 1993-cü il tarixli qərarı ilə həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilmişdir). Həmin Qanunun 18.15-ci maddəsində qeyd edilir ki, rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və geyim forması ilə təmin olunurlar. Rütbəyə görə əlavə haqq pensiyaya çıxmış və rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əməkpensiyasıbu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7 dekabr 1999-cu ildə qəbul edilmiş və 30 dekabr 1999-cu ildə qüvvəyə minmiş “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinin birinci bəndində qeyd ed ilir ki, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. Bəhs edilənlərə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, şəxs 29 iyun 2001-ci ildə qəbul edilmiş və 19 iyul 2001-ci ildə qüvvəyə minmiş “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun qüvvəyə minənə qədər prokurorluq orqanlarında xidmət keçdiyi halda da, sonradan prokurorluq orqanının əməkdaşı kimi pensiya təyin edilmişsə, adı çəkilən qanunun normaları ona tətbiq edilə bilər. Lakin işin hazırkı vəziyyətində iddiaçıya hansı əsasla pensiya təyin edilməsi işdə olan sənədlərlə müəyyən edilmir. İddiaçıya prokurorluq orqanlarında qulluq etmiş şəxs, dövlət qulluqçusu, Milli Məclisin üzvü, yaxud başqa digər şəxs kimi pensiya təyin edilməsi işdən görünmür. Bundan başqa, iddiaçı ixtisas dərəcəsinə görə haqqın pensiyaya əlavə hesablanmasını xahiş etsə də, bu barədə məhkəmə tərəfindən araşdırılma aparılmamış, bu barədə iddiaçının tələbi dəqiqləşdirilməmişdir. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibə tləri tənzimləyən fərqli normalara istinad edə bilər. İddiaçı ona pensiya təyin olunduğunu bəyan etsə də, məhkəmələr iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu ümumiyyətlə araşdırmayıblar, işdə iddiaçıya pensiya təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabdeh də etiraz və şikayətlərində iddiaçıya nə vaxt, hansı əsaslarla və hansı növdə pensiya təyin olunduğunu göstərməmişdir. Bununla bağlı cavabdeh inzibati orqandan iddiaçıya aid pensiya işi tələb edilməyib, həmin işin materialları məhkəmə araşdırmasının predmeti olmayıb. Halbuki, həmin halların, o cümlədən iddiaçının pensiya hüququnun yarandığı və ona pensiya təyin olunduğu vaxtın müəyyən edilməsi mübahisənin düzgün həlli, xüsusən də pensiya hüququnun yarandığı vaxtda qüvvədə olan pensiya qanunvericiliy inin tələblərinin tətbiqi üçün zəruridir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instans iyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. İş üzrə yekun qərar qəbul edilməsi üçün əsaslar olmadığından, iddianın təmin edilməsi hissəsində şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-76/2019 saylı, 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1818/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1818/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver