Məhkəmə qərarları › İş №2-1(102)-1830/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1830/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1830/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 52 yaş, əmək kitabçası, 2004-2005-ci illərin orta aylıq əmək haqqına əsasən hesablanması. giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasını n Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-895/2021 saylı, 7 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşi n halları

1. İddiaçı xx.xx.xxx-ci il tarixdə doğulmuşdur. Hərbi biletə əsasan 28.04.1976-cı ildən 23.04.1978-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Əmək kitabçasına əsasən 18.05.1978-ci ildən 06.05.1996-cı ilədək "xxxx" Firmasında elektro-qaynaqçı, 01.07.199630.01.2002-ci il tarixlərdə Abşeron Quraşdırma İdarəsində (01.10.2001-ci il tarixdə Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək Enerjiquraşdırma KEM ATSC adlandırılmışdır) elektro-qaynaqçı, 20.07.2002-06.01.2007, 06.01.2007-16.10.2007-ci il tarixlərdə "xxxx" Birgə Müəssisəsində qaynaq ustası, 24.10.2007-21.11.2008, 05.01.201023.08.2010-ci il tarixlərdə "xxxx" Birgə Müəssisəsində usta, 23.08.2010-25.04.2013, 24.12.2013-13.06.2014, 23.06.2014-09.06.2016, 28.06.2016-12.03.2018 tarixlərdə, 22.08.2019-cu il tarixdən hal-hazıradək "xx xx" Birgə Müəssisəsində qaynaq ustası vəzifəsində çalışır. 2. "xxxx" ASC-nin 28.10.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı 04.08.1978-ci il tarixdə "xxxx" quraşdırma idarəsində 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. 27.10.1980-cı il tarixdə "xxxx" quraşdırma idarəsinin bazasında Abşeron quraşdırma idarəsi yaradılıb. İxtisas artırma kurslarında müxtəlif illərdə ixtisas dərəcəsini artırıb. 21.06.1985-ci il 5-ci dərəcə elektrik qaynaqçısı 05.01.1987-ci il 6cı dərəcəli elektrik qaynaqçısı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci bəndinə əsasən işdən azad edilmişdir. Əl ilə elektrik qaynaqçısı qapalı şəraitdə zərərli peşə sənətinə aid olduğu üçün iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək "xxxx" KEM ASC adlanmışdır.

3. İddiaçıya 05.12.2014-cü il tarixli qərarla yaşa görə pensiya təyin edilmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında 12.12.2019-cu il tarixli qərarına əsasən iddiaçıya 01.12.2019-cu ildən ömürlük 583.24 manat pensiya təyin edilmişdir.

4. İddiaçıya əmək pensiyasının ödənişi 01.12.2019-cu il tarixdən dayandırılmışdır. İddiaçıya 22.12.2014-cü il tarixdən 30.11.2019-cu il tarixədək cəmi 18041.19 manat məbləğində pensiya vəsaiti ödənilmişdir.

5. İddiaçı 11 yanvar 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06.02.2020-ci il tarixli məktubda “X3” Qanununun 9.8-ci maddəsinə, “Vətəndaşların pe nsiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçıya 57 yaşdan əmək pensiyası təyin edilərək ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Ümumi peşələr” bölməsində (23) rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş əmək kitabçasının surətində şəxsin 04.08.1978-06.05.1996-ci il tarixləri arasındakı dövr ərzində “Abşeron quraşdırma idarəsi”ndə elektrik qaynaqçısı peşəsində işlədiy i qeyd olunmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu elektrik qaynaqçısı peşəsi yuxarıda qeyd olunan Siyahının 23cü bölməsində göstərilən rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə aid deyil. Bu səbəbdən də iddiaçıya 52 yaşdan əmək pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 17 fevral 2020-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək ona 52 yaşdan, yəni 22.12.2009-cu il tarixdən 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənil məsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət qapalı şəraitdə əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə 52 yaşından pensiya hüququ vardır. Onun işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi 1 nömrəli “Siyahı”da XXİİİ. Ümumi peşələr bölməsinin (********), Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları bəndinə aiddir (12100000-19905). Enerjiquraşdırma KEM ASC 28.10.2019-cu il tarixli arayışına əsasən işlədiyi əl ilə elektrik qaynaqçısı peşəsi qapalı şəraitdə zərərli peşə sənətinə aid olduğu üçün onun 1 nömrəli “Siyahı”ya əsasən güzəştli şərtlərlə pensiya hüququna malikdir. O, bununla əlaqədar olaraq 52 yaşı tamam olan vaxtdan, həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və hesablanması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

8. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya 2014cü il tarixdən 57 yaşdan Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçının işləmiş olduğu peşə (elektrik qaynaqçı) ilə Nazirlər Kabinetinin Qərarındakı 1 nömrəli siyahıdakı peşə (12100000-19906 rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl qay naq elektrik qaynaqçıları) peşəsinə aid deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmamışdır. Bu mənada, “X3” Qanunun 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-3369/2020 saylı iş) 30 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya 22.12.2009cu il tarixdən 52 yaşdan 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesa blanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin 19.11.2016-cı il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi “X3” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının işlədiyi “əl ilə elektrik qaynaqçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahının XXİİİ bölməsinin 12100000 şifrinə uyğun olmaqla 01.01.2006-ci ilə qəd ər 29 il 2 ay 27 gün ümumi və 17 il 9 ay 2 gün güzəştli iş stajı mövcuddur. İddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 22.12.2009-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd haqqında yeni qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X1, 2-1(103)-895/2021 saylı iş) 7 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. Cavabdeh 3 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Şikayətin dəlilləri iddiaya dair etirazın dəlilləri ilə eynidir. (bax bu qərarın 8-ci bəndinə) 14. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13 maddəsinin (a) bəndinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququn yaranması üçün iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması, qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəşti şərtlərlə yaşa görə pen siya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi zəruridir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (a) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

16. İş materiallarından göründüyü kimi iddiaçının işləmiş olduğu peşə (elektrik qaynaqçısı) ilə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edi lmiş 1 nömrəli siyahıdakı peşə (12100000 - 19906: rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) uyğun gəlmir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, “X3” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəm ə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 21. “X3” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xü susi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştl i şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınla r—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlaya raq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 23. “X3” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsus ilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərə k, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüqu q normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. İddiaçı xx xxxxxx xxx-ci ildə doğulmuş, 57 yaşdan ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.

29. İddiaçı hesab edir ki, işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulduğundan və 1 yanvar 2006-cı il tarixə qədər 20 il ümumi, 10 il güzəştli stajı olduğundan 52 yaşdan, yəni 22 dekabr 200 9-cu il tarixdən pensiya hüququ yaranmışdır.

30. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 1 yanvar 2006-cı il tarixədək 10 il güzəştli şərtlə pensiya hüququ verən peşədə işləmədiyindən onun 52 yaşdan güzəştli şərtlə pensiya almaq hüququ olmamışdır.

31. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. İddiaçının 52 yaşının tamam olduğu 22 dekabr 2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.

33. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 1978-ci ildən 1 yanvar 2006-cı ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu dövr üzrə ümumi staj 20 ildən çoxdur.

34. İddiaçı barəsində əmək fəaliyyəti ilə bağlı tərtib edilmiş ayrı-ayrı arayışlarda 1978-ci ilin avqust ayından 6 may 1996-cı ilə qədər "xxxx" (sonradan Abşeron quraşdırma idarəsi yaranıb) müxtəlif dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi, 1 oktyabr 2001-ci il tarixdə Abşeron quraşdırma idarəsinin adı dəyişdirilərək "xxxx" ASC adlandığı qeyd edilmişdir (səh. 7, 24).

35. İddiaçının əmək kitabçasında olan məlumatlara görə iddiaçı 1 iyul 1996-cı il tarixdən 30 yanvar 2002-ci il tarixə qədər də Abşeron quraşdırma idarəsində ("xxxx" ASCdə) altıncı dərəcəli elektrik qaynaqçısı işləmişdir. 36. “X3” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

37. Apelyasiya instansiyası məhkəməsi iddiaçının "xxxx"da (sonradan Abşeron quraşdırma idarəsi, daha sonra isə "xxxx" ASC) müxtəlif dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işlədiyi peşələrin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusil ə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının “XXİİİ. Ümumi peşələr” bəndinin 12100000—19906 (Rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) kod altında göstərilən peşələrin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil edirsə, həmin peşə vəzifəsini hansı yerdə (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxilində) icra edib-etməməsi barədə məhkəməyə məlumat verilməsi, eyni zamanda iddiaçının həmin müəssisədə işlədiyi əl ilə elektro-qaynaqçı, elektro-qaynaqçı peşələrinin adıçəkilən siyahıda hansı kod altında olan peşəyə uyğun gəl məsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası "xxxx" ASC-yə sorğu göndərmişdir.

38. Sorğuya cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş 05.05.2021-ci və 24 iyun 2021-ci il tarixli arayışlardan görünür ki, iddiaçı 18.05.1978-ci ildə Qafqazenerjiquraşdırma trestinin Sumqayıt İES-də yerləşən quraşdırma sahəsində 26/K saylı əmrlə 3-cü dərəcəli elektrik qaynaqçısı qəbul olunmuş, 02.08.1978-ci ildə Sumqayıt Quraşdırma sahəsində 63/K saylı əmrə əsasən Bakı İES-də “Qırmızı Ulduz” quraşdırma sahəsinə 3-cü dərəcə qaynaqçı kimi göndərilmiş, 04.04.1978-ci ildə “Qırmızı-Ulduz” quraşdırma sahəsinə 131/K saylı əmrə əsasən 3-cü dərəcə əl ilə elektrik qaynaqçısı qəbul edilmiş, 26.06.1980-cı ildə dərəcəsini artırmaq üçün elektrik qaynaq kursuna göndərilmiş və 90/K saylı əmrə əsasən 4-cü d ərəcə elektrik qaynaqçısı almışdır. 27.10.1980-cı ildə “Qırmızı Ulduz” quraşdırma sahəsi trestinin adı 445 saylı əmrə əsasən Abşeron Quraşdırma idarəsi adlandırılmışdır. 21.06.1985-ci ildə qaynaq kursuna 180/k saylı əmrə əsasən 5-ci dərəcə qaynaqçı almış, 05.01.1987-ci ildə qaynaq kursuna göndərilmişdir. 12.01.1987-ci ildə 8/K saylı əmrə əsasən 6-cı dərəcə qaynaqçı peşəsinə yiyələnmiş, 15.01.1987-ci ildən 06.05.1996-cı ilə kimi 6-cı dərəcə elektrik qaynaqçısı işləmiş, 06.05.1996-ildə 23/K saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 01.07.1996-cı ildə 45/K saylı əmrə əsasən 6-cı dərəcə elektrik qaynaqçısı kimi Abşeron Quraşdırma İdarəsinə qəbul edilmiş, 30.01.2002-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə 02/K saylı əmrə əsasən işdən azad olunmuş dur. 24/K saylı 2001-ci il tarixli əmrə əsasən Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək "xxxx" KEM ASC adlandırılmışdır. İddiaçı Sanqacal terminalında Neft Rezervuarlarının qaynaq olunması, Mazut və Neft çənlərinin daxilində təmir işlərində qaynaq işlərinin görülməsi Şimal və Bayramzadə adına Elektrik stansiyasında qazanxanaların, qapalı kondensatorun daxilində zərərli şəraitdə qaynaq işləri aparmışdır. İddiaçı tam iş günü ərzində qapalı iş şəraitində əl ilə qaynaqçı peşəsində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarına əsasən (bölmə XXİİİ: kod 12100000-19906) 1 saylı Siyahı üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır.

39. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi adı çəkilən müəssisənin fəaliyyət istiqaməti zərərli sahəyə aid olmaqla yanaşı, onun icra etdiyi “əl ilə qaynaq elektrik qaynaqçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahının XXİİİ Ümumi peşələr bölməsinin 12100000-19906 şifrəsinə (Rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) uyğun olduğundan və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil etdiyindən, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının 22.12.2009-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması nəticəsinə gəlmişdir.

40. Odur ki, bu hissədə apelyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

41. Apelyasiya instansiyası məhkəməsi pensiyanın iddiaçıya 52 yaşdan təyin edilməli olması barədə haqlı olsa da, yaranmış pensiya məbləği fərqinin 19 noyabr 2016-cı il tarixdən hesablanaraq ödənilməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. 42. “X3” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““X3” Qanunun 32.1-1-ci maddəsini n tətbiqinə dair” qərardadında gəldiyi nəticə belə olmuşdur ki, “X3” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

44. Həmin qərardadın 106-cı bəndinə görə yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki, onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensi yaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.

45. Apelyasiya instansiyası məhkəməsi iddiaçının pensiya hüququnun 22.12.2009-cu il tarixdən yarandığını, əmək pensiyasının təyin olunması üçün inzibati orqana isə həmin tarixdən sonra, yəni 19.11.2019-cu ildə müraciət etdiyini, “X3” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ötən dövr üzrə verilməmiş pensiya fərqi iddiaçıya onun inzibati orqana müraciət etdiyi 19.11.2019-cu il ta rixdən əvvəlki üç il üzrə, yəni 19.11.2016-cı il tarixdən başlayaraq nəzərə alınmaqla hesablanaraq ödənilməlidir.

46. İddiaçının pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanması barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan “X3” Qanunun tələbinə görə pensiyanın əmək haqqına əsasən hesablanması nəzərdə tutulmuşdur.

47. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, “X3” Qanunun 22.12.2009-cu ildə (iddiaçının pensiya hüququ yaranan vaxt) qüvvədə olmuş 26.2-ci maddəsində nəzərdə tutulmuşdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbi q edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.

48. Odur ki, bu hissədə də apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

49. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-895/2021 saylı, 7 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar