Məhkəmə qərarları › İş №2-1(102)-1831/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1831/2019

09.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1831/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: polis nəfəri, işə bərpa giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra cavabdehlər) qarşı “əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, polis nəfəri vəzifəsinə bərpa olunması və məcburi işburaxmağa görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-681/2019 saylı, 1 mart 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 9 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və X13 Hazırlayan Məktəbin 09.07.2016-cı il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və X13 Hazırl ayan Məktəbin 9 iyul 2016-cı il tarixli əmri ilə polis nəfərlərinin ilkin hazırlıq kursunu tam bitirmişdir. 27.05.2017-ci il tarixli raporta əsasən, iddiaçı 01.06.2017-ci il tarixdən əsas məzuniyyətə çıxmağa icazə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 119 saylı məzuniyyət vərəqəsi ilə polis nəfəri kiçik serjant olan iddiaçıya 01.06.2017-ci il tarixdən 30.06.2017-ci il tarixinə kimi məzuniyyət verilmişdir. Daxili İşlər Nazirliyi rəhbərliyinin 21.09.2017-ci il tarixli göstərişi və BMCMİ-nin 23.09.2017-ci il tarixli raportu əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəylə müəyyən edilir ki, 2017-ci ilin iyun ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gecə növbəsində patrul avtomaşınında xidmətdə olan Sabunçu RPİ PPXB-nin polis nəfərləri idd iaçı və Xalid Quluzadə, cinsi azlığın nümayəndəsi Elnur Hüseynovun avtomaşında fahişəliklə məşğul olduğunu aşkar etsələr də, özlərinə məlum olan səbəbdən hadisənin rəsmiləşdirilərək aidiyyəti üzrə araşdırılmasını təmin etməmişlər və “Polis haqqında” Qanunun 14 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 6, 17 və 20-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq Bakıxanov qəsəbəsində gecə saatlarında cinsi azlığın nümayəndəsi E.Hüseynovun avtomaşında fahişəliklə məşğul olduğunu aşkar etsələr də özlərinə məlum olan səbəbdən hadisənin rəsmiləşdirilərək aidiyyəti üzrə araşdırılmasını təmin etmədiklərinə, habelə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutduqlarına, rəhbərlik tərəfindən mənfi xarakterizə olduqla rına, bu hərəkətlərilə daxili işlər orqanları əməkdaşı adına və polis nüfuzuna xələl gətirdiklərinə görə Sabunçu RPİ PPXB-nin polis nəfərləri polis serjantları iddiaçı və X4 ciddi intizam tənbehinə layiq görülmüşlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10.10.2017-ci il tarixli “Bir qrup polis əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə” əmri ilə “Polis haqqında” Qanunun 14 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 6, 17 və 20-ci maddələrinin “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq Bakıxanov qəsəbəsində gecə saatlarında cinsi azlığın nümayəndəsi E.Hüseynovun avtomaşınında fahişəliklə məşğul olduğunu aşkar etsələr də özlərinə məlum olan səbəbdən hadisənin rəsmiləşdirilərək aidiyyəti üzrə araşdır ılmasını təmin etmədiklərinə, habelə xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutduqlarına, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduqlarına, bu hərəkətlərilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiklərinə görə Sabunçu RPİ PPXXB-nin polis nəfərləri polis serjantları iddiaçı və X4 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmələri əmr edilmişdir. Bakı şəhəri Cavabdeh 14.10.2017-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis serjantı iddiaçı Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri, 14 oktyabr 2017-ci il tarixdən xaric edilməsi əmr edilmişdir. İddiaçının 25.07.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, o, 12.04.2016-cı il tarixdən 14.10.2017-ci il tarixədək Sabunçu RPİ-də xidmət etmiş və xidməti dövründə 2016 və 2017-ci ilin hesabına olan əsas məzuniyyətdən istifadə etməmişdir. İddiaçı cavabdehlərə qarşı 20 noyabr 2017-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 10.10.2017-ci il tarixli əmrinin və həmin əmrə əsasən Cavabdeh rəisi tərəfindən verilmiş 14.10.2017-ci il tarixli əmrin iddiaçıya münasibətdə ləğv edilməsi, iddiaçının Bakı şəhəri Cavabdeh post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənil məsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş və 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Yol hərəkətinin təşkili” ixtisasına qəbul olmuş, 20 iyun 2017-ci il tarixdə həmin ixtisas üzrə kolleci bitirmişdir. 9 aprel 2016-cı il tarixdən Bakı şəhəri Cavabdeh Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə təyin olunmuş və həmin müddət ərzində heç bir töhmət almamış, iş rejimində daim məsuliyyətli olmuşdur. Lakin 14 oktyabr 2017-ci il tarixdə heç bir xidməti araşdırma aparılmadan, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) tutduğu vəzifədən kənarlaşdırılmış, heç bir araşdırma aparılmadan işdən azad olunmağından və əmrdə qeyd olunan daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət etməsindən isə ümumiyyətlə məlumatı olmayıb. Belə ki, iddiaçının işdən azad edilməyinə səbəb guya 2017-ci ilin iyun ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gecə növbəsində patrul avtomaşınında xidmətdə olarkən cinsi azlığın nümayəndəsi avtomaşında əxlaqsızlıqla məşğul olduğunu aşkar etsə də, hadisəni rəsmiləşdirərək aidiyyəti üzrə araşdırılmasını təmin etməmişdir. Halbuki, 1 iyundan 30 iyun 2017-ci ilədək, yəni hadisə baş verən zaman iddiaçı məzuniyyətdə olmuşdur. Bununla bağlı 119 nömrəli məzuniyyət vərəqəsi verilmişdir. Eyni zamanda, işə bərpa edilməsinə dair Daxili İşlər Nazirliyinə müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə olunmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-476/18 saylı iş) 6 dekabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna ləkə gətirən hərəkət etdiyinə görə, cavabdeh orqanların iddiaçının xidmətdən xaric edilmə barəsində əmrləri qanuna zidd deyil və onun hüquqlarının pozulmasına səbəb olmamışdır. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 6 dekabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X3 və X6, 2-1(103)-681/2019 saylı iş ) 1 mart 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 13 mart 2019-cu il tarixdə qərarın surətini almış, 15 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin Cavabdeh məhkəməyə təqdim etdiyi əsassız və mötəbər olmayan arayışı sübut kimi qəbul edərək tərəflərin təqdim etdikləri sənədlərdəki ziddiyyətləri aradan qaldırmamış, şahid qismində dindirilməsi üçün Xalid Quluzadənin məhkəmə iclasına dəvət edilməs inə lüzum görməmiş və işin faktiki hallarını araşdırmadan iş üzrə qanunsuz qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarının təsviri-əsaslandırıcı hissəsində iddiaçının 01.06.2017-ci il tarixdən əsas məzuniyyətə çıxmağa icazə verilməsinə dair raportuna, eyni zamanda cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 119 saylı məzuniyyət vərəqəsinə və Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi məktuba sübut kimi istinad etmişdir. Lakin iddiaçının əmək haqqı hesabından rəsmi bank çıxarışına hüquqi qiymət verilməmişdir. Halbuki həmin sənədlərdəki ziddiyyətlər açıq-aşkar görünür. Belə ki, iddiaçının həqiqətən də işdən çıxarılmasına səbəb kimi göstərilən hadisə onun məzuniyyətdə olduğu dövrdə, yəni 01.06.2017-30.06.2017-ci il tarixdə baş vermişdir və ona g örə də iddiaçının həmin gün qulluq funksiyasını yerinə yetirməsi absurddur. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, İnzibati Prosessual Məcəllənin 12, 68.1, 87.8, 90-cı maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Kravçenko Rusiya Federasiyasına qarşı” 2 aprel 2009-cu il tarixli qərarına istinad olunmuşdur. tərəflərin izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddəti ndə (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, iddiaçı 9 aprel 2016-cı il tarixdən Bakı şəhəri Cavabdeh Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsinə təyin olunmuş və 14 oktyabr 2017-ci il tarixli əmrlə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cavabdehin 14 oktyabr 2017-ci il tarixli əmrindən görünür ki, iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə əsas kimi 2017-ci ilin iyun ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gecə növbəsində patrul avtomaşınında xidmətdə olan zaman cinsi azlığın nümayəndəsi E.Hüseynovun avtomaşında fahişəliklə məşğul olduğunu aşkar etsə də, özünə məlum olan səbəbdən hadisənin rəsmiləşdirilərək aidiyyəti üzrə araşdırılmasını təmin etməmişdir. İşin 98-ci səhifəsində olan iddiaçının Cavabdeh rəisi polis polkovniki E.İlyasova ünvanladığı 27 may 2017-ci il tarixli raportda qeyd edilmişdir ki, “Yazıb Sizdən xahiş edirəm ki, 01.06.2017-ci il tarixdən əsas məzuniyyətə çıxmağıma icazə verəsiniz. Məzuniyyətimi Gəncə şəhərində keçirəcəyəm”. Cavabdeh rəisi polis polkovniki E.İlyasovun adından imzalanan və polis idarəsinin möh ürü ilə təsdiq edilən iddiaçının adına tərtib edilmiş 119 nömrəli məzuniyyət vərəqində qeyd edilmişdir ki, iddiaçı 1 iyun 2017-ci ildən 30 iyun 2017-ci ilədək məzuniyyətdədir. Məzuniyyəti Gəncə şəhərində keçirəcək (səh. 64). İşin 96-cı səhifəsində olan Cavabdeh rəisi polis polkovniki E.İlyasovun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərdiyi 25 iyul 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı...xidməti dövründə 2016 və 2017-ci ilin hesabına olan əsas məzuniyyətindən istifadə etmişdir. İddiaçı şikayətinin dəlilində 2017-ci ilin iyun ayında məzuniyyətdə olduğu halda, xidmətdən xaric edilmə əmrində onun guya 2017-ci ilin iyun ayında xidməti vəzifəsini yerinə yetirərkən polis adına yaraşmayan hərəkətə yol verməsi qeyd edildiyini, lakin həmin dövrdə məzuniyyətdə olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halına görə iddiaçı 2017-ci ilin iyun ayında xidməti vəzifəsini yerinə yetirərkən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətə yol vermişdir. İddiaçının işləmiş olduğu Bakı şəhəri Cavabdeh rəisinin məhkəmə kollegiyasına göndərdiyi 26 iyun 2019-cu il tarixli məktub-arayışda qeyd edilmişdir ki, 25 iyul 2018-ci il tarixli 073-23159-1218 saylı məktuba əlavə olaraq bildirilir ki, iddiaçı 2017-ci ilin iyun ayında xidməti zərurətlə əlaqədar fahişəliklə məşğul olan cinsi azlıqlara qarşı keçiriləcək mübarizə tədbirlərində iştirak etmək üçün xidmətə cəlb olunaraq tədbirdə iştirak etmişdir. Yuxarıda sadalanan sübutlara görə iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi 2017-ci ilin iyun ayında baş vermişdir. Odur ki, iddiaçının şikayətinin dəlilləri əsaslı olmamışdır. İddiaçının mübahisə açdığı cavabdehin əmrində iddiaçının gecə növbəsində patrul avtomaşınında xidmətdə olan zaman qanunsuz hərəkətə yol verməsi əksini tapmışdır. İddiaçı belə hərəkətə yol verərkən o, məzuniyyətdə olmamışdır. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdədaxili işlər orqanlarının əməkdaşı xidmətdən xaric edilə bilər. İddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən qanunsuz hərəkətə yol verməsi və bu hərəkətin məzuniyyətdə olmayan vaxt baş verməsi müəyyən edildiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, şikayət təmin edilmədən, ape llyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 1 mart 2019-cu il tarixli 2-1(103)-681/2019 saylı qərarıdəyişdirilmədən saxlanılın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar