Məhkəmə qərarları › İş №2-1(102)-1842/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1842/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1842/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi ölən şəxsin adına arayışın verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “ar ayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-559/2021 saylı, 8 iyun 2021-ci il tarixli qərardadından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 29 dekabr 1967-ci il tarixli bağ torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən Ləhiş bağ yerinin 157 №-li, 0,25 ha bağ sahəsi İddiaçı Nuri oğluna 29 dekabr 1973-cü ilədək icarəyə verilmişdir. 2. 02.02.1971-ci il tarixli müqavilənin surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi X1 istifadəsinə verilmişdir. 3. 2 fevral 1971-ci il tarixli müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevr al 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsində o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir.

4. Bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona 17 may 1982-ci il tarixli və 14 oktyabr 1982-ci il tarixli məktub göndərilmişdir. Məktubların icarəçiyə çatmasına dair işdə sübut olmamışdır. 5. 4-cü sahənin böyük mühəndisi E.İ.Tağıyev tərəfindən Bakı şəhər Bağlar Təsərrüfatı idarəsinin rəisi İ.İ.Vəkilova ünvanlanmış 04.03.1983-cü il tarixli məlumata əsasən qeyd olunmuşdur ki, Ləhiş sahəsində yerləşən 157 nömrəli bağın icarədarı X1 idarəyə verdiyi ərizəsi yerində yoxlanı lmış və məlum olmuşdur ki, o, bağ verilən ildən halhazıra qədər bağdan istifadə etməmişdir, ona görə də 15469 №li müqavilənin vaxtı uzadılmamışdır.

6. Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə hər hansı sənəd sübut iş materiallarına əlavə edilməmişdir.

7. X6 24.10.1991-çi ildə vəfat etmiş, 39 saylı notariat kontoru tərəfindən iddiaçı T.H.Əliyevanın vərəsəsi müəyyən edilmişdir.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdeh 16 noyabr tarixli 2016-cı il məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, bağ sahəsin in nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, bölgü-sxeminə əsasən 157 saylı bağ sahəsi əvəzinə başqa bir torpaq sahəsinin ərazisi göstərilmişdir və göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən 4500 m aralı məsafədə yerləşir Həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 157 saylı bağ sahəsinə aidiyyəti yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı 2019-cu il 26 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinin faktiki koordinatlar ı daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(82)-2990/2019 saylı iş), 24.09.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci insta nsiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum anası mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddiaçının anası X6 24.10.1991-ci ildə vəfat etmişdir, bu səbəbdən iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apelyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4məruzəçi, X5 və X10, 2-1(103)-144/2020 saylı iş) 17 yanvar 2020-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, qərarının nəticə hissəsindəki “çıxarış” ifadəsi “arayış” ifadəsi ilə əvəz edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, qanunvericiliyə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər X11-məruzəçi, Quliyev Zakir Müslim oğlu və X2, 2-1(102)-1155/2020 saylı iş) 25.08.2020ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2020ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 157 saylı bağ sahəsinə dair arxiv qovluğunun təsdiq edilmiş surətinin təqdim edildiyini qeyd etsə də, həmin sənədləri tam tədqiq etməmişdir. Belə ki, məhkəmənin əsaslandığı müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsindən göründüyü kimi, o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin icarəçinin ərizəsinin yerində yoxlanması zamanı məlum olmuşdur ki, bağ sahəsi verilən ildən bağdan istifadə etmədiyinə görə müqavilənin müddəti uzadılmamışdır. Bundan sonra bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona təkrar məktublar göndərilmişdir. Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə işdə məlumat yoxdur. Beləliklə, iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüquqa malik olduğunun yoxlanılması üçün, ilk növbədə miras qoyanın öl düyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olub-olmadığı müəyyən edilməli idi. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X8məruzəçi, X9 və X12, 2-1(103)-559/2021 saylı iş) 8 iyun 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

21. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi X1 istifadəsinə verilməsinə dair müqavilənin müddəti 02.02.1981-ci il tarixdə bitdiyindən, həmin müqavilənin müddətinin uzadılmasına dair iş materiallarında hər hansı sənəd-sübut olmadığından, yəni miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair subyektiv hüququ mövcud deyildir.

22. İddiaçı 13.07.2021-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri

23. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, sözü gedən bağ sahəsinə dair müqavilənin müd dətinin uzadılması ilə bağlı icarəçi X1 ərizəsinə Bağlar Təsərrüfatı İdarəsi tərəfindən imtina verilməsinə baxmayaraq, müqavilənin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə təkrar məktublar göndərilmişdir. Məhz bu səbəbdən həmin bağ sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir və həmin bağ sahəsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsi ilə başqa icarəçilər arasında hər hansı icarə müqaviləsi bağlanılmamışdır.

24. Müqavilənin təzələnməsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsinin icarəçi mərhum X3 ünvanladığı məktublar onu deməyə əsas verir ki, rəsmi arxivdə müqavilənin uzadılmasına dair sübut olmasa da, faktiki olaraq həmin bağ sahəsi Tahirə Əliyevanın istifadəsində qalmasının razılıq əlaməti olmuşdur.

25. Cavabdeh orqan bundan xəbərdar olmasına baxm ayaraq, iddiaçının sözü gedən bağın özəlləşdirilməsinə dair onlara ünvanladığı ərizəyə bu xüsusatlara görə imtina verilməmişdir. Nə birinci instansiya məhkəməsində nə də ki, apellyasiya instansiyasında bu məsələyə toxunulmamışdır.

26. Faktiki olaraq sözü gedən bağ sahəsi iddiaçının istifadəsində olduğunu və həmin bağ sahəsi ilə bağlı başqa mülkiyyətçilərlə mübahisə olmadığını nəzərə alaraq, müqavilənin uzadılmasına dair və yaxud təzələnməsinə dair arxiv sənədlərində rəsmi sübutlar olmaması natamam faktiki məlumatların olması kimi qiymətləndirilməlidir və məhkəmə bu natamam rəsmi məlumatları faktiki məlumatlarla tamamlanmasında köməklik etməlidir.

27. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kasasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İ şə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 30. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllə: Maddə

272. Əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsinə görə kirayədar, əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçiyə verməyi öz öhdəsinə götürür. Maddə

274. Əmlak kirayə müqaviləsinin müddəti Əmlak kirayə müqaviləsinin müddəti tərəflərin razılığı ilə, on ildən artıq olmayan müddətə müəyyən edilir. Dövlət, kooperativ və sair ictimai təşkilatlar arasında tikintilərin və ya qeyri-yaşayış binalarının kirayə müqaviləsinin müddəti beş ildən, avadanlığın və sair əmlakın kirayə müqaviləsinin müddəti isə bir ildən artıq olmamalıdır. Müqavilə bu maddədə göstərildiyindən daha uzun müddətə bağlandıqda, müvafiq olaraq on il, beş il və ya bir il müddətinə bağlanmış hesab olunur (16). Maddə

275. Qeyri-müəyyən müddətə bağlanan əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsi müddət göstərilmədən bağlandıqda, bu Məcəllənin 274-cü maddəsi ilə müəyyən edilən müddətlər dairəsində, qeyri-müəyyən müddətə bağlanmış hesab olunur. Tərəflərdən hər biri, digər tərəfi: tikinti və qeyri-yaşayış binaları kirayəyə verildikdə — üç ay əvvəl, sair əmlak kirayəyə ver ildikdə isə — bir ay əvvəl bu barədə yazılı formada xəbərdar etməklə, istədiyi vaxt müqaviləni xitam etməyə haqlıdır. Maddə

276. Müqavilənin müddəti keçdikdən sonra əmlakdan istifadənin davam etdirilməsi Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Bu qayda dövlət, kooperativ və sair ictimai təşkilatlar arasındakı müqavilələrə, habelə məişət burovuz müqavilələrinə tətbiq edilmir (16). Maddə

291. Əmlakdan əvəzsiz istifadə müqaviləsi Əmlakdan əvəzsiz istifadə müqaviləsinə görə bir tərəf, əmlakı digər tərəfə müvəqqəti və əvəzsiz istifadəyə verir və ya verməyi öz üzərinə götürür, digər tərəf isə həmin əmlakı qaytarmağı öhdəsinə götürür. Əmlakdan əvəzsiz istifadə müqaviləsinə müva fiq surətdə bu Məcəllənin 273, 275, 276, 278, 281 və 286-cı maddələrinin qaydaları tətbiq edilir. 31. 1 yanvar 1970-ci ildə qüvvəyə minmiş Torpaq Məcəlləsi: Maddə

12. Torpaqdan istifadə müddətləri Torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir. (-). Torpaqdan müvəqqəti istifadə qısamüddətli-üç ilədək və uzunmüddətli-üç ildən on ilədək ola bilər. İstehsalata lazım olduqda bu müddətlər, müvafiq surətdə, qısa və ya uzun vaxt üçün müvəqqəti istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Torpaq sahələrindən müvəqqəti istifadə müddəti bu sahələri vermiş orqanlar tərəfindən uzadılır. 32. 9 noyabr 1991-ci ildə qüvvəyə minmiş Torpaq Məcəlləsi: Maddə

32. Torpaq ü zərində mülkiyyət hüququna, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; 2) torpaq sahəsinin verildiyi müddət bitdikdə; (-). Maddə

36. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına xitam verilməsi qaydası Bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir. Torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, t orpaqdan istifadə və torpağın icarəsi hüquqlarına rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qərar qəbul edildiyi gündən, torpaq sahibləri, istifadəçiləri, icarəçiləri torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə ərizə verilən gündən xitam verilir. (-). 33. “Torpaq islahatı haqqında Qanun”: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altı nda olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmi ləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 34. “İcarə haqqında” Qanun: Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması 1.İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 2.İcarə obyekti dövlətsizləşdirmə və özəll əşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir. 3.İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. 4.Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. 5.Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. 6.İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin. Maddə

14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı mübahisələrə baxılması İcarə müqaviləs inin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. 35. “Torpaq icarəsi haqqında” Qanun: Maddə

15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı AzərbaycanRespublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqlar ı yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. vəfat mülki 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yol daşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında ve rilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

37. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat (-). 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyas ı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcm də sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

38. İddiaçının kasasiya şikay əti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. 40. 29 dekabr 1967-ci il tarixli bağ torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən Ləhiş bağ yerinin 157 №-li, 0,25 ha bağ sahəsi İddiaçı Nuri oğluna 29 dekabr 1973-cü ilədək icarəyə verilmişdir. 41. 02.02.1971-ci il tarixli müqavilənin surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi X1 istifadəsinə verilmişdir. 42. 2 fevral 1971-ci il tarixli müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsində o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir.

43. Bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona 17 may 1982-ci il tarixli və 14 oktyabr 1982-ci il tarixli məktub göndərilmişdir. Məktubların icarəçiyə çatmasına dair işdə sübut olmamışdır. 44. 4-cü sahənin böyük mühəndisi E.İ.Tağıyev tərəfindən Bakı şəhər Bağlar Tə sərrüfatı idarəsinin rəisi İ.İ.Vəkilova ünvanlanmış 04.03.1983-cü il tarixli məlumata əsasən qeyd olunmuşdur ki, Ləhiş sahəsində yerləşən 157 nömrəli bağın icarədarı X1 idarəyə verdiyi ərizəsi yerində yoxlanılmış və məlum olmuşdur ki, o, bağ verilən ildən halhazıra qədər bağdan istifadə etməmişdir, ona görə də 15469 №li müqavilənin vaxtı uzadılmamışdır.

45. Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə hər hansı sənəd sübut iş materiallarına əlavə edilməmişdir.

46. X6 24.10.1991-çi ildə vəfat etmiş, 39 saylı notariat kontoru tərəfindən iddiaçı T.H.Əliyevanın vərəsəsi müəyyən edilmişdir.

47. Apelyasiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsi X1 istifadə sinə verilməsinə dair müqavilənin müddəti 02.02.1981-ci il tarixdə bitdiyindən, həmin müqavilənin müddətinin uzadılmasına dair iş materiallarında hər hansı sübut-dəlil olmadığından, yəni miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair subyektiv hüququ mövcud deyildir. 48. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin tələbinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. 49. “Torpaq icarəsi haqqında” Qanun 11 dekabr 1998-ci ildə qəbul edilmişdir.

50. T.H.Əliyevanın adına icarə müqaviləsi i sə 2 fevral 1971-ci il tarixdə imzalanmış və qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək göstərilmişdir.

51. T.H.Əliyeva vəfat edən zaman qüvvədə olmuş Torpaq Məcəlləsinin 12-ci maddəsinin tələbinə görə torpaq sahələrindən müvəqqəti istifadə müddəti bu sahələri vermiş orqanlar tərəfindən uzadılır.

52. Torpaq sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti tərəfindən verilmişdir. Torpaq sahəsinin icarə müddəti bitdikdən sonra icarə müddətinin uzadılmasından imtina barədə Trest tərəfindən hər hansı qərar qəbul edilməsinə dair sübut mövcud olmamışdır.

53. İşin 69-cu səhifəsində olan bağlar təsərrüfatı idarəsinin rəisinə 4-cü sahənin böyük mühəndisi tərəfindən yazılmış 4 mart 1983-cü il tarixli məlumatda müqavilənin vaxtının uzadılmadığı qeyd edilmişdir. Həmin məlumatda n sonra Trest rəhbərliyi tərəfindən müqavilənin vaxtının uzadılmasından imtina olunması işdə olan sənədlərlə təsdiq olunmur.

54. Digər tərəfdən, 1981-ci ilin fevral ayında müqavilə müddəti tamam olan vaxt qüvvədə olmuş Mülki Məcəllənin 276 və 291-ci maddələrinin tələbinə görə müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur.

55. T.H.Əliyeva bağlar təsərrüfatı idarəsinin rəisinə yazdığı 3 mart 1982-ci il tarixli ərizəsində müqavilənin müddətini uzadılmasını xahiş etmişdir (səh. 67).

56. Göründüyü kimi, T.H.Əliyeva ilə müqavilə müddəti fevral 1981-ci ildə bitməsinə baxmayaraq, ondan sonrakı dövrdə müqavilə münasibətlərinə xitam verilməsi barədə Trestin rəhbərliyi tərəfindən hər hansı etiraz olması müəyyən edilməmiş, əksinə, daha bir il sonra, yəni 3 mart 1982-ci ildə T.H.Əliyeva müqavilənin müddətinin uzadılması xahişi ilə ərizə ilə trest rəhbərliyinə müraciət etmiş, Trestin işin 4 və 60-cı səhifələrində olan məktublarında bağın icarəyə verilməsi ilə bağlı sənədlərin yenilənməsi üçün T.H.Əliyevanın trestə dəvət edildiyi qeyd edilmişdir.

57. Odur ki, T.H.Əliyeva ilə müqavilə müddəti keçdikdən sonra müqavilə tərəflərinin etirazı olmadığından və torpaq sahəsindən istifadə davam etdirildiyindən müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunmuşdur. 58. 2 fevral 1971-ci il tarixdə bağlanmış müqavilənin 8-ci bəndində sonuncu abzasda qeyd edilmişdir ki, bu müqavilənin bütün maddələrini yerinə yetirdikdə icarədara yeni müddətə müqavilə bağlamaqda hüquq üstünlüyü verilir.

59. Fevral 1981-ci ildə icarə müqaviləsinin müddətinin bitməsindən sonra icarədarın müqavilə şərtlərini tam və ya qismən yerinə yetirmədiyinə dair hər hansı sübut təqdim edilməmişdir.

60. Həmçinin nəzərə alınmalıdır ki, 30 aprel 1992-ci ildə qəbul edilmiş “İcarə haqqında” Qanunun tələblərinə görə müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məh kəmə baxır.

61. İcarə müqaviləsinin müddətinin uzadılmasından imtina ilə bağlı cavabdeh hər hansı dəlil təqdim etməmiş, bu barədə məhkəmə mübahisəsinin olduğuna dair tələb səsləndirməmişdir.

62. Sonrakı dövrlərdə qüvvədə olan hüquq normalarına görə torpaq sahəsindən icarə hüququna xitam verilməsi barədə məhkəmə qərarının olması zəruri idi, lakin icarə münasibətlərinə xitam verilməsinə dair məhkəmə qərarı mövcud olmamışdır. 63. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin tələbinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçdiyindən, T.H.Əliyevanın vəfatından sonra icarə münasibətləri davam etdiyindən icarə hüququ T.H.Əliyevanı n hüquqi varisi olan iddiaçıya keçmişdir.

64. Odur ki, 0,25 ha bağ torpaq sahəsinə iddiaçının subyektiv hüququnun olmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

65. Kasasiya məhkəməsi qərarında iddiaçının hazırkı məzmunda iddia qaldırmaqda subyektiv hüququnun olması üçün ilk növbədə miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olub-omadığının müəyyən edilməli olduğunu bildirmiş, lakin apelyasiya məhkəməsi icarə müqaviləsində göstərilən torpaq sahəsi ilə bağlı miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olmadığı barədə düzgün nəticəyə gəlməmişdir.

66. Apelyasiya məhkəməsi tərəfindən İPM-in 12, 35.1, 48, 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kasasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhk əməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.

67. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-559/2021 saylı, 8 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar