Məhkəmə qərarları › İş №2-1(102)-1855/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1855/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1855/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiy yat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(107)-56/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 238 nömrəli sərəncamına əsasən, şəhərin Xətai və Ç.Atalov adına küçələrinin kəsişdiyi ərazidən “Tikinti materialları” mağazasının tikintisi üçün 78 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında “Qaynaq” kiçik müəssisəsinin mülkiyyətinə verilməsinə ilkin razılıq verilmiş və xx.xx.2000-ci il tarixli “Torpaqların alqı-satqısına” dair akt tərtib edilmişdir.

2. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 238 nömrəli sərəncamında “Qaynaq” kiçik müəssisəsinə şəhərin V.İsmayılov küçəsində mülkiyyətində olan torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilməsi qeyd edilmişdir. 3. xx.xx.2004-cü il tarixli, 209374 nömrəli müqaviləyə əsasən, “Qaynaq” kiçik müəssisəsinin təsisçisi X1 şəhəri, V.İsmayılov küçəsi ilə Ç.Atalov küçəsinin kəsişdiyi yerdə yerləşən tikintialtı sahəsi 76.8 kv.m olan mağaza binasının yarımçıq tikilisini iddia çıya satmışdır. 4. xx.xx.2010-cu il tarixli “Qeyri-yaşayış binasının bəxşişi” müqaviləsinə əsasən, iddiaçı Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən, 2001-ci ildə tikilmiş, ümumi sahəsi 71.98 kv.m olan qeyri-yaşayış binasını anası X4 bağışlamışdır. 5. xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası X3 tam xüsusi mülkiyyətində olmuş, 0.00871 ha torpaq sahəsi üzrə mülkiyyət növü “dövlət”, torpaq sahəsinə hüququn növü isə “istifadə” qeyd edilmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X3 vərəsəsidir.

7. İddiaçı cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun x üsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

8. Cavabdeh xx.xx.2021-ci il tarixli **********09 nömrəli bildirişlə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mövcud olan elektron baza məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan 78 kv.m torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Bununla da həmin torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olub-olmaması ilə bağlı şübhə doğuran hallar yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən həmin 78 kv.m torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olub-olmamasını müəyyən etmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinə 02 noyabr 2021ci il tarixli, ********** nömrəli məktubla müvafiq sorğu göndərilmişdir. Həmin sorğu xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubla cavablandırılmışdır. Cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı torpağın mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətində yaranmış şübhələrlə bağlı sorğu ƏMDX-nın Şəki ərazi şöbəsinin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi torpaq elektron kadastr uçot informasiya sistemində (TEKUİS) və kadastr baza məlumatlarında dövlət mülkiyyəti kimi əks olunmuşdur. Qeyd olunanlara əsasən müraciətin təmin olunması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerl əşən, anasından vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə Əliabad qəsəbə sakini X5 “Qaynaq” kiçik müəssisəsinə məxsus Zaqatala şəhəri, V.İsmayılov küçəsinin Ç.Atalov küçəsi ilə kəsişdiyi yerdə yerləşən tikintialtı torpaq sahəsi 76.8 kv.m, həcmi 30 kubmetr olan mağaza binasının yarımçıq tikilisini notariusun təsdiq etdiyi alqısatqı müqaviləsi əsasında almışdır. Həmin mağazanın inşasını başa çatdırdıqdan sonra o, mağaza binasını və altındakı torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestri ndə qeydiyyata alınması üçün müraciət etmiş, daha sonra həmin mağaza binasını anası X4 bağışlamışdır. Anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra xx.xx.2021-ci il tarixdə o, notariusa müraciət edərək həmin əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hal-hazırda ona məlum olmuşdur ki, mağazanın yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və hüququn növü düzgün qeydiyyata alınmamışdır. Belə ki, reyestrdən verilmiş çıxarışdan görünür ki, mağazaaltı torpaq sahəsinə mülkiyyətin növü “dövlət”, hüququn növü isə “istifadə” yazılmışdır. İddiaçı hesab edir ki, bu qeydiyyat texniki səhv olaraq aparılmışdır. Bu səbəblə iddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

11. İddia tələbinə cavabdeh tərəfindən verilən yazılı münasibətin məzmunu iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Cavabdehin etirazında əlavə olaraq göstərilmişdir ki, sözügedən qeyri-yaşayış binası (mağaza) və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0.00871 ha torpaq sahəsinin mülkiyyət növü dövlət olmaqla, iddiaçının mərhum anası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Etiraz olaraq həmçinin bildirilir ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsini 5 fevral 2000-ci il tarixində bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mağazanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövrdə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur. Hal-hazırda da həmin səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

12. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) xx.xx.2022-ci il tarixli, 21(116)-521/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

13. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-114/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (116)-521/2022 nömrəli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmış və iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1174/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

16. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 19 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1174/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Torpaq sahəsi ilə bağlı ətraflı arayışın və mütəxəssis rəyinin alınması məqsədilə məhkəmə tərəfindən verilmiş sorğu ya cavab olaraq təqdim olunmuş smeta iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla smeta üzrə ödənişin həyata keçirilməsindən imtina edilmişdir. Odur ki, məhkəmə cavabdeh tərəfindən torpaq sahəsi ilə bağlı təqdim edilmiş məlumatlara istinadən işin hallarına hüquqi qiymət vermişdir. İşin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılması üçün istinad olunan müqavilələrdə və vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli 87.1 kv.m torpaq sahəsinə dair məlumatlardan qeyri-yaşayış binasının təsvir edilməsi üçün istifadə olunmuş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak qismində torpaq sahəsi deyil, ümumi sahəsi 71.98 kv.m olan qeyri-yaşayış binası göstərilm işdir. Mübahisəli torpaq sahəsinin nə iddiaçıya, nə də onun mərhum anasına satılmasına və ya bağışlanmasına dair mülki hüquqi əqd və ya torpaq sahəsinin ayrılması ilə bağlı inzibati akt aşkar edilməmişdir. X3 adına tərtib edilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışda da mağaza binasının yerləşdiyi 0.00871 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu göstərilmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Məhkəmə qərardadı əsasında daxil olmuş cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m qeyri-yaşayış binasının altındakı torpaq sahəsi İdarənin xidməti istifadəsində olan elektron baza məlumatlarına əsasən mülkiyyət növü dövlət olmaqla, iddiaçının mərhum anası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 26 aprel 2023-cü il tarixli, 21(107)-56/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1174/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

23. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Bundan başqa, iddiaçı qeyd edir ki, hazırki mübahisə predmeti olan torpaq sahəsi dövlətdən bir dəfə alqı-satqı olunduğuna görə təkrarən bir daha alqı-satqı oluna bilməz. Şikayətdə qeyd etdiyi bu xüsusatlara apellyasiya məhkəməsi heç bir hüquqi qiymət verməmiş, işin hallarını kifayət qədər araşdırmamışdır. Şəki Apellyasiya Məhkəməsi öz qərarında “Qaynaq” kiçik müəssisəsinin direktorunun mübahisəli torpaq sahəsini alqı-satqı aktı ilə alması barədə he ç bir söz yazmamış, ümumiyyətlə, “Qaynaq” kiçik müəssisəsinin direktoru və təsisçiləri barədə hər hansı bir araşdırma aparmamışdır. Məhkəmə yalnız cavabdehin imtina məktubunu qərara köçürməklə kifayətlənmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tə rəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmla k barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti və zifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə v erilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər v ə ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏH KƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessu al qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

34. İşin mübahisəsiz halı ondan ibarətdir ki, vərəsəlik qaydasında mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququ mövcuddur. Hazırkı qərarın 3-6-cı bəndlə rində sadalanan işin hallarına görə, iddiaçı həmin qeyri-yaşayış binasını alqı-satqı qaydasında əldə etmiş, daha sonra mərhum anası X4 bağışlamış, sonuncunun vəfatından sonra həmin əmlak iddiaçıya miras qalmışdır.

35. Belə ki, iddiaçı ilk dəfə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnu xx.xx.2004-cü il tarixli, 209374 nömrəli müqaviləyə əsasən əldə etmişdir.

36. İş materiallarında olan və məhkəmə araşdırmasının predmeti olan həmin alqısatqı müqaviləsində birmənalı şəkildə “tikinti altı sahəsi 76.8 kv.m, həcmi 230 kub metr olan mağaza binasının yarımçıq tikilisi”nin iddiaçıya satıldığı qeyd olunur. 37. 22 iyun 2005-ci il tarixdə 02 nömrəli reyestr kitabının 59-cu səhifəsində 266 reyestr nömrəsi ilə “kubikdən 2001-ci ildə tikilmiş, ümumi sahəsi 71.98 kv.m ola n mağaza binası” üzərində iddiaçının adına mülkiyyət hüququ qeydə alınmışdır.

38. Eləcə də, xx.xx.2010-cu il tarixli “Qeyri-yaşayış binasının bəxşişi” müqaviləsinə əsasən, iddiaçı tərəfindən mərhum anası X4 bağışlanan daşınmaz əmlak “Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 2001-ci ildə tikilmiş, köməkçi sahəsi 0 kv.m, ümumi sahəsi 71.98 kv.m, əsas sahəsi 71.98 kv.m olan qeyri-yaşayış binasından (mağazadan)” ibarət olmuşdur.

39. Habelə, mərhum X3 adına verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda da sadəcə, “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası”nın X3 tam xüsusi mülkiyyətində olması qeyd edilmişdir.

40. Göründüyü kimi, hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi, həmin torpaq sahəsinin üzə rində yerləşən qeyri-yaşayış sahəsinin ilk dəfə iddiaçıya satıldığı müqavilənin, iddiaçının mülkiyyət hüquqlarının tanındığı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin, qeyri-yaşayış sahəsinin bağışlanması haqqında müqavilənin və həmin qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anasına məxsusluğunun tanındığı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin predmeti olmamış, yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədlər və aparılmış qeydlər sadəcə, qeyri-yaşayış sahəsi barədə olmuşdur.

41. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılması üçün istinad olunan müqavilələrdə və vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli 87.1 kv.m torpaq sahəsinə dair məlumatlardan qeyri-yaşayış binasının təsvir edilməsi üçün istifadə olunmuş, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlak qismində torpaq sahəsi deyil, ümumi sahəsi 71.98 kv.m olan qeyri-yaşayış binası göstərilmişdir. Mübahisəli torpaq sahəsinin nə iddiaçıya, nə də onun mərhum anasına satılmasına və ya bağışlanmasına dair mülki hüquqi əqd və ya torpaq sahəsinin ayrılması ilə bağlı inzibati akt aşkar edilməmişdir.

42. İddiaçı tərəfindən mübahisələndirilən ünvan 1 ünvanında yerləşən, anasından iddiaçıya vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 21(107)-56/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar