Məhkəmə qərarları › İş №2-1(102)-1856/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1856/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1856/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.2022-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 21(105)-465/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZ-İV 454458 seriyalı doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.2005-ci il də Bakı şəhərində anadan olmuşdur. Şəhadətnamənin ata qrafasında X5, ana qrafasında Qanuni nümayəndə qeyd edilmişdir. 2. ünvan 2 şəhər Mənzil-Kommunal İstismar İdarəsi üzrə təsərrüfat kitabından 361 nömrəli, xx.xx.2002-ci il tarixli çıxarışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə təsərrüfata qeydiyyata düşmüşdür.

3. X5 xx.xx.1981-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. AA 136197 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən ünvan 2 rayonundan məcburi köçkün kimi Sabirabad rayonunda müvəqqəti məskunlaşmışdır.

4. İddiaçının anası Qanuni nümayəndə ünvan 3 ünvanında qeydiyyatdadır.

5. Cavabdehin xx.xx.2021-ci tarixli imtina məktubunda “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad edilərək iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “oğlu xx.xx.2005-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuşdur, valideynləri ilə birlikdə yaşayır. İddiaçı atası X5 məcburi köçkündür, komitə tərəfindən ona ünvan 2 rayonundan məcburi köçkün olmasını təsdiq edən AA seriyalı, 136197 nömrəli vəsiqə verilmişdir. İddiaçı özü məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabeh tərəfindən hər iki valideynin məcburi köçkün olmaması səbəbi ilə müraciətin təmin olunmasından imtina edilmişdir.

8. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası X5 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyy atda olsa da, İddiaçı anası Qanuni nümayəndə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, yataqxana 1, 18A ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qanuni nümayəndə məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı anası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və Abşeron rayonu, Xırdalan şəhəri olduğu üçün, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 18 aprel 2022-ci il tarixli, 21(118)-793/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. İddiaçının atası X1 rayonunda qeydiyyatda olmaqla məcburi köçkün statusuna malik olsa da, anası Qanuni nümayəndə qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) deyil, Abşeron rayonunun Xırdalan şəhəridir. Bununla bağlı iddiaçıya məcbu ri köçkün statusu verilməsi üçün “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinin dispozitiv şərti yerinə yetirilməmiş olur.

11. İddiaçı tərəf apellyasiya şikayəti verərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, İ.K.Dəmirov və S.A.Qafari) 30 iyun 2022-ci il tarixli, 2-1(105)-465/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(118)-793/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı tərəf kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ Kasasiya şikayətlərinin dəlilləri 15. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndi 2013-cü ildən tətbiq olunduğundan və bu bəndin tələbləri hazırda onun vəziyyətini ağırlaşdırdığından geriyə tətbiq edilə bilməz.

16. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

17. Həmçinin, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1,6-ci bəndində qeyd olunan “valideynlərindən atası” məcburi köçkün" statusuna malik olan” ifadəsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində qeyd olunan bərabərlik prinsiplərinə zidd kimi qiymətləndirilməlidir.

18. Hal-hazırda işğaldan azad olunan rayonlara məcburi köçkünlərin yaşayış yeri üzrə qeydiyyatının məhdudlaşdırılması səbəbindən, Həsənova X2 rayonuna qeydiyyata düşə bilmir. Bu tərəfin iradəsindən asılı olan hal deyil, bu dövlət tərəfindən verilən müvəqqəti xarakterli qəra rdır. Təbii ki, bu məhdudlaşdırma ləğv edildikdən sonra yenə də işğaldan azad olunmuş rayona qeydiyyata alınmaq üçün müraciət edəcəklər.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə iddia tələbinin təmin edilməməsi qanuni və əsaslı deyil, həmçinin iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. 20. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 21. “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə

10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikası nın müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Maddə

12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. 24. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iy ul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən, Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir. 25. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxs lərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.... 26. “İnzibati icraat haqqında” Qanun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim ol unan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

27. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlil lərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və şəxsin bu statusdan məhrum edilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir.

33. Hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusunun və həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsindən imtinanın əsası kimi cavabdehin istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qayda lar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir.

34. Qaydaların istinad edilən həmin bəndinə görə, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olan uşaqlara verilir.

35. Hazırkı iş üzrə iddiaçıya münasibətdə qeyd olunan 1-ci və 3-cü şərtin ödənildiyi iş üzrə materiallarla təs diq olunur. Cavabdeh tərəfindən də həmin şərtlərin ödənildiyi mübahisələndirilmir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 173579 nömrəli “Məcburi köçkün vəsiqəsi”nə əsasən, iddiaçının atası X5 1993-cü ildə daimi yaşayış yeri olan ünvan 2 rayonunu tərk etmiş və Sabirabad rayonunda müvəqqəti məskunlaşmışdır.

36. Cavabdehin imtinasının əsas dəlili iddiaçıya münasibətdə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Başqa sözlə, cavabdeh imtinanın əsası kimi iddiaçının atasının daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon (şəhər) olmas ına baxmayaraq, anasının işğal olunmuş rayon (şəhər) olmayan Abşeron rayonunun Xırdalan şəhərində qeydiyyatda olduğuna istinad edir.

37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Qanunda həmçinin məcburi köçkün statusunun müəyyən edilməsi ilə bağlı cavabdehə belə səlahiyyətin verilməsi barədə institusional göndərici norma da nəzərdə tutulmamışdır. Buna baxmayaraq Qaydalar “məcburi köçkün” statusunun verilməsi üçün Qanunla nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət m üəyyən etmişdir. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz.

38. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, inzibati orqan imtinasını əsaslandırdığı “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvədə olmasına rəğmən, normativ aktların hüquqi qüvvəsi üzrə təsnifatı və iyerarxiyası baxımından qanun istinad olunan qaydaya münasibətdə daha üstün hüquqi qüvvəyə malikdir. Bu mənada həmin Qaydanın mövcudluğu və hüquqi qüvvəsi şəxsin qanunla nəzərdə tutulmuş hüququnun həyata keçirilməsini istisna edə bilməz. Başqa sözlə, “Qaydalar”ın həmin tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna və konstitusion dəyərlərə ziddir.

39. Beləliklə, hazırkı mübahisəyə münasibətdə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdi q olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona məcburi köçkün statusu verilməsini tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmuş və şəxsin hüququnun pozulması ilə nəticələnmişdir.

40. Nəticə etibarı ilə, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslandığından şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir.

41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixl i, 2-1(105)-465/2022 nömrəli qərarı ləğv olunur. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar