Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-187/2019 22.01.2019 ALİ MƏHKƏMƏ giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələb inə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1903/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22 yanvar 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçının izahatından, cavabdehin iddiaçıya ünvanladığı 20.04.2018-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçıya 01.01.2006-cı il tarixədək 22 il 4 ay iş stajı müəyyən edilməklə pensiya təyin etmişdir. İddiaçı hesab edir ki, pensiyası orta aylıq əmək haqqı nəzərə alınmadan hesablanmışdır. Cavabdeh pensiyanın orta aylıq əmək haqqı əsasında yenidən hesablanmasını “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə 01.01.2010-cu il tarixdən edilmiş dəy işikliyə görə mümkün hesab etməmişdir. İddiaçı 23 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, pensiyasının 01.01.2008-ci ildən, həmin dövrdə qüvvədə olmuş hesablama qaydası ilə (son iki ilin əmək haqqı nəzərə alınmaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.X-ci ildə anadan olmuşdur. Cavabdeh tərəfindən 01.01.2006-cı il tarixədək 22 il 4 ay iş stajı müəyyən edilməklə ona pensiya təyin edilmişdir. Lakin 01.01.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun hesablama aparılmamışdır. Belə ki, həmin dövrdə qüvvədə olmuş qanunvericilik normal arının tələblərinə görə ona pensiya hesablanarkən orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanmalı idi. İddiaçı pensiya hüququnun pozulduğu qənaətindədir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Əmək pensiyaları haqqında” Qanunun 2006-cı ildə qüvvədə olmuş 26.2, 27.1, 27.2-ci, həmin Qanunun hal-hazırda da qüvvədə olan 9.8, 37.7-ci maddələrinə istinad edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2537/2018 saylı iş) 10 may 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının pensiyasının 01.01.2008-ci il tarixdən, həmin dövrdə qüvvədə olmuş hesablama qaydası ilə (son iki ilin əmək haqqı nəzərə alınmaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edi lməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddiaçıya pensiya təyin edilərkən orta aylıq əmək haqqının nəzərə alınmalı olması ilə bağlı qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi 01.01.2010-cu tarixdən qüvvədən düşsə də, iddiaçı həmin qanunun qüvvəyə minməsindən əvvəl, yəni 01.01.2008-ci il tarixdə pensiyaçı olmuşdur. Həmçinin 01.01.2008-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunu pensiya hesablanarkən orta aylıq əmək haqqına məhdudiyyətin tətbiq edilməsini aradan qaldırmışdır. İddiaçı 01.01.2008-ci il tarixdə pensiyaçı olduğundan, həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolle giyası (hakimlər X3məruzəçi, X4 və X2, 2-1(103)-1903/2018 saylı iş) 26 sentyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 9 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 30 oktyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanuna əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Apellyasiya instansiyası məhkəməsi işə düzgün mövqedən qiymət verməmiş iddiaçının ərizəsini əsaslı sayaraq, apellyasiya şikayətindəki dəlillərə qiymət verməmiş və iddia tələbini təmin etmişdir. tərəflərin izah atları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia tələbi pensiyanın 01.01.2008-ci ildən, həmin dövrdə qüvvədə olmuş hesablama qaydası ilə (son iki ilin əmək haqqı nəzərə alınmaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədədir. Cavabdehin imtinası isə 3 iyul 1975-ci ildən 1 avqust 1993-cü ilədək olan iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığına görə pensiyanın yenidən hesablanmasının mümkün olmaması barədədir. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilir ki, işdə olan DSMF-nin Binəqədi rayon şöbəsinin iddiaçıya ünvanladığı 20.04.2018-ci il tarixli imtina məktubundan görünür ki, DSMF-nin Binəqəd i rayon şöbəsi iddiaçıya 01.01.2006-cı il tarixədək 22 il 4 ay iş stajı müəyyən edilməklə pensiya təyin etmişdir. Lakin pensiyanın orta aylıq əmək haqqı əsasında yenidən hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01.01.2010-cu il tarixdən edilmiş dəyişikliyə görə mümkün hesab edilməmişdir. Lakin iş materiallarında bəhs olunan məzmunda cavabdehin məktubu olmamışdır. İPM-in 35.1-ci maddəsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinin tələbinə görə məhkəmələr qanunvericilikdə nəzərdə tutulmuş hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. Apellyasiya instansiyası m əhkəməsi iddiaçının hazırkı iddia ilə əvvəllər cavabdehə müraciət edib-etməməsini, cavabdehin bu tələblə bağlı imtinasının olub-olmamasını araşdırmamışdır. İddiaçı 1 yanvar 2008-ci ildən son iki ilin əmək haqqı nəzərə alınmaqla pensiya hesablanmasını xahiş edir. İddiaçının işdə olan əmək kitabçasının surətindən görünür ki, onun sonuncu iş yeri 5 nömrəli körpələr evi uşaq bağçası olmuş və ərizəsinə əsasən 1 noyabr 2003-cü ildə vəzifəsindən azad edilmişdir (səh 3-4). İşdə olan sənədlərlə iddiaçının 1 noyabr 2003-cü ildən sonrakı dövrdə 1 yanvar 2008-ci ilə qədər son iki ilin iş yeri və əmək haqqı alması barədə sübut olması təsdiq edilmir. Həmçinin işdə olan sənədlərdən iddiaçının konkret olaraq hansı vaxtdan pensiya hüququ yaranması və ona pensiya təyin edilməsi müəyyən deyildir. Bu səbəbdən iddia tələbi ilə bağlı hansı maddi hüquq normasına uyğun hüquqi qiymətləndirmə aparılması çətinlik törədir. İPM-in 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir (48.2-ci maddə). Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin bəhs edilən normalarına əməl etməyərək işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmiş, bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməsi ilə bağlı tədbir görməmiş, cavabdehdən iddiaçıya pensiya təyin edilməsi və hazırkı tələblə ona müraciət etməsi ilə bağlı zəruri sübutları tələb etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Əmək pensiyaları haqqında ” Qanunun 26.2-ci maddəsi 1 yanvar 2006-cı ildən 6 noyabr 2007-ci ilə qədər bir redaksiyada, 6 noyabr 2007-ci ildən 11 noyabr 2009-cu ilə qədər Qeyd hissəsi ilə birlikdə başqa redaksiyada və müxtəlif məzmunlarda olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin məhz hansı redaksiyasının tətbiq edilməsi barədə əsaslandırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya əmək pensiyası təyin edilib hesablanarkən 1 yanvar 2010-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 10.2-ci və 27-ci maddələrinə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilməməsi qənaətinə gəlmiş, lakin qanunun 10.2 və 27-ci maddələrinin 1 yanvar 2010-cu ilə qədərki redaksiyasının məhz hansı qaydada və əsaslarla tətbiq edilməsi mümkünlüyü barədə hər hansı əsaslandırma verməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırı ldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv olunması barədə şikayətin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti t əmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1903/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-187/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-187/2019
22.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver