Məhkəmə qərarları › İş №2-1(102)-1889/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1889/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1889/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun hüquqi əsaslılığının müəyyən edilməsi və imtahana buraxılma” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(104)-100/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi – 2/0661) diploma əsasən, iddiaçı Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş və Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə ona “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir.

2. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 1254 nömrəli arayışa görə, iddiaçı həqiqətən 2009/2010-cu tədris ilində Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialını bitirmiş, ona Yekun Dövlət Attestasiya Komissiyasının qərarı ilə “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası və bakalavr dərəcəsi verilmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli, Z-4445/10-24 nömrəli məktubundan görünür ki, iddiaçı müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsində iştirak etmək üçün cavabdehə müraciət etmiş, lakin həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirməsi ilə bağlı verilmiş B seriyalı, 106718 nömrəli (qeydiyyat nömrəsi – 2/0661) diplomun hüquqi baxımından əsaslı hesab olunması və onun müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialını bitirmiş və ali təhsili bitirməsi ilə bağlı ona B seriyalı, 106718 nömrəli diplom verilmişdir. Həmin diplom əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanında iştirak edərək ibtidai sinif müəllimi kimi Tovuz rayonu nun müxtəlif kəndlərində işləmişdir. Ümumilkdə 3 ilə qədər müəllim kimi işləmiş, qanuna müvafiq qaydada əmək haqqı almış, sosial sığorta haqlarını ödəmişdir. 2021-ci ildə yenidən MİQ imtahanı verərək 54 balla test imtahanından müvəffəqiyyətlə keçmiş və Tovuz rayonunun Məşədivəlilər kəndi M.Yusifov adına tam orta məktəbindəki vakant yerə ixtisası üzrə müəllim təyin olunmuşdur. xx.xx.2022-ci ildə keçirilmiş müsahibə mərhələsinə dəvət olunmuş, müsahibəyə qatılmaq istədiyi zaman ali təhsil sənədi olan diplom yoxlanılmış və ona bildirilmişdir ki, diplomu dövlət reyestrində sistemdə görünmür və saxtadır. Bununla bağlı, iddiaçı cavabdehə müraciət etikdə yenidən həmin əsasla onun imtahana buraxılmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin diplomun saxta olması ilə bağlı mövqeyi əsassız və qanunsuzdur. Cavabdehin etirazları:

6. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı, 106718 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə edilməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçının saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilməsi gələcəkdə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuş olar. Eyni zamanda, cavabdeh tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı cavabdeh tərəfindən sifariş verilməmişdir. Qanunvericiliyə əsasən təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə cavabdehə aid edilmişdir. Ona görə də, iddiaçı MİQ imtahanının müsahibə mərhələsinə buraxılmamışdır. Pedaqoji fəaliyyətə başlamaq üçün təqdim edilən sənədin dövlət nümunəli olması əsas şərtdir. Bu baxımdan iddiaçının MİQ imtahanlarına buraxılması tələbinin hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Gəncə İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(114)-1874/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının müəllimlərin işə qəbul imtahanlarına buraxılması öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya sözügedən diplom təhsil fəaliyyəti üçün dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən verilmişdir, bu səbəbdən də məhkəmə hesab edir ki, ona verilmiş diplomun dövlət nümunəli olmaması onun ziyanına şərh edilməməlidir. Başqa sözlə, cavabdeh orqan sözügedən diplomun verilməsində iddiaçının hər hansı təqsirli hərəkətinin olması barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə işin faktiki hallarına nəzərən qeyd edir ki, iddiaçı 2016-cı ildən müəllim kimi fəaliyyət göstərdiyi, eyni zamanda bir neçə dəfə imtahanlara buraxıldığı halda, növbəti dəfə sözügedən əsasla imtahana buraxılmaması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulan etimad prinsipinə ziddir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2023-cü il tarixli, 2-1(104)-100/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia rədd edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən iddiaçının adına yazılmış B seriyalı, 106718 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, iddiaçının təqdim etdiyi B seriyalı, 106718 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən AMİ-nin Gəncə filialının “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə məzunu X1 adına verilmişdir. Həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanun”unun 21-ci maddəsində qeyd edilir ki, ali və orta ixtisas təhsil müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Dövlət təhsil müəssisələrində tələbə qəbulu qabaqcıl dünya təcrübəsinə əsaslanan “Qəbul Qaydaları”na və onların nizamnamələrinə mü vafiq olaraq aparılır. Qanunun bu normasından göründüyü kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu yalnız, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən mərkəzləşdirilmiş qaydada ola bilərdi. Birinci instansiya məhkəməsi isə iddiaçının ali təhsil müəssisəsinə hansı qaydada qəbul olunmasını müəyyən etmədən iddiaçının müəllimlərin işə qəbul imtahanlarına buraxılması barədə qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının adına yazılmış B seriyalı, 106718 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir və iddiaçının təqdim etdiyi B seriyalı, 106718 nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən AMİ-nin Gəncə filialının “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə məzunu X1 adına verilmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş imtahanlarda iştirak etmədən qəbul edildiyini qeyd edərək hüququ əsas kimi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 826cı bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Q əbulu üzrə Dövlət Komissiyası haqqında” Əsasnamənin 6.1-ci bəndinə istinad etmişdir. Göründüyü kimi, həmin qanunvericilik aktları 2005-ci il və daha sonra qəbul edilmişdir. İddiaçı isə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına 2004-cü ildə qəbul olunmuşdur. Deməli, həmin vaxt qüvvədə olan qanunvericilik aktları tətbiq edilməli idi. Tələbələrin yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə rəsmi olaraq qəbulu 2005-ci ildən sonra başlamışdır. Ondan əvvəlki dövrlərdə ali təhsil müəssisələrinin tələbə qəbul etmək səlahiyyətləri olmuşdur. İddiaçı da bu hüquqdan istifadə edərək daxili müsabiqə ilə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olunmuşdur.

14. İddiaçının dövlət orqanına etimadı vardır. Belə ki, qəbul olunduğu təhsil müəssisəsi hər hansı özəl ali təhsil müəssisəsi deyi ldir, dövlət ali təhsil müəssisəsidir. İddiaçı haradan bilə bilərdi ki, yekunda onun adına verilmiş diplom, eyni zamanda başqa şəxsin də adına verilib. İnzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. İddiaçı dövlət ali təhsil müəssisəsinə (ona nəzarət etməli olan cavabdeh orqana) etibar etmişdir.

15. Həmçinin cavabdeh iddiaçının həmin diplom üzrə aldığı ixtisasına uyğun olaraq ümumi məktəblərdə müəllim işlədiyini qəbul etmiş, ona həmin işində heç bir əngəl törətməmiş, rəsmi olaraq bir neçə dəfə MİQ imtahanlarında iştirakına icazə vermiş, başqa sözlə, hazırda onu imtahanın müsahibə mərhələsinə buraxmamaqla əvvəlki praktikasına uyğun hərəkət etməmiş, nəticədə iddiaçının qanunla qorunan etimad hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri:

16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. K assasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, i şə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında dövlət təhsil müəssisəsi olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının qanuni əsaslarla fəaliyyət göstərdiyini, həmçinin iddiaçının həmin təhsil müəssisəsində ali təhsil aldığını təkzib edən sübut yoxdur. Həmin halları nəzərə almadan apellyasiya i nstansiyası məhkəməsi iddia tələbini rədd edərkən sözügedən təhsil müəssisəsi tərəfindən iddiaçının adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasını əsas gətirmişdir. Halbuki, adına verilmiş diplom blankının dövlət nümunəli təhsil sənədi olmamasında iddiaçının təqsiri işin faktiki halları ilə müəyyən edilmir. Eyni zamanda, cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna istinad edib iddiaçının təqdim etdiyi diplomla eyni seriyalı, eyni nömrəli diplomun cavabdeh tərəfindən Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə məzunu X1 adına verilmiş olduğunu qe yd etmişdir.

24. Dövlət tərəfindən müvafiq səlahiyyət verilmiş təhsil müəssisəsi tərəfindən verilmiş diplomun seriya və nömrəsi ilə üst-üstə düşən diplomun bir başqa şəxsə verilmiş olması iddiaçının iradəsindən kənar haldır və iddiaçının adına verilmiş diplomun saxta olduğunu özü-özlüyündə təsdiq etmir. Digər tərəfdən, iddiaçının adına verilmiş diplomun əsli məhkəmə tədqiqatının predmeti olmadan onun hüquqi əsasının olmadığı ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, iddiaçının təqdim etdiyi diplomla eyni seriyalı, eyni nömrəli olduğu iddia edilən diplomu, həmin diplomun verilməsinə əsas olan sənədləri əldə etmədən sadəcə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilm iş məlumata istinad etmişdir.

26. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ali təhsil müəssisəsinə hansı qaydada qəbul olunmasının müəyyən edilmədiyini qeyd etsə də, özü də bu istiqamətdə lazımi qaydada araşdırma aparmamış, məsələyə iddiaçının sözügedən ali təhsil müəssisəsinə qəbul olduğu dövrdə qüvvədə olan qanunvericilik baxımından hüquqi qiymət verməmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, iddia tələbi üzrə gəldiyi nəticəni təsdiq edən, tərəflərin əsaslandığı şübhələri aradan qaldıran sübutlara əsaslanmalıdır. Hazırkı işdə bu, baş ver mədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

30. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 30 mart 2023-cü il tarixli, 21(104)-100/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar