Məhkəmə qərarları › İş №2-1(102)-1890/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1890/2019

02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1890/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 3 uşaqlı qadının yaşa görə əmək pensiyası; əvvəllər qüvvədə olmuş Qanunun tətbiqi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-574/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 2 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 1 sentyabr 1958-ci il tarixdə anadan olmuşdur. Əmək kitabçasına əsasən, 1 sentyabr 1975-ci ildən əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək işləyir. Ümumi iş stajı 42 ildən çoxdur. Doğum haqqında şəhadətnamələrə əsasən, iddiaçının 10.01.1985-ci il tarixdə X1, 28.01.1987-ci il tarixdə X7, 29.05.1992-ci il tarixdə X8 uşaqları doğulmuşdur. İddiaçının əri Qurbanov Rasim 15.07.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı ona çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdehin 18 aprel 2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, qadınların müəyyən edilmiş pensiya yaşına çatdıqda (60 yaş 6 ay) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan yaş həddi olmadığından əmək pensiyası almaq hüququ yoxdur. İddiaçı cavabdehə qarşı 1 may 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 51 yaşı tamam olan 1 sentyabr 2009-cu il tarixdən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli Qanunun 01.01.2010-cu il tarixədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən, iddiaçının çoxuşaqlı qadın, üç uşaq anası kimi yaşa görə əmək pensiyası hüququ 01.09.2009-cu il tarixdən, yəni 51 yaşından yaranmışdır. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, Mülki Məcəllənin 7.1-ci maddəsinə istinad olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(82)-2438/18 saylı iş) 6 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 51 yaşının tamam olduğu 1 sentyabr 2009-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara al ınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməlidir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 6 noyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi,X4 və X5, 2-1(103)-574/2019 saylı iş) 28 fevral 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 18 mart 2019-cu il tarixdə qərarın surətini almış, 15 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Həm birinci instans iya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən işi tam, hərtərəfli və obyektiv araşdırmadan formal qərar qəbul etmişdir. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 3, 7-ci maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bu ndan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı cavabdeh inzibati orqandan 3 uşağa görə güzəştli şərtlə yaşa görə ona əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının 60 yaş 6 aydan pensiya hüququ olduğunu bildirib ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi barəd ə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı 1 sentyabr 1958-ci ildə doğulmuş, 51 yaşı 1 sentyabr 2009-cu ildə tamam olmuşdur. İddiaçının 51 yaşı tamam olan vaxt, yəni “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu ilədək qüvvədə olmuş 8.1-ci maddəsinin redaksiyasına əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından görünür ki, iddiaçı 19 85, 1987 və 1992-ci il təvəllüdlü 3 uşaq doğub onları 8 yaşa qədər tərbiyə etmiş, 51 yaşı 1 sentyabr 2009-cu il tarixdə tamam olan vaxt həmin dövrə onun 5 ildən artıq əmək stajı yaranmış, hər üç uşaq 8 yaşına çatmışdır. Göründüyü kimi, iddiaçının 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə dəyişiklik olunana qədər, yəni 1 yanvar 2010-cu il tarixədək yaranmışdır. Beləliklə, iddiaçının 51 yaşı olan vaxt qüvvədə olmuş normaya görə onun pensiya hüququnun yaranması üçün 3 uşağı olmalı, onları 8 yaşadək tərbiyə etməli, ən azı 5 il sığorta stajı və 51 yaşı olmalı idi. Həmin vaxt, yəni iddiaçının 51 yaşı olduğu 1 sentyabr 2009-cu ildə bəhs olunan şərtlərin hamısı mövcud olmuşdur, sadəcə iddiaçı 51 yaşı olan vaxt deyil, qanunvericilikdə dəyiş iklik edildikdən sonra ona pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin işin müəyyən edilən hallarını və sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının 51 yaşından yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlərin olması (üç uşaq anası, 01.09.2009-cu il tarixdə 51 yaşının tamam olması və 5 ildən artıq sığorta stajının olması) ona 1 sentyabr 2009-cu il tarixdən yaşa görə pensiyaya çıxmaq hüququnu qazandırır. İddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyinin şübhə altına alınması üçün isə hər hansı əsas olmamışdır. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, qadınların yaşının 60 yaş 6 ay, stajının 12 il olduğu təqdirdə əmək pensiyası hüququ olma sını bildirmişdir. İddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun 8ci maddəsinin tələbinə görə onun güzəştli şərtlə pensiya almaq hüququ yarandığından mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan qanunvericilik onun çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ olmasını təsbit etdiyindən, həmin vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hər üç element (uşaqların sayı və onların 8 yaşınadək tərbiyə olun ması; iddiaçının sığorta stajı; yaşı) mövcud olduğundan apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır və bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının müraciəti ilə bağlı cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Mə cəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-574/2019 saylı, 28 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar