Məhkəmə qərarları › İş №2-1(102)-1892/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1892/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1892/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (registrdən çıxarışın etibarsız hesab edilməsi, iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər - Bakı Şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departame nti, Nərimanov ryon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X3) “registrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 14 aprel tarixli, 2-1(103)-780/2023 saylı qərarından cavabdeh və 3-cü şəxs F.Rüstəmov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 2019-cu il 5 sentyabr tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən dövlət mənzil fonduna aid yaşayış binası Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 035919 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai prospekti, 33 saylı evin 44 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi 1996-cı il 3 iyul tarixində qeydiyyatdan keçirilmişdir.

3. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanlanmış 2022-ci il 15 aprel tarixli, 3/97 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən, 1910-cu ildə inşa edilmiş ümumi həyət tipli ev Birliyin balansındadır, ümumi həyət tipli evin texniki sənədləri yoxdur və balansda zirzəmi mövc ud olmamışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2022-ci il 31 may tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli ünvanda yerləşən bina (ev) 1910-cu ilin tikilisi olduğu üçün binanın layihəsi yoxdur, bu səbəbdən də sözügedən binanın zirzəmi mərtəbəsinin layihədə nəzərdə tutulub-tutulmamasını təyin etmək mümkün olmamışdır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2022-ci il 17 mart tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən (elektron) görünür ki, Bakı şəh əri, Nərimanov rayonu, Xətai prospekti, 33 saylı qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2021-ci il 12 aprel tarixində qeydiyyata alınmışdır.

6. Həmin məktuba əlavə edilmiş Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin 2016-cı il 28 dekabr tarixli, 448 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən, sahəsi 58,2 kv.m olan 45 nömrəli mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilməsi qərara alınmışdır.

7. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat №1133) balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışdan görünür ki, 1910-cu ildə istismara verilmiş Bak ı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən yaşayış binası ***-*******9 registr nömrəsi ilə, sahəsi 20.1 kv.m olan zirzəmi isə ***-*******9-003 registr nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəm ə aktları birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər - Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov yayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və X3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Nərimanov MKTB-nin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmı ş qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli evin 44 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir, mülkiyyət hüququ 1996-cı il 3 iyul tarixində dövlət qeydiyyatına alınmışdır. İddiaçıya məxsus olan mənzil 1 mərtəbəli binada yerləşir və Xətai prospektinə qapısı açılır. İddiaçı uzun müddətdir həmin mənzili qeyri-yaşyaış sahəsi kimi istifadə edir. Həmin mənzilin texniki pasportunda, ümumiyyətlə, binanın texniki sənədlərində mənzilin altında zirzəmi mərtəbəsi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən mənzilin döşəməsindən aşağıya giriş açılaraq, əllə qazılaraq torpaq çıxarılmaqla mənzilin altında zirzəmi sahəsi yaradılmışdır. İddiaçı mənzili qeyr i-yaşayış sahəsi kimi istifadə etdiyindən, döşəmədən aşağıya açılmış sahədən məişət məqsədilə saxlanc yeri kimi istifadə etmişdir. Bir neçə il əvvəl iddiaçı mənzilin Xətai prospekti tərəfindən giriş qapısının yanından zirzəmiyə giriş açmaq istəmişdir, kustar üsulla yoldan aşğıya açılmış giriş sahəsi ərazinin Mənzil-kommunal istismar sahəsi tərəfindən məcburən bağlatdırılmışdır ki, binanın zirzəmisi mövcud olmadığına görə burada giriş açılması evin dayanıqlığına təsir göstərə bilər. Ona görə də iddiaçı mənzilin döşəməsindən aşağı açılmış girişdən istifadə edərək orada müəyyən avadanlıqlar və mallar saxlayır. Əvvəllər bir neçə dəfə iddiaçı Nərimanov rayon İcra Hakimiyyətinə və ərazi Mənzilkommunal istismar sahəsinə müraciət edərək, mənzilin altındakı sahəyə bayırdan giriş qapısının açılmasın a, zirzəminin genişləndirilməsinə və sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Lakin iddiaçıya 1910-cu ildə tikilmiş binanın zirzəmi mərtəbəsinin nəzərdə tutulmadığından, mənzilin altının əlavə qazılmasının və bayırdan giriş qapısının açılmasının binanın dayanıqlılığına xələl gəlirə biləcəyi, binanın zirzəmi mərtəbəsi nəzərdə tutulmadığına görə, həmin sahənin sənədləşdirilməsi və özəlləşdirilməsinin də mümkün olmadığı bildirilmişdir. Lakin iddiaçı obyektin döşəməsindən aşağı açılmış girişdən xırda əşyaların yığılması üçün istifadə edir. Sonradan iddiaçının istifadəsində olan və mənzilin altında olan zirzəmi 3-cü şəxs F.Rüstəmov tərəfindən özəlləşdirilmişdir. İddiaçının mülkiyyətində olan obyektin zirzəmisinin uzun illər iddiaçının istifadəsində olmasına baxmayaraq, «qeyri-yaşay ış sahəsi» adı ilə başqa şəxsin adına sənədləşdirilməsi iddiaçının hüquqlarının pozulmasıdır. 3-cü şəxsin sözügedən zirzəmini hansı yolla əldə etməsini araşdırdıqda, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi ilə 3-cü şəxs arasında 2018-ci il 14 fevral tarixli «Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi»nin bağlandığı, 3-cü şəxsin adına 20.1 kv.m qeyri-yaşayış sahəsinə 2018-ci il 6 aprel tarixli, RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi və 2018-ci il 3 aprel tarixli «qeyriyaşayış sahəsin»nin texniki pasportunun tərtib olunduğu məlum olmuşdur. Lakin, nə 2018-ci il 3 aprel tarixində, nə də ondan əvvəl və sonrakı tarixlərdə heç vaxt iddiaçının mülkiyyətində olan sahənin zirzəmisinə hər hansı bir orqan, həmçinin cavabdehin müvafiq qurumlarının əməkda şları tərəfindən baxış keçirilməmişdir. Belə olduğu halda, olmayan bir girişdən (texniki pasportda, guya, sahəyə girişin artırılmış sahədən olduğu yazılır), mövcud olmayan artırılmış sahədən «obyektə» girişin mümkünsüzlüyü aşkardır. Lakin cavabdehin əməkdaşları mövcud olmayan sahəyə, mövcud olmayan girişdən guya girərək, həmin sahənin texniki pasportunu hazırlamışlar. Beləliklə, həm müqavilə, həm də onun əsasında verilmiş çıxarış və texniki pasport formal olaraq, faktiki vəziyyət nəzərə alınmadan tərtib olunmuşdur.

10. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.2, 2.3, 2.4-cü bəndlərinə istinad edilmişdir.

11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 33 ünvanında yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsi Nərimanov MKTBnin balansındadır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Qeyd edilən Əsasnamənin 15-ci bəndinə uyğun olaraq balanssaxlayıcı Nərimanov MKTBnin təqdim etdiyi sənədlər əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının Registrində müvafiq qeydiyyat aparılmışdır. İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına əsaslansa da, bunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədə malik deyil. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən, qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. İddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları yoxdur. Digər tərəfdən, iddiaçının qeyri-yaşayış sahəsi kimi istifad ə etdiyi yaşayış evi ilə mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin ayrı-ayrı giriş-çıxış qapıları mövcuddur, mübahisə predmeti olan sahədən istifadə edilməsi iddiaçının öz mülkiyyətində olan sahədən istifadəyə hər hansı bir maneçilik törətmir. Eyni zamanda, iddiaçının əvvəllər qeyd olunan sahənin özəlləşdirilməsi üçün dəfələrlə yerli icra hakimiyyəti orqanına müraciət etməsi həmin sahənin mülkiyyət hüququ ilə dövlətə məxsus olmasının, həmin sahə üzərinə hər hansı hüquqlarının mövcud olmadığının ona məlum olduğunu sübut edir. Belə olan halda, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan, həmin hüququn qeydə alınmasına əsas olmuş sənədlərin etibarlılığına hər hansı şübhə ola bilməz. Bu isə iddiaçının hazırk ı iddia tələbini irəli sürməyə hər hansı bir subyektiv hüququnun olmadığını göstərir. 12. 3-cü şəxs F.Rüstəmov iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki,ƏMDK ilə aralarında bağlanmış 2018-ci il 14 fevral tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai prospekti, 33 ünvanında yerləşən 20.1 kv.m qeyri-yaşayış sahəsini hərracdan almışdır, hazırda həmin qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Həmin zirzəminin iddiaçıya məxsus olması barədə heç bir sənəd yoxdur, iddia tələbi əsassızdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli evin 44 saylı mənzilində yaşayır. İddiaçı evinin aşağısında əvvəllər zirzəmi olmamışdır, zirzəmi sonradan qazılmışdır. Onun əri ustadır və zirzəminin qazılmasında onun əri də iştirak etmişdir. Onun öz mənzilində də zirzəmi yoxdur, ümumiyyətlə sözügedən binada mənzillərin heç birində zirzəmi olmamışdır.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, iddiaçı onun qonşusudur. O, özü 1989-cu ildən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli evin 46 saylı mənzilində yaşayır. İddiaçı evinin aşağısında olan zirzəmi sonradan qazılmışdır, o da həmin zirzəminin qazılmasına kömək etmişdir. Həmin binada ümumiyyətlə zirzəmi olmamışdır. Zirzəminin ayrıca giriş-çıxışı olmamış, iddiaçının mənzilinin içəri tərəfindən girişi olmuşdur.

15. Bakı İnzibati Məhkəməsinin 2022-ci il 24 avqust tarixli, 2-1(112)-63/2022 saylı qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ü nvanında yerləşən sahəsi 20.1 kv.m olan zirzəminin Nərimanov MKTB-nin balansında olmasına dair daşınmaz dövlət əmlakı haqqında Registrdə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi barədə iddia təmin edilmişdir (hakim P.Hüseynov).

16. Məhkəmə işin hallarına istinad edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 saylı qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nərimanov MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən çıxarışa əsasən, 1910-cu ildə istismara verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 ünvanında yaşayış binası ***-*******9 registr nömrəsi ilə, sahəsi 20.1 kv.m olan zirzəmi isə ***-*******9-003 registr nömrəsi ilə qeydiyyata alın mışdır. Həmin zirzəmi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin aşağı hissəsində yerləşir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2022-ci il 31 may tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 33 nömrəli ünvanda yerləşən bina (ev) 1910-cu ilin tikilisi olduğu üçün binanın layihəsi yoxdur, bu səbəbdən də sözügedən binanın zirzəmi mərtəbəsinin layihədə nəzərdə tutulub-tutulmamasını təyin etmək mümkün olmamışdır. Bundan başqa, Nərimanov MKTB tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış 2022-ci il 15 aprel tarixli, 3/97 nömrəli məktubdan görünür ki, ünvan 10 ünvanında yerləşən, 1910-cu ildə inşa edilmiş ümumi həyət tipli ev Nərimanov MKTB-nin balansınd adır, ümumi həyət tipli evin texniki sənədləri yoxdur və balansda olan zirzəmi mövcud olmamışdır.

17. Göründüyü kimi, dövlət əmlakının Registrində qeydiyyata alınmış zirzəmi mövcud olmamışdır. Belə olan halda qeyd olunan zirzəmi ilə əlaqədar dövlət əmlakının Registrində qeydiyyat aparıla bilməzdi. Bu səbəbdən də iddia əsaslıdır və təmin edilməlidir.

18. Məhkəmə öz qərarını “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6, 15.1, 15.2, 19.1, 20.1, 20.2, 24.1, 24.2, 24.4, 45.1, 45.2, 47.1, 47.2-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58.1, 68.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamənin 2, 6, 7, 8, 15, 16, 17-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh və 3-cü şəxs F.Rüstəmov ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 14 aprel tarixli, 2-1(103)780/2023 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (hakimlər: M.Tağızadə/sədrlik edən, K.Əkbərov və R.Səmədov).

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş və bildirmişdir ki, cavabdeh apellyas iya şikayətində irəli sürdüyü dəlilləri təsdiq edə biləcək hər hansı bir sübut təqdim edə bilməmişdir.

22. Cavabdeh tərəfindən təqdim edilmiş foto şəkillərdəki qonşu binaların zirzəmisinin olması isə mübahisəli zirzəminin də mövcud olması anlamını vemir.

23. Əksinə, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş foto şəkillərdən və şahid ifadələrindən mübahisəli zirzəminin əvvəllər mövcud olmaması, sonradan iddiaçı tərəfindən qazıldığı müəyyən olunur.

24. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş foto şəkillərdən qeyri-yaşayış sahəsindən avtomobillərin yağ dəyişmə məntəqəsi kimi istifadə olunduğu, avtomobillərin alt hissəsinə baxış keçirilməsi ücün çuxur qazıldığı müəyyən olunur. Həmçinin həmin foto şəkillərdən mübahisəli əraziyə bayırdan giriş qapısının olmadığı da müəyyən olu nur.

25. Cavabdeh və 3-cü şəxs F.Rüstəmov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Cavabdehin və 3-cü şəxsin kassasiya şikayətlərinin dəlilləri

26. Cavabdeh və 3-cü şəxsin kassasiya şikayətlərinin dəlilləri ayrı-ayrılıqda verilmiş iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstə rilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

35. İddianın mümkünlüy ü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikay ət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

31. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının mərkəzi registri, onun yerli qurumlarında - dövlət əmlakının yerli registrləri aparılır. 15-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyya ta alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər qismən, məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, yeni qərar qəbul edilməli, iddia mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

32. İşin hallarının araşdırılmas ı (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

33. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılm alı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

34. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual q anunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

35. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.

36. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. İddiaçı registrdə aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, registrdə aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi qeyriyaşayış sahəsi (zirzəmi) üzər ində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur.

37. Belə ki, iddiaçı tərəfindən, onun özünün də etiraf etdiyi kimi, qanunvericiliklə müəyyən olunmuş qaydada icazə alınmadan və müvafiq rəsmiləşdirmə aparılmadan mənzilin döşəməsindən aşağıya giriş qapısı açılaraq mənzilin altında zirzəmi sahəsinin yaradılması, həmin sahədən məişət məqsədilə saxlanc yeri kimi faktiki istifadə edilməsi qeyd olunan sahə üzərində iddiaçının qanuni istifadə hüququnun yaranması və mövcud olması anlamında qiymətləndirilə bilməz. Belə hüquqa malik olması üçün iddia çı bu qərarın 36-cı bəndində qeyd edilən əsaslardan hər hansı birinə malik olmalıdır.

38. Mübahisəyə dair iş üzrə materiallardan həmçinin iddiaçının bir neçə dəfə Nərimanov rayon İcra Hakimiyyətinə və ərazi Mənzil-kommunal istismar sahəsinə müraciət edərək, mənzilin altındakı sahəyə bayırdan giriş qapısının açılmasına, zirzəminin genişləndirilməsinə və sənədləşdirilməsinə icazə verilməsi barədə müraciət etdiyi, lakin onun həmin müraciədinin təmin olunmadığı görünür.Yəni iddiaçının həmin sahəyə hər hansı hüququnun mövcud olmadığı bu xüsusatla da təsdiq olunur.

39. Bundan əlavə, zirzəminin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına sərəncam əsasında verildiyi, Registrdə qeydiyyatın həmin sərəncam əsasında aparıldığı da nəzərə alınmalıdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab e dir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı cavabdeh tərəfindən registrdə aparılmış qeydiyyatın ləğvini tələb etməkdə haqlı sayıla bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 14 aprel tarixli, 2-1(103)780/2023 nömrəli qərarı ləğv edilir. Yeni qərar qəbul edilir. İddia mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar