Məhkəmə qərarları › İş №2-1(102)-1897/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1897/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1897/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş stajı sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması) 17.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iş müddəti sosial sığort a stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 2-1(103)-647/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 23 il 4 ay ümumi iş stajı əsasında ona xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Daha sonra iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək aldığı təhsil müddəti ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabd ehə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarla iddiaçının təhsil müddəti nəzərə alınmaqla əmək pensiyasını yenidən hesablamış, lakin bu zaman iddiaçının Ağdam rayon Mahrızlı kənd uşaq bağçasındakı 1982-1993-cü illərə aid əmək fəaliyyəti ilə bağlı arxiv sənədlərinin olmadığına istinad edərək həmin dövrü sosial sığorta stajı kimi nəzərə almayıb iddiaçının ümumi iş stajından çıxmışdır. Bu şəkildə cavabdeh iddiaçıya xx.xx.2006-cı il tarixədək 14 il 7 ay 20 gün ümumi sığorta stajı hesablayaraq ona pensiya təyin edildiyi xx.xx.2017-ci il tarixdən həmin illər nəzərə alınmaqla ödənilmiş pensiyanı artıq ödəmə kimi müəyyən etmiş və bununla bağlı iddiaçının aylıq pensiyasından tutulmalar etmişdir.

4. Daha sonra cavabdeh xx.xx.2021-ci il tarixli qərarla iddiaçının pensiyasını yeni dən hesablamış, bu zaman iddiaçının Ağdam rayon Mahrızlı kənd uşaq bağçasındakı 1982-1989-cu illərə aid əmək fəaliyyəti ilə bağlı arxiv sənədlərinin olmadığına istinad edərək, həmin dövrü sosial sığorta stajı kimi nəzərə almayıb iddiaçının ümumi iş stajından çıxmış və bu şəkildə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajını 18 il 6 ay müəyyən etmişdir. 5. ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1982-ci il tarixdə Ağdam rayon Mahrızlı kənd körpə evi uşaq bağçasına müdir vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə başqa işə keçdiyi üçün ərizəsinə əsasən bağça müdiri vəzifəsindən azad edilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən 36 saylı Ağdam köçkün orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Arxivinin Ağd am filialının xx.xx.2021-ci il tarixli, 41 və 42 nömrəli arxiv arayışlarında göstərilmişdir ki, Ağdam rayon Mahrızlı kənd ərazi nümayəndəliyinin 1981-1989-cu illərin arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. Ona görə də iddiaçının həmin illərdə işləməsi haqqında heç bir məlumat vermək mümkün olmamışdır. Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon Qaradağlı və Zəngişalı kənd ərazi nümayəndəliyinin arayış xarakterli arxiv sənədlərindən məlum olur ki, iddiaçı Mahrızlı kənd uşaq bağçasında müdir vəzifəsində işləmiş və əmək haqqı cədvəlinə əsasən, 1990-2005-ci illərdə əmək haqqı almışdır.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin xx.xx.20 17-ci il tarixli aktına əsasən, iddiaçının Mahrızlı kənd uşaq bağçasında 1982-ci ildən 1993-cü ilədək olan iş stajını qarşılıqlı yoxlamaq mümkün olmamış və həmin dövr sığorta stajına daxil edilməmişdir. Tərəflərindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması qərarına əsasən, 1982-1993-cü illərin iş stajı təsdiq olunmadığı halda həmin illər ümumi iş stajına daxil edilməklə pensiya hesablandığından, iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək pensiyasının artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci və 67.6.3-cü maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş məbləğ iddiaçının əmək pensiyasından tutulacaqdır.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi ИT-İ ******* nömrəli dublikat əmək kitabçası, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2021-ci il tarixli, 41 nömrəli arayışının və diplomun surətlərinə əsasən, xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə u yğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 265,61 manata çatdırılmışdır. Əlavə olaraq bildirilir ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2021-ci il tarixli, 42 nömrəli arayışında əks olunan Mahrızlı kənd uşaq bağçasındakı 1981-1989-cu illərə aid əmək fəaliyyəti ilə bağlı arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar işğal altında qaldığına görə həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində 1982-1989-cu illərdə müdir vəzifəsində işlədiyi illər sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və xx.xx.2020-ci il tarixdən başlayaraq pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini iş hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, o, 1982-ci ildə Ağdam rayon Mahrızlı kəndində yerləşən uşaq bağçası və körpələr evinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin müəssisədə 2005-ci ilə qədər çalışmış, 2005-ci ildə öz ərizəsi əsasında vəzifəsindən ayrılaraq, Bakı şəhərində yerləşən 36 saylı Ağdam köçkün orta məktəbinə ibtidai sinif müəllimi və zifəsinə təyin edilmişdir. Cavabdehə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə edilən müraciətinə baxılaraq, xx.xx.2021-ci il tarixdə imtina məktubu verilmişdir. Əvvəlki məktubdan fərqli olaraq bu məktubda artıq ödənilmiş pensiyanın tutulması məsələsinə münasibət bildirilməmiş, təkcə arxiv sənədlərinin Ağdam rayonunun işğalı ilə əlaqədar işğal altında qaldığı əsas gətirilərək, 1981-1989-cu illər üzrə iş stajının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmadığı qeyd olunmuşdur. O, inzibati orqanın imtinasını qanunsuz hesab edir.

11. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, işin mübahisələndirilən halı, iddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasına müvafiq olaraq xx.xx.1982xx.xx.2005-ci illər ərzində işlədiyi dövrdür. Belə ki, həmin əmək kitabças ının ilk hissəsində əmək kitabçasının doldurulma tarixi qeyd edilməmişdir. Bununla yanaşı, qeydin xx.xx.1982-ci il tarixdə aparılmasına baxmayaraq, möhür üzərində əks olunan yazılar latın qrafikasına aiddir. Həmçinin, sözügedən qeydin doldurulmasına əsas olan əmr nömrəsi və tarix qeyd edilməsinə baxmayaraq, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu nə cavabdeh orqana, nə də məhkəməyə təqdim etməmişdir. İddiaçının xx.xx.1982xx.xx.2005-ci illər ərzində işlədiyi dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığından və həmin qeydlərin yazılmasına əsas olan mötəbər sübutlar mövcud olmadığından iddia əsassızdır.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 13 iyul 2022-ci il tarixli, 21(112)-2146/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən başlayaraq aylıq pensiya məbləğindən tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddiaçının Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində 1982-1989-cu illərdə müdir vəzifəsində işlədiyi illər sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin əsaslandırması: İddiaçının 1982-1989-cu illərdəki iş stajının ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasına münasibətdə hazırkı iş üzrə müəyyən olunur ki, təqdim olunmuş əmək kitabçası ilkin deyil, təkrarən verilmiş əmək kitabçasıdır. İddiaçıya verilmiş qeyd edilən kitabça sonradan tərtib edilərək hazırkı rayon təhsil şöbəsinin möhürü ilə təsdiqlənsə də, lakin əmək kitabçasının təkrar tərtib edilməsi üçün tələb olunan sənədlər rayon təhsil şöbəsində mövcud deyildir. Belə ki, kitabçada xx.xx.1982-ci il tarixli, 316 nömrəli əmr qeyd edilsə də, həmin əmr (əmrlər kitabından çıxarış) işəgötürəndə mövcud deyildir. Belə olan halda, əmək kitabçasının məhz hansı hüquqi sənəd əsasında tərtib edildiyi müəyyən olunmadığından, kitabçanın dublikatının verilmə qaydalarına riayət edilmədən verildiyi müəyyən olunur. Qanunla əmək kitabçası, arxiv arayışı, əmrlər, əmək haqqı cədvəlləri, əmək stajını təsdiq edən sənədlər olmadıqda, əmək stajı hüquqi əhəmiyyətli fakt qaydasında məhkəmə qətnaməsi ilə təsdiq edilir. İddiaçının qeyd edilən arxiv sənədinə malik olmadığı halda, onun əmək kitabçasına müvafiq qeydlər daxil edilmişdir. Bu əsasdan məhkəmə iddiaçının 1982-1989-cu illər arasındakı dö vrün onun ümumi iş stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını əsaslı hesab etmir. İddianın ikinci hissəsi – artıq ödəmə ilə bağlı tutulmalara gəlincə, məhkəmə bu hissədə iddianı əsaslı hesab edir. İş materiallarından görünür ki, inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq onun razılığını almamışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda artıq ödəmə hesab etdiyi məbləğin aylıq pensiyadan tutulmasına razılıq verilməsini ona təklif etməmiş, əksinə həmin məbləğin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulacağını bəyan etmişdir. İş üzrə də məlumdur ki, iddiaçıdan tutulmalar noyabr 2020-ci il tarixdən ap arılmağa başlanmışdır. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Hazırkı pensiya işindən görünür ki, cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının razılığını almadan, eləcə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində təmi n olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Apellyasiya qaydasında işə baxılarkən verilmiş müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının 1982-1990-cı illərdə Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında müdir vəzifəsində işlədiyinə dair əmrlər, əməkhaqqı cədvəlləri 1993-cü ildə Ağdam şəhəri işğal edilərkən Ağdam rayon Təhsil şöbəsində qalmışdır. Göstərilən səbəbə görə müvafiq sənədləri təqdim etmək mümkün olmamışdır.

16. Apellyasiya qaydasında işə baxılarkən iddiaçı onunla birlikdə işləyən X5, X7 və X8 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş akt təqdim edərək, Mahrızlı kənd uşaq bağças ında müdir vəzifəsində işlədiyi dövrdə həmin şəxslərin onun işçiləri olduğunu, 1982-ci ildən 1993-cü ilədək onun müdir vəzifəsində işlədiyini təsdiq etdiklərini bildirmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qeyd etdiyi həmin şəxslərin pensiya işlərinin təsdiq edilmiş surətləri tələb edilmişdir.

18. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsisteminə əsasən, X2 hər hansı növ pensiya təyin edilməmişdir. X3 xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdam rayon Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evində əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. İsmayılova (Bayramova) Rahil ə Aslan qızına xx.xx.2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Ağdam rayon Mahrızlı kənd körpə evi və uşaq bağçasında əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən şəxslərə pensiya təyin edilən zamanı hazırda mübahisələndirilən dövrlərin (1982-1989-cu illər üzrə) hansı sənədlər əsasında nəzərə alınmasını araşdırmaq istiqamətində pensiya işlərinə baxış keçirmişdir.

20. X6 məxsus 33057 nömrəli pensiya işinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə sonuncuya yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işi sənədlərindən aydın olur ki, X4 əmək kitabçası Ağdam rayonun işğalı ilə əlaqədar işğal olunmuş ray onda qalmışdır. Şahid ifadələri üzrə protokola əsasən X4 1983-cü ildən 1993-cü ilədək Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında tərbiyəçi işlədiyi təsdiq edilmişdir.

21. X3 məxsus 291125 nömrəli pensiya işinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə sonuncuya yaşa görə əmək pensiyası təyin edilmişdir. Sevil Süleymanova məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1983-cü ildə Ağdam rayonu Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evinə aşpaz köməkçisi və qabyuyan vəzifəsinə təyin edilmişdir. Pensiya işində olan Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialının xx.xx.2016-cı il tarixli arxiv arayışında qeyd olunan cədvələ əsasən Sevil Süleymanova 1991-ci ildən 2005-ci ilədək Ağdam rayonu Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evində işləyərək əmək haqqı almışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 06 aprel 2023cü il tarixli, 2-1(103)-647/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, iddiaçının Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində 19821989-cu illərdə müdir vəzifəsində işlədiyi illər sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə h əvalə edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: İşin mübahisəli halı iddiaçının Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində müdir vəzifəsində 1982-1989-cu illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası ilk növbədə diqqətə çatdırır ki, mübahisəli dövrlər inzibati orqan tərəfindən ilkin olaraq pensiya hesablanmasında nəzərə alınmış, sonradan inzibati orqan inzibati icraat açaraq iddiaçının iştirakını təmin etmədən qeyd edilən dövrü pensiya hesablanmasında nəzərə almamış və pensiya məbləğini yenidən hesablamışdır. Cavabdeh qeyd edilən hesablamanı aparmağını onunla əsaslandırır ki, qeyd edilən dövr üzrə əmək fəaliyyətini qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Məhkəmə kollegiyası inzibati orqanın həm ə mək pensiyasının yenidən hesablanmasında, həm də hazırkı iddia tələbinə etirazında qeyd etdiyi dəlilinə münasibətdə araşdırma apararkən baxış keçirdiyi pensiya işləri üzrə materiallardan belə qənaətə gəlmişdir ki, iddiaçının sözügedən müəssisdə onunla birgə işlədiyini qeyd etdiyi şəxslərə pensiya təyin edilərkən Ağdam rayon Zəngişalı (Mahrızlı) kənd uşaq bağçası və körpələr evində 1990-cı ilədək işlədikləri dövr ümumi iş stajına daxil edilmişdir. Həmin dövrün pensiya təyin edilən zamanı nəzərə alınmasına əsas kimi bir şəxsə münasibətdə şahid ifadələri protokolu əsas götürülmüş, digər şəxsə münasibətdə əmək kitabçasındakı məlumatlarla yanaşı, arxiv idarəsinin arxiv arayışı əsas götürülmüşdür. Hansı ki, iddiaçı da iddia tələbini irəli sürərkən, məhz həmin arxiv arayışına oxşar arxiv arayış ını təqdim etmiş və məhkəmə araşdırmaları zamanı arxiv idarəsi 1990-cı ildən əvvəlki dövrə dair məlumatların, Ağdam rayonunun işğal altında qalması səbəbindən təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin, apellyasiya baxışı zamanı aidiyyəti orqan olan Azərbaycan Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsindən daxil olmuş sorğuya cavab məktubuna diqqət edilsə aydın görünür ki, iddiaçının ümumiyyətlə, mübahisəli dövrdə qeyd edilən vəzifədə çalışmadığı qeyd edilmir, əksinə həmin dövr üzrə sənədlərin Ağdam rayonunun işğalı ilə Ağdam rayon Təhsil şöbəsində qaldığı qeyd edilmişdir. Cavabdeh inzibati orqan isə mübahisəli dövrü pensiya yenidən hesablanan zamanı nəzərə almamaqla faktiki olaraq iddiaçının 1990-cı ilədək Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında müdir vəzif əsində işləməməsi nəticəsinə gəlmişdir. Halbuki, 1990-cı ildən sonra həmin vəzifədə çalışdığı dövr ümumi iş stajı kimi nəzərə alınmışdır. Həmçinin, cavabdeh inzibati orqan əmək kitabçasını şübhə altına alaraq, dublikat olduğunu və doldurulma tarixinin göstərilmədiyini qeyd etsə də, əmək kitabçasındakı sonrakı dövrü mübahisəsiz nəzərə almışdır. Bundan əlavə, iddiaçının Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında işlədiyi vəzifədən azad edildikdən sonra çalışdığı Ağdam rayon 36 nömrəli orta məktəbdən şəxsi iş materialları və xx.xx.2005-ci il tarixli, 66 nömrəli əmrin təsdiq edilmiş surəti tələb edilmiş və təqdim edilən sənədlərdən məlum olmuşdur ki, iddiaçı həmin məktəbə xx.xx.2005-ci il tarixdə işə daxil olan zamanı əmək kitabçasının surətini təqdim etmişdir. Həmçinin, iddiaçının tərcümeyi-ha lından da aydın görünür ki, məktəbdə işə daxil olanadək 1982-ci ildən 2005-ci ilədək Ağdam rayon Mahrızlı kənd uşaq bağçasında işləməsi barədə məlumatlar qeyd edilmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqan iddiaya etiraz ərizəsində, həmçinin apellyasiya şikayətinə etiraz ərizəsində təqdim edilmiş əmək kitabçasının dublikat olduğunu, lakin Qaydalara əsasən əmək kitabçasının dublikatının verilməsi ilə əlaqədar müddəalara əməl edilmədiyini bildirmişdir. Bununla bağlı da, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən, əmək kitabçasının dublikatı işçi tərəfindən deyil, axırıncı iş yeri üzrə işəgötürən tərəfindən doldurularaq verilir. Həmçinin, birinci instansiya məhkəməsində araşdırma zamanı Ağdam rayon Təhsil şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan aydın olur ki, əmək kitabçasının 2-ci səhifəsində 1-ci hissədə aparılmış qeyd Qara Hüseynov tərəfindən icra edilərək imzalanmışdır ki, həmin şəxs də 1976-1995-ci illərdə həqiqətən də Ağdam rayon Maarif şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmçinin, əmək kitabçasının xx.xx.1982-ci il tarixə aid qeydinin üzərində sonrakı dövrlərə aid latın qrafikalı möhürün vurulmasına səbəb də əmək kitabçasının təkrar yazılması (dublikat olması) olmuşdur. Buna görə də həmin qeydin üzərinə 1994-cü ildən sonra dəyişdirilmiş möhür vurulmuşdur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbə bdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Qeyd edilənlərlə yanaşı, hazırkı işdə inzibati orqan əvvəllər ümumi sosial staj kimi nəzərə alınmış dövrlərin sonradan nəzərə alınmadan əmək pensiyasını yenidən hesablayarkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2017-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qan unun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmə t, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.... 7.1. Bu əsasnamənin 3.10-cu bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötür ən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsi yası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

32. Azərbaycan Respublikasının İnzibati Prosessu al Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Hazırkı kassasiya baxışının predmetini təşkil etməsi baxımından, iddiaçının hüquqi marağı əmək kitabçasına əsasən onun 1982-1989-cu illərdə Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir.

39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçının qeyd edilən illərdə sözügedən müəssisədə işləməsinin müəyyən edilməsi ilə bağlı, o cümlədən iddiaçının əmək kitabçasının həmin dövrə dair qeyd lərinin mötəbərliyi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlər in tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin, aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

42. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsa sən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

43. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

44. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasına əsasən 1982-1989-cu illərdə Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində işlədiyi dövr üzrə qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmadığı əsas gətirilərək həmin dövr onun sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin, cavabdeh tərəfindən qeyd edilən dövrlə bağlı möhür əkslərindəki yazıların latın qrafikası ilə olması, eləcə də əmək kitabçasının dublikatının verilməsi qaydalarına riayət edilmədiyi qeyd edilərək iddiaçının əmək kitabçasının həmin dövrə dair qeydləri mübahisələndirilir.

45. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının 1982-1989-cu illərdə Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində işləməsi əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında həmin müəssisədəki əmək fəaliyyəti bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.

46. Nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi hallar iddiaçının məsuliyyət sferasına aid edilə, onun təqsirli davranışı kimi qiymətləndirilə və bunun üzərindən onun ziyanına təfsir oluna, onun hüquqlarını məhdudlaşdıran nəticələr doğura bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, həmin halların mövcudluğu belə özü-özlüyündə qanunvericilikdə pensiya hüququnun təmin edilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir.

47. Hazırkı qərarın 28-31-ci bəndlərində göstərilən normaların tələbləri baxımından, iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunmasına zərurəti yoxdur. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxsl ərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır.

48. Odur ki, iddiaçı 1982-1989-cu illərdə Ağdam rayon Mahrızlı kənd uşaq bağçası və körpələr evində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Bununla bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti ə sassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 21(103)-647/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar