Məhkəmə qərarları › İş №2-1(102)-19/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-19/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-19/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 5 (beş) illik tələbetmə müddəti keçmiş artıq ödəmənin “Vergilər üzrə vərəqə”yə bərpa olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin şəxsi vərəqəyə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 2-1(103)2362/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 19 dekabr 2022-ci il tarixli “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” bildirişdə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsində müəyyən edilmiş tələbetmə müddəti bitmiş 384 691.10 manat artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə" adlı vərəqəyə işlənməsi təmin edilmişdir.

2. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, 19 dekabr 2022-ci il tarixli “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” bildi riş üzrə onun vergi orqanındakı şəxsi hesab vərəqəsində “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”ndə əks olunmuş 384 691.10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”yə bərpa olunmasını xahiş etmişdir.

3. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş cavab məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsində tələbetmə müddəti bitmiş 384 691.10 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləği şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi"nə keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı i ddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2022-ci il tarixli “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” bildiriş üzrə iddiaçının vergi orqanındakı şəxsi hesab vərəqəsində “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”ndə əks olunmuş 384 691.10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”yə bərpa olunmasının cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, şirkətin şəxsi hesab vərəqəsində olan 384.691,10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödəmə məbləği əsassız olaraq “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənmiş və bu səbəbdən şirkətin qeyd olunan vəsaitdən istifadə hüququ məhdudlaşdırılmışdır.

6. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” ərizə forması ilə müraciət etməmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən cavabdeh artıq ödənilmiş vergilərin dövlət büdcəsindən qaytarılmasını təmin edən orqan deyildir, yalnız bununla bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyini d aşıyır. Məhkəmə tərəfindən iddiaya cavab verməli olmayan cavabdeh barəsində iddianın təmin edilməsi son nəticədə cavabdeh tərəfindən icrası mümkün olmayan məhkəmə qərarının qəbul olunması ilə nəticələnəcəkdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 2-1(112)-14464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı şəxsi hesab vərəqəsində “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”ndə əks olunmuş 384 691.10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”yə bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə q oyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 5 il müddətində məhdudiyyət yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır. Lakin bir vergi növü üzrə ödənişin həmin növ vergi üzrə hesablamada nəzərə alınmasını, yəni bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (g ələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Vergi ödəyicisi müddət məhdudiyyəti qoyulmadan istənilən zaman bir vergi növü üzrə vergi öhdəliyi yaranarsa, hesablanan məbləğ həmin vergi növü üzrə artıq ödənilən məbləğ hesabına nəzərə alınmalıdır. Vergi Məcəlləsində bu hüququn həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Məhdudiyyət yalnız 5 ildən sonra artıq ödənilmiş verginin geri alınmasına və digər vergi növü ilə əvəz olunmasına tətbiq edilir. Çünki artıq ödənilən vəsait vergi ödəyicisinin büdcə hesabında ona (vergi ödəyicisinə) məxsus olan vəsaitidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəmə sində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və S.R.Səlimova) 08 may 2024-cü il tarixli, 21(103)-1404/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14464/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən Vergi Məcəlləsinin 85.5-ci, 87-ci, 88-ci maddələrini düzgün tətbiq etməmişdir. Ümumiyyətlə məhkəmə qərarından görünən odur ki, məhkəmənin Vergi Məcəlləsinin konkret müddəalarına əsaslanan mövqeyi olmamış, sadəcə istinad etdiyi iki Ali Məhkəmə qərarından çıxarışları qeyd etməklə öz mövqeyini bildirmişdir. Məhkəmə qərarında istinad edilən Ali Məhkəmə qərarlarının isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 19 saylı qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından məhkəmə aktlarının indeksləşdirilməsi” Qaydalarına uyğun olaraq vahid məhkəmə təcrübəsini formalaşdıran qərar olmasını müəyyən edən hər hansı qeyd qərarda öz əksini tapmamışdır. Bundan əlavə, artıq ödənilmiş məbləğin tələbetmə müddətinin keçməsinə baxmayaraq, məhkəmə Vergi Məcəlləsinin 85.5 -ci maddəsini tətbiq edərək artıq ödənilmiş məbləğ üzrə tələbetmə müddətinin keçmədiyi qənaətinə gəlmişdir. Başqa sözlə, məhkəmə artıq ödənilmiş məbləğ üzrə tələbetmə müddətinin keçmədiyi qənaəti üzrə Vergi Məcəlləsinin 85.5-ci maddəsini tətbiq etmişdir. Halbuki, məhkəmə kollegiyası artıq ödənilmiş məbləğ üzrə tələbetmə müddətinin keçdiyi üzrə həmin maddi hüquq normasını tətbiq etməli idi. Bundan başqa, məhkəmənin istinad etdiyi Vergi Məcəlləsinin 87.1.1 və 87.1.2-ci maddələrində hansı artıq ödənilmiş məbləğlərin hansı tarixdə yaranmış hansı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi (87.1.1) və hansı artıq ödənilmiş məbləğlərin vergi ödəyicisinin hansı tarixli razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi (87.1.2) araşdırılmamış və əsaslandırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək şikayətin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Vergi Məcəlləsi: Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən eti barən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə

87. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.2. Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyaların ın artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödə yicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən maddi hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul etdiyi qərar ləğv edilməli və iddia rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

20. Hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixə şəxsi hesab vərəqəsində müəyyən edilmiş tələbetmə müddəti bitmiş 384 691.10 manat artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə" adlı vərəqəyə işlənməsinə dair cavabdehin hərəkətlərini mübahisələndirir. İddianı təmin edən aşağı instansiya məhkəmələrinin mövqeyinə əsasən isə Vergi Məcəlləsinin 85.5-ci maddəsində təsbit edilmiş 5 il müddətində məhdudiyyət, yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır, lakin bir vergi növü üzrə ödənişin həmin növ vergi üzrə hesablamada nəzərə alınmasını, yəni bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonr akı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Vergi ödəyicisi müddət məhdudiyyəti qoyulmadan, istənilən zaman bir vergi növü üzrə vergi öhdəliyi yaranarsa, hesablanan məbləğ həmin vergi növü üzrə artıq ödənilən məbləğ hesabına nəzərə alınmalıdır. Vergi Məcəlləsində bu hüququn həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Məhdudiyyət yalnız 5 ildən sonra artıq ödənilmiş verginin geri alınmasına və digər vergi növü ilə əvəz edilməsinə tətbiq edilir. Çünki artıq ödənilən vəsait vergi ödəyicisinin büdcə hesabında ona (vergi ödəyicisinə) məxsus olan vəsaitidir.

21. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 85.5-ci maddəsinin dispozisiya şərtlərini hazırkı işin hallarına düzgün tətbiq etməmişl ər.

22. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının iddia tələbində qeyd etdiyi artıq ödəmənin məbləği və həmin artıq ödəmənin yaranma anından Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş 5 (beş) illik müddətin keçməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.

23. Bundan başqa, hazırkı iş üzrə iddiaçının tələbi onun vergi orqanındakı şəxsi hesab vərəqəsində “Əvəzləşdirmə və tələb etmə müddəti 5 il keçmiş artıq ödəmə vərəqəsi”ndə əks olunmuş 384 691.10 (üç yüz səksən dörd min altı yüz doxsan bir manat, on qəpik) manat artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”yə bərpa olunması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisinin hüquqları verg iyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etməklə məhdudlaşır. Başqa sözlə, Vergi Məcəlləsi vergi ödəyicisinə 5(beş) il müddətində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələbetmə hüququ tanımış, həmin müddət ərzində müraciət daxil olduqda isə onu qanunauyğun şəkildə icra etmək vəzifəsini (öhdəliyini) vergi orqanına həvalə etmişdir.

24. Dolayı yolla, iddiaçı 384 691.10 manatın artıq ödənilmiş vergi məbləğinin şəxsi hesab vərəqəsində “Vergilər üzrə vərəqə”yə bərpa olunması tələbi ilə deyil, artıq ödənilmiş vergi məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi tələbi ilə çıxış edə bilərdi. Bununla belə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı və hazırkı iddia ilə çatmaq istədiyi hüquqi nəticə 384 691.10 manat məbləğin vergi öhdəliklərinə yönəldilməsi ilə bağlıdır.

25. İddia tələbinin ifadə tərzindən asılı olmayaraq, iddiaçının hüquqi marağından və çatmaq istədiyi hüquqi nəticədən çıxış edərək qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 85.5ci maddəsi birmənalı şəkildə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasının və ya əvəzləşdirilməsinin mümkünlüyünü 5 illik müddətlə məhdudlaşdırmışdır. Normada qeyd edilən “qaytarılma” büdcədən artıq ödəmənin qaytarılmasını nəzərdə tutur, “əvəzləşdirmə” isə vergi ödəyicisinin ödədiyi məbləği tam və ya qismən geri almadığı hallarda, ödədiyi artıq vergilərin digər öhdəliklərə tətbiq edilməsi, yəni cari və ya gələcəkdə yaranacaq vergi öhdəliklərinə yönəldilməsi prosedurunu əhatə edir.

26. Aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 87.1-ci maddəsinə istinad etməklə belə nəticəyə gəlmişlər ki, 5 il müddətində məhdudiyyət yalnız artıq ödənilmiş verginin qaytarılması və əvəzləşdirilməsi ilə bağlıdır. Lakin bir vergi növü üzrə ödənişin həmin növ vergi üzrə hesablamada nəzərə alınmasını, yəni bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (gələcəkdə yaranacaq) öhdəliklərə dair ödəmələrin hesabına aid edilməsini məhdudlaşdırmır. Belə ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər verg ilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmçinin, Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

27. Halbuki, qeyd edilən normalar Vergi Məcəlləsinin 85.5-ci maddəsində əks olunan vergi ödəyicisinin hüquqi imkanlarının (artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin “qaytarılması” və ya “əvəzləşdirilməsi” ilə bağlı) həyata keçirilməsi prosedurunu tənzimləyir. Başqa sözlə, yaranmış artıq ödəm ə ya mövcud vergi öhdəliklərinə yönəldilir (bu halda vergi ödəyicisinin razılığı tələb olunmur), yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir və ya vergi ödəyicisinə geri qaytarılır.

28. Göründüyü kimi, aşağı instansiya məhkəmələri Vergi Məcəlləsinin 85.5-ci maddəsində təsbit edilmiş “əvəzləşdirmə” ifadəsini Məcəllənin 87.1-ci maddəsi ilə əlaqəli şəkildə belə təfsir etmişlər ki, “əvəzləşdirmə” yalnız 87.1.1-ci maddədə əks olunmuş artıq ödənilmiş məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi halını əhatə edir.

29. Yəni, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə, bir vergi ödəyicisinin məsələn, mənfəət vergisi üzrə yaranmış və yaranma anından 5 illik müddət keçmiş artıq ödəməsi ona qaytarıla və ya digər vergi tədiyyələri üzrə cari borclarına yönəldilə bilməz, lakin gələcəkdə mənfəət vergisi, yəni eyni vergi növü üzrə yarana biləcək borclarına yönəldilə bilər.

30. Aşağı instansiya məhkəmələri artıq ödənilmiş vergilərin əvəzləşdirilməsi ilə bağlı differensasiya apararaq artıq ödəmənin, yarandığı vergi tədiyyəsi ilə eyni tədiyyə üzrə yaranacaq sonrakı vergi öhdəliyinə aid edilməsinin mümkünlüyünü qeyd etsələr də, başqa sözlə, bir vergi növü üzrə artıq ödənilmiş vergi məbləğinin həmin vergi növü üzrə sonrakı (gələcəkdə yaranacaq) öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinin qanunvericilikdə müddətlə məhdudlaşdırılmadığı ilə bağlı hüquqi mövqe sərgiləsələr də, maddənin bu qaydada tətbiqi, nə normanın məzmununda əks olunmayıb (belə k i, normada “əvəzləşdirmə” ifadəsindən istifadə edilib və differensasiya aparılmayıb), nə də ki, həmin norma ilə aparılan tənzimləmənin güddüyü iqtisadi maraqlara uyğun olmamaqla, belə bir hüquqi mövqenin əsaslılığı ağlabatan da deyil. Həmçinin, vergi öhdəliklərinin bu formada icrası Vergi Məcəlləsinin 88-ci maddəsində təsbit edilmiş vergilər üzrə borcların ödənilməsi qaydası və ardıcıllığına da ziddir.

31. Odur ki, Vergi Məcəlləsinin 87-ci maddəsində təsbit edilmiş hərəkətlərin edilməsi (istər artıq ödənilmiş məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi, istər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi, yaxud vergi ödəyicisinin özünə qaytarılması) Vergi Mə cəlləsinin 85.5-ci maddəsində müəyyən edilmiş müddətlər çərçivəsində yol veriləndir.

32. Bir daha qeyd olunur ki, qanunvericinin 5 (beş) illik tələbetmə müddəti keçmiş artıq ödəməni qaytarmağı və artıq ödəmənin yarandığı vergi tədiyyəsindən fərqli digər vergi tədiyyəsi üzrə əvəzləşdirilməsini qadağan etdiyi halda, eyni vergi tədiyyəsi üzrə gələcəkdə yaranacaq vergi öhdəliyinin 5 (beş) illik tələbetmə müddəti keçmiş artıq ödəmə ilə əvəzləşdirilməsinin mümkünlüyündən o halda bəhs etmək olardı ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsində belə bir istisna nəzərdə tutulmuş olsun, yaxud bu cür təfsir normativ tənzimləmənin güddüyü məqsədlərə, başqa sözlə, qanunvericinin iradə ifadəsinə uyğun olmuş olsun.

33. Nəzərə alınmalıdır ki, vergilər artıq ödənildikdən sonra həmin məbləğlər, adətən dövlət büd cəsinə daxil olur və dövlətin cari xərclərinə sərf olunur. 5 ildən sonra vergi ödəyicisinə həmin məbləğin qaytarılması və ya digər vergi öhdəlikləri ilə əvəzləşdirilməsi büdcə sabitliyini təhdid edə bilər. Vergi qanunvericiliyində nəzərdə tutulan 5 (beş) illik müddət ümumilikdə, vergi ödəyicisinin mülkiyyət hüququnu məhdudlaşdırmağı deyil, sosial və iqtisadi maraqların qorunmasını təmin edir. Dövlət vergi qanunları vasitəsilə mülkiyyət hüququna müdaxilə edərkən yalnız hüquqi çərçivələrdə hərəkət edir. Vergilər üzrə artıq ödənilmiş məbləğlərin qaytarılmaması mülkiyyətin dövlət tərəfindən alınması və ya tam məhdudlaşdırılması kimi başa düşülməməlidir. Bu, vergi ödəyicisinin mülkiyyətinə birbaşa müdaxilə deyil, vergi ödəmə və vergi qaydaları çərçivəsində mülkiyyətin idarə edilməsinin bir tənz imlənməsi olaraq başa düşülməlidir. Bu tədbir, dövlətin maliyyə sabitliyini qorumağa, vergi sisteminin səmərəli işləməsinə və hər iki tərəf arasında ədalətli münasibətlərin təmin olunmasına yönəldilmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasını düzgün tətbiq edilməməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 may 2024-cü il tarixli, 21(103)-1404/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar