Məhkəmə qərarları › İş №2-1(102)-1929/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1929/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1929/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; neft-qaz quyularının qazılması üzrə qazmaçı; polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı; yol montyoru ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cı il təvəllüdlü, FİN xxxxxxx) c avabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 2-1(103)-1893/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 25 yanvar 2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu ilə bildirmişdir ki, fərdi hesabın sığorta hissəsində q eydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21659,80 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu 25 iyun 2016-cı ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi iş stajı 25 ildən çox olmaqla, o cümlədən 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. Zərərli sahələrdə işləməyinə dair müvafiq arayışlar almışdır. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilir. Belə olan halda onun konstitusion hüquqları pozulur və DSMF- nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdehin iddiaya dair etiraz ərizəsinin əsasları imtinan məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesa ba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. xx.xx.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (xx.xx.2017) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. xx.xx.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün hər üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2-1(112)- 659/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2016-cı il ildən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixədək həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq tələb olunan 25 il ümumi, 12 il 06 ay güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda, cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. a) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli 2-1(103)-1893/2022 nömrəli qərarı ilə (sədrlik edən A.Hüseynov, hakimlər S.Bəktaşi, A.Hüseyn) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hər tərəfli araşdırılması təmin olunmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23791,99 manat təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

14. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qa nuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məh kəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

20. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. İşdən göründüyü kimi, iddiaçının ümumi və güzəştli sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçının 25 iyun 2016-cı il tarixədək 28 il 7 ay 17 gün ümumi iş stajı topladığı müəyyən olunmuşdur. İddiaçının 26 iyul 1978 - 9 aprel 1979-cu illərdə və 8 iyul 1981 - 16 may 1983-cü illərdə Bakı Şəhər İcra Hakimiyyə tinin Sənayeləşdirilmiş Evtikmə İstehsalat Birliyinin 1 nömrəli Evtikmə kombinatında işlədiyi dəmir-beton konstruksiyalarının quraşdırıcısı peşəsinin adı bilavasitə istər işlədiyi dövr üzrə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22900000 bölməsində XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri yarımbölməsində 2290000a—14612 kodu altında polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar vəzifəsinə, istərsə də hazırda qüvvədə olan Azərba ycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar koduna uyğundur. Başqa sözlə, iddiaçının bilavasitə işlədiyi sahə tikinti sahəsi olmaqla, əmək kitabçasında qeyd edilən işlədiyi peşənin adı siyahıda göstərilən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsinin adı ilə eynidir.

22. Bundan əlavə, iddiaçının xx.xx.1994-xx.xx.1995-cı illərdə Əli-Bayramlı qazma işləri İdarəsində işlədiyi “neft- qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi” vəzifəsi işlədiyi dövr üzrə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı /21301000/, a) fəhlələr /2130100a/ neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları /2130100a—11297/) nəzərdə tutulmuşdur.

23. Bundan başqa, iddiaçının 8 may 2006 – 25 iyun 2016-cı il tarixədək (57 yaşının tamam olduğu günədək) işlədiyi "xxxx" QSC İnfrastruktu r Departamenti 8 nömrəli Saatlı yol sahəsində yol montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları vəzifəsinə uyğundur.

24. Beləliklə, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajının olması məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır. İddiaçının zəruri pensiya kapitalı olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 1 iyul 2017-ci il tarixədək yarandığından, cavabdehin həmin məzmunda dəlili əsaslı deyil və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına dair şərtin də ödənilməsi tələb oluna bilməz.

25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2022-ci il tarixli, 21(103)-1893/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar