Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-193/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsi və sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsinə dair qəbz əldə edilmədən işlərin yerinə yetirilməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətin in Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2-1(103)-1647/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********6583 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarı ilə iddiaçıya məxsus olan obyektdə “Xəmsə” şadlıq sarayında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin h ər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
2. Operativ vergi yoxlamasının nəticəsində xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 004733 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 nömrəli, xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 28 nəfər fiziki şəxsi işlərin (xidmətləri) yerinə yetirilməsinə cəlb etdiyinə görə 56000 manat məbləğində, həmçinin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 14 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 28000 manat məbləğində, ümumilikdə 84000 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7895 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Xəmsə” Şadlıq Sarayında fəaliyyət göstərmək üçün icarə müqaviləsi əsasında müəyyən bir sahəni istifadəyə götürmüşdür. İcarə müqaviləsi əsasında tam qanuni əsaslarla istifadəyə götürdüyü obyektin Vergi Məcəlləsinə uyğun olaraq xx.xx.2021-ci il tarixli **********966900 nömrəli, xx.xx.2021-ci il tarixli **********211000 nömrəli obyektin qeydiyyat ərizələri ilə qeydiyyata qoyulmasında qanuni əsası olmayan problemlərlə üzləşmiş və hər dəfə rədd cavabları almışdır. Belə ki, vergi orqanından daxil olan xx.xx.2021-ci il tarixli **********449700, xx.xx.2021-ci il tarixli **********335700 nömrəli məktublarda obyektdə boş sahənin olmaması əsas gətirilərək icarə müqaviləsi əsasında istifadəyə götürdüyü obyektin qeydiyyatından imtina edilmişdir. Toylar üçün sifarişlər qəbul edildiyi halda, obyektin qeydiyyata alınmaması səbəbindən xx.xx.2021-ci ilədək işçi heyətlə müqavilə bağlanaraq işçi heyət barədə, obyekt barədə və digər məlumatların portala daxil edilməsi mümkün olmamışdır. Lakin xx.xx.2021-ci il tarixə toy şənliyi üçün sifariş götürüldüyündən, şənliyin keçirilməsi üçün heyət dəvət edilmiş, şəxsiyyət vəsiqələri toplanılaraq mühasibatlığa təqdim edilmiş və obyekt qeydiyyata alınan kimi müvafiq sənədləşmə ilə bağlı prosedurlara başlamaq tapşırığı verilmişdir. Həmçinin, paralel olaraq, vergi orqanı ilə obyektin qeydiyyata alınmaması səbəbləri araşdırılmış, bu zaman müəyyən edilmişdir ki, obyektin əvvəlki icarədarı X1 məxsus **********-16001 kodlu obyektdə yalnız bir nəzarət kassa aparatı olmuş və onun ləğv edilməsi ilə bağlı müvafiq öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, ona məxsus 4613-XXX tipli İBM Posterminal markalı, ******* zavod nömrəli NKA vergi orqanında 2 dəfə qeydiyyata alınmış, vergi orqanının bu səhvi nəticəsində obyekt əvvəlki icarədarın adından çıxarılmamışdır. Vergi orqanına bütün dəlil və sübutlar barədə məlumat verildikdən sonra nəhayət ki, xx.xx.2021ci il, saat 17:10:37-də **********786400 məktubla obyektin qeydiyyata salınması barədə məktub imzalanmışdır. Eyni gündə, yəni xx.xx.2021-ci il tarixdə ona operativ vergi nəzarəti yoxlaması təyin edilmiş və saat 17:30-da "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (Xidmətlərin) yerinə yetirilməsinə, habelə, Vergi Mə cəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı, 004733 nömrəli Akt tərtib edilmişdir. Halbuki, saat 17:10:37-da qeydiyyata alınan obyektdə bu qədər işçini saat 17:30-dək qeydiyyata salmaq mümkünsüzdür. Həmçinin, vergi orqanı tərəfindən tərtib edilmiş aktda bütün işçilərin şəxsiyyət vəsiqələrinin nömrələrinin qeyd edilməsi bir daha onu göstərir ki, onun vergidən yayınmaq niyyəti olmayıb və şəxsiyyət vəsiqələri yuxarıda qeyd edildiyi kimi mühasibatlığa təqdim edilmişdir. İşçilərin əmək müqavilələrinin höku mət portalına daxil edilməsi prosesi obyekt qeydiyyata alındıqdan sonra başlamış və növbəti gün başa çatdırılmışdır (vergi orqanının tərtib etdiyi aktda göstərildiyi kimi 42 nəfər deyil, 71 nəfər). Onun üçün əlverişli olan heç bir hal araşdırılmamış, bu barədə sənədlər tələb edilməmiş, məqsəd yalnız nöqsan aşkar etmək olmuşdur. Əlavə olaraq, vergi orqanının xx.xx.2021-ci il tarixli 004733 nömrəli Aktından öz yazılı izahatını (etirazını) xx.xx.2021-ci il tarixli **********975300 nömrəli məktubla bildirməsinə baxmayaraq, vergi orqanı müəyyən olunmuş müddəti gözləmədən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7895 nömrəli qərar qəbul etmiş, qərarın qəbul edilməsində iştirakı təmin edilməmiş, vergi qanunv ericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri qərarda qeyd edilməmişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etirazında işin hallarına istinad edərək iddia tələbinin əsassız olduğunu qeyd etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-4051/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Xəmsə” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 28 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və 14 nəfər şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004733 nömrəli aktla rəsmiləşdirilmişdir. Sözügedən fiziki şəxslərin operativ vergi nəzarəti zamanı verdikləri izahatlardan da, onlarla əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanılmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində təsərrüfat subyektinin vergi orqanı tərəfindən qeydiyyata alınmadığından işçilərlə əmək müqaviləsinin bağlanmamasına istinad etsə də, məhkəmə hesab etmişdir ki, təsərrüfat subyektinin vergi orqanı tərəfindən qeydiyyata alınıb-alınmaması işçilərlə əmək müqavilələrinin bağlanılmasına və sistemə daxil edilməsinə heç bir məhdudiyyət yaratmadığından, onun bu dəlili əsassız hesab edilməlidir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iş materiallarında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 28 fevral 2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərar da mövcuddur ki, həmin qərarla istintaq orqanının araşdırması nəticəsində iddiaçının əmək müqaviləsi bağlamadan xeyli sayda şəxsləri müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etməsi öz təsdiqini tapmış, lakin iddiaçı tərəfindən həmin işçilərə vurulmuş ziyan ödənildiyindən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli, 395-VİQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına əsasən barəsində istintaq olunan ********* nömrəli cinayət işinə xitam verilmişdir. Belə olan təqdirdə, iddiaçının cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 nömrəli, 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 27 iyul 2023-cü il tarixli, 21(103)-1647/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(112)-4051/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. İddiaçı kassasiya şikayətində iddia ərizəsində sadaladığı dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Lakin onun üçün əlverişli olan heç bir hal araşdırılmamış, bu barədə sənədlər tələb edilməmiş, məqsəd, yalnız nöqsan aşkar etmək olmuşdur. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) hə yata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; Maddə 50.2. aşağıdakılardır: Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən m ənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəl irlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 m anat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) də yişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır, odur ki, təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7895 nömrəli, xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirir ki, həmin qərarla iddiaçıya 42 nəfər şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə maliyyə sanksiyası tətbiq edilmişdir.
21. Hazırkı iş üzrə cavabdehin xx.xx.2021 -ci il tarixli, **********6583 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarında Vergi Məcəlləsinin 23, 41 və 50ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da isə Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilmişdir.
22. Qeyd edilməlidir ki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasının keçirilməsidir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilməsi şərtlərini, qaydalarını tənzi mləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
23. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslara istinad etməlidir. Hazırkı qərarın 15-ci bəndində (Vergi Məcəlləsinin 50.2-ci maddəsi) operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədl ərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur.
24. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, Vergi Məcəlləsinin 23, 41 və 50-ci maddələrinə ümumi şəkildə istinad edilmişdir.
25. Halbuki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə, qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Çünki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil.
26. Hazırkı iş üzrə cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 06 iyul 2021-ci il tarixli **********6583 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilmədiyindən, bundan əlavə, reyestrdən çıxarışda 50.2.2-ci maddəyə (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) istinad edilsə də, cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu əsaslandırmadığından, beləliklə də, aparılmış operativ vergi yoxlaması qanunsuz olduğundan, həmin yoxlama nəticəsində qəbul edilmiş qərar əsassız və qanunsuz hesab edilməklə ləğv olunmalıdır. Belə ki, aparılmış yoxlamanın qanunsuz olması yoxlama nəticəsində qəbul edilmiş inzibati aktın ləğv edilməsi üçün birbaşa əsas sayılır.
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi Vergi Məcəlləsinin hazırkı qərarın 15-ci bəndində sadalanan normalarının tələblərinə cavab vermədiyindən iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 21(103)-1647/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin, iddia təmin edilsin. Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021ci il tarixli **********7895 nömrəli qərarı ləğv edilsin. Qərar qətidir.