Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1932/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayət hüququndan sui-istifadə, dövlət hesabına vəkillə təmin olunmadan imtina, kassasiyanın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı “yeni açılmış hallarla bağlı müraciətinə cavab verilməsi” tələbinə dair iş üzrə iddiaçının kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə d air Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2024-cü il tarixli, 2-1(103)-1801/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2023-cü il tarixli rəsmi müraciətinə lazımi qaydada baxılması, yeni açılan hal üzrə cavabın rəsmi qaydada verilməsinin cavabdehə həvalə edilməsi və vəsatət qaldırılaraq cinayət kollegiyası və Nərimanov Rayon Məhkəməsinin bu məsələ ilə bağlı onun şikayətlərinin diqqətlə araşdıraraq, Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 01 fev ral 2024-cü tarixli, 2-1(112)-3693/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-1801/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçının həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2024-cü il tarixli, 2-1(103)-1801/2024 nömrəli qərardadı ilə təmin edilməmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin təmin edilməməsi barədə qərara gələrkən qeyd etmişdir ki, qanunvericili yə əsasən, dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədini daşıyır. Bu cür ərizələrə baxılarkən ərizə verən şəxsin maddi durumu (ərizəçinin heç bir yerdə işləməməsi, pensiya, təqaüd, müavinət almaması və s. hallar) məhkəmə tərəfindən araşdırılıb ona qiymət verilir. İddiaçının isə konkret halda dövlət hesabına vəkillə təmin olunmasını zəruri edən halların mövcudluğu müəyyən edilmir. Belə ki, birincisi, elektron məhkəmə informasiya sistemi ilə müəyyən olunmuşdur ki, predmet aidiyyəti üzrə iddiaçı tərəfindən qaldırılan iddianın predmeti inzibati məhkəmə icraatına aid olmadığı halda, eyni iddia tələbi ilə dəfələrlə həmin orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və mübahisələndirilən mə sələ cinayət-prosessual fəaliyyətə aid olduğundan hər dəfə onun iddiaları üzrə inzibati məhkəmə icraatı mümkün sayılmamış, həmin işlər üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş şikayətləri təmin olunmamış, yekun qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmış və hər dəfə də o, dövlət hesabına vəkillə təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Baxmayaraq ki, istintaq və təhqiqat orqanlarının cinayət prosessual fəaliyyətinə aid çoxsaylı iddiaları mümkün sayılmamışdır, konkret halda, iddiaçının yenə də prosessual hüquqlarından istifadə edərək, eyni orqana qarşı qaldırdığı iddia birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamış, apellyasya qaydasında da onun apellyasiya şikayəti uğursuz olmuşdur. Bununla belə, iddiaçı öz ənənəsinə uyğun şəkildə yenə də dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi məsələlərin inzibati icraat qaydasında baxılması mümkün olmadığı və kassasiya şikayətinin uğurluluq ehtimalı da aşkar şəkildə mövcud olmadığı halda, onun dövlət hesabına vəkillə təmin olunması büdcə vəsaitinin təyinatdan kənar və əsassız yerə xərclənməsinə gətirib çıxarması kimi qiymətləndirilməlidir.
6. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalar ına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Sözügedən Qərardadda eləcə də izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikay ət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrartəkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifad ə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya şikayəti isə İnzibati Prosessual Məcəllənin 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət hüququndan sui-istifadə hallarının qarşısının alınması və sanksiyalaşdırılması daxili hüquqda olduğu kimi, beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə də mövcuddur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından suiistifadə etməməlidir. Avropa İnsan hüquqları haqqında Konvesiyanın 35-ci Maddənin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüq uqundan sui-istifadə edilməklə təqdim olunmuş şikayət Məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) elan edilməlidir.
11. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan Məhkəmə əsassız və bezdirici şikayətlərlə məşğul olmamamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Komissiya ilə bağlı, “M. Birləşmiş Krallığa qarşı”, №13284/87, Komissiyanın qərarı, 15 oktyabr 1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214). Məhkəmə şikayətin şikayət hüququndan sui-istifadə əsasında rədd edilməsinin müstəsna tədbir olduğunu vurğulayaraq bir çox hallarda tətbiq etmişdir. Belə ki, şikayətçi bilərəkdən yalan faktlara əsaslanan şikayətlər verdikdə, işdə sənədləri saxtalaşdırdıqda və ya Məhkəmənin işin araşdırılması üçün əsaslı bir sübut barədə məlumatlandırmadıqda və ya icraatın gedişində yeni yaranan əhəmiyyətli halları gizlətdikdə; şikayətçi Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etdiyi hallarda; eləcə də, şikayətçi təkrar-təkrar və açıq-aşkar əsassız şikayətlər göndərdikdə və bu şikayətlərin əvvəllər təqdim etdiyi və qəbuledilməz hesab edilən şikayətə bənzədiyi; və buna bənzər digər hallarda tətbiq etmişdir (“Miroļubovs və başqaları Latviyaya qarşı”, №798/05, §§ 6265, 15 sentyabr 2009; və “S.A.S. Fransaya qarşı” [BP], № 43835/11, §§ 66-67, 1 iyul 2014).
12. Beləliklə, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıl a bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayə tçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.
13. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir.
14. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sisteminin yalnış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.
15. Hazırkı işə münasibətdə nəzərə almaq lazımdır ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün dövlət büdcəsinin vəs aiti hesabına vəkil qanunvericiliklə müəyyən olunmuş müəyyən şərtlər daxilində təyin oluna bilər. Bu baxımdan dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizə verən şəxs həmin şərtlərin ona münasibətdə mövcud olduğunu əsaslandırmalıdır. Həmin şərtlərin yoxlanılması zamanı məhkəmələr tərəfindən həmçinin proses iştirakçısının əsassız şikayət verib-vermədiyi, şikayət vermə hüququndan sui-istifadə edib-etmədiyi də araşdırılmalıdır. Aşkar surətdə əsassız kassasiya şikayəti verən, xüsusilə də hüququndan sui-istifadə edən proses iştirakçısına dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi, bir tərəfdən, şəxsin hüquqi müdafiəsinin dövlət hesabına təmin olunması məqsədləri ilə uzlaşmır, digər tərəfdən isə, dövlət vəsaitinin səmərəsiz və təyinatına uyğun olmayan şəkildə xərclənmə sinə, eləcə də iş üzrə məhkəmə icraatının əsassız uzanmasına səbəb olur.
16. Kassasiya instansiyası məhkəməsinin iddiaçının kassasiya şikayətinə dair analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda qeyd edilmişdir ki, dövlət hesabına vəkillə təmin edilməsi barədə müraciət edən ərizəçi uzun müddətdir məhkəmələrdə əsassız iddialar qaldırır. Ərizəçinin müxtəlif məhkəmə instansiyalarında inzibati məhkəmə icraatı qaydasında baxılan və baxılmış iddialarının sayı həddən artıq çoxdur. Bu vaxta qədər eyni mübahisə ilə bağlı onun qaldırdığı çoxlu sayda iddialar məhkəmələr tərəfindən mümkün sayılmamışdır. Və hər dəfə ərizəçi iddianın mümkün sayılmaması barədə həmin qərardadlardan kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəmə yə müraciət etmişdir. Qeyd edilən hallar nəzərə alındıqda, ərizəçinin belə davranışı hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi ərizəçiyə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina etməkdə haqlı sayılmalıdır. Qeyd olunmalıdır ki, hazırkı mübahisəyə münasibətdə ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə, belə hallarda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması ona hüquqdan sui-istifadəyə imkan və şərait yaradılması kimi qəbul edilməlidir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2295/2023 nömrəli, xx.xx.20 23-cü il tarixli 21(102)-2839/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2902/2023 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-40/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-218/2024 nömrəli və sair qərarları).
17. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (İnzibati Prosessual Məcəllənin 1.2, MPM-in 47.1-ci maddələri).
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının açıq-aşkar əsassız və təkrarlanan şikayətləri məhkəmənin real funksiyaları ilə üst-üstə düşmür, gərəksiz iş yükü yaradır, həmçinin, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmasına əngəl törədir. Beləliklə, iddiaçının eyni və oxşar mübahisələr ilə bağlı davamlı olaraq qaldırdığı çoxlu sayda əsassız, mümkünsüzlüyü əvvəlcədən aşkar olan iddialar irəli sürməsi, hər dəfə kassasiya şikayəti verilməsi üçün işsiz kimi qeydiyyatda olduğuna, aktiv əmək müqaviləsinin olmadığına dair rəsmi məlumatlara istinadla dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizələrlə müraciət etməklə iddiaçı prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə etmişdir.
19. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
20. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2024-cü il tarixli, 21(103)-1801/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.