Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1948/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina, hərbi xidmətdən qanuni əsaslarla tərxisin müəyyən olunmaması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzi bati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2-1(104)-306/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin 05 dekabr 2023-cü tarixli, 2-1(114)-4324/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2-1(104)-306/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Məhkəmələr iddianın təmin edilməməsi barədə qərara gələrkən qeyd etmişdirlər ki, iddiaçının “Müharibə veteranı” statusu almaq üçün onun hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışlar, həmçinin onun qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmalıdır. Göründüyü kimi, iddiaçının hərbi hissəyə xidmətə qəbul edilməsi, xidmət dövrü barədə müəyyən məlumatlar olsa da, hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə qaydasında öz təsdiqini tapmamışdır.
5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icra atın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şə kildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış h esab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifa yət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə görə “Müharibə veteranı” adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. İddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, “Müharibə veteranı” adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibindən qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102 )-1499/2018 nömrəli, xx.xx.2019-cu il tarixli 2-1(102)3557/2019 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-199/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-195/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-893/2024 nömrəli qərarları).
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
11. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən ol unmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2024-cü il tarixli, 2-1(104)-306/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.