Məhkəmə qərarları › İş №2-1(102)-1949/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1949/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1949/2020 20.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: şəhadətnamənin ləğv edilməsi tələbinin mümkünsüzlüyü; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər: C avabdeh5 və Cavabdeh4) qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN 1156F kod 40201004 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)-294/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarı ilə eyni torpaq sahəsinə xx.xx.2006-cı il tarixində Cavabdeh4 və İddiaçı adlarına JN 1156F nömrəli 0,02 ha. həyətyanı torpaq sahəsi ilə bağlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, habelə Cavabdeh4, Cavabdeh5 və X1 adlarına 0,02 ha. həyətyanı torpaq sahəsi verilməsi barədə JN 1156 F kod 40201004 t orpağın mülkiyyətə verilməsinə dair ayrı-ayrı şəhadətnamələr hazırlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 1156 F kod 40201004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh4 tərəfindən İdarəyə təqdim edilmiş və arxiv qovluğunda saxlanılan JN-1156F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də 245 m2 torpaq sahəsinin Cavabdeh4 və İddiaçı ümumbirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Lakin ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsindən təhvil alınmış JN-1156F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxivdə saxlanılan nüsxəsində və Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətə verilmiş torpaq sahələrinə dair elektron siyahılarda (DBF siyahılarında) həmin torpaq sahəsinin Cavabdeh4, Cavabdeh5 və X1 ümumbirgə mülkiyyətinə verildiyi qeyd olunmuşdur.

4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadına görə (hakim – R.A.Məcidov) iddianın mümkün sayılmaması qərara alınmışdır.

5. Məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2004-cü il tarixində Zaqatala Rayon Aqrar İslahat Komissiyasının sədri, Zaqatala Şəhər Bələdiyyəsi və Cavabdeh1 başçısının Zaqatala şəhəri üzrə nümayəndəs i tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair” cədvəldən müəyyən olunur ki, 1156 sıra nömrəsi ilə siyahıda Cavabdeh4, Cavabdeh5 və X1 adları qeyd olunmuş və iddiaçının adı həmin təsərrüfatda qeyd olunmadığından onun həmin torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüququnu istisna edir və iddiaçı həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquqa malik deyildir.

6. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli xüsusi qərardadına əsasən (hakim – R.A.Məcidov) Dövlət Yerquruluşu və Layihə İnstitutunun vəzifəli şəxsi F.Cəfərovun və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin vəzifəli şəxsi M.Şabanovun hərəkətlərində vəzifə saxtakarlığı cinayətinin əlamətləri barədə Zaqatala rayon pr okuroruna məlumat verilmişdir.

7. İddiaçı iddianın mümkün sayılmaması barədə qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadını ləğv edərək iddianın mümkünlüyünə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-144/2018 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – R.R.Rəfiyev, hakimlər – G.Q.Abbasov və E.Ş.Hüseynov) iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-79/2018 nömrəli qərardadının ləğv edilməsi və iş üzrə yeni qərardad qəbul edilərək inzibati işin baxılması ü çün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “torpağın mülkiyyətə verilməsinə dair” eyni şəhadətnamədən iki fərqli nüsxə mövcuddur. Bu şəhadətnamələrin hər ikisi JN-1156F KOD 40201004 nörməli, hər iki şəhadətnamədə göstərilən torpaq sahələri Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə fərqli subyektlərin mülkiyyətinə verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə məhkəmə tərəfindən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan eyni tarixli və nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin hər hansınınsa saxta olub-olmaması, bu şəhadətnamələrin fərqli subyektlərə hansı səbəblərə görə verilməsi, şəhadətnamələrdə göstərilən torpaq sah ələrinin eyni olub-olmaması, üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmalıdır. c. Birinci instansiya məhkəməsindəki ikinci icraat

10. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadına görə (hakim – R.A.Məcidov) iddianın mümkün sayılmaması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qanuni istifadəçilərinin dairəsinə aid edilməyərək onun adı həyətyanı torpaq payı alacaq subyektlərin siyahısında olmadığından, habelə iddiaçının adının qeyd olunduğu JN 1156F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyatı olmadığından iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.

12. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məh kəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkünlüyünə dair qərar qəbul edilməsini xahiş etmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-573/2018 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – E.Ş.Hüseynov, hakimlər – R.R.Rəfiyev və G.Q.Abbasov) apellyasiya şikayətinin rədd edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-79/2018 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarının Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyest ri Xidmətinin arxivində mövcud olmaması qərarın ümumiyyətlə mövcud olmaması anlamına gəlmir. Ölkədə aparılan aqrar islahatın yekunlaşdırılmasında 10 ildən artıq vaxt keçməsindən sonra bu qəbildən olan iddia tələblərinin araşdırılması zamanı sübutların əldə olunması ötmüş zaman baxımından çətinliklərə səbəb olur. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd etmişdir ki, nə qədər ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 117 nömrəli qərarı ləğv olunmamışdır həmin qərar əsasında hazırlanmış sənədin ləğvindən və ya dəyişdirilməsindən söhbət gedə bilməz. Aqrar İslahat Komissiyasının qərarları inzibati akt hesab olunduğundan həmin qərarların mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətləri də ötmüşdür ki, s adalanan halların hər biri iddianın mümkün sayılmaması üçün əsaslardandır.

15. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-573/2018 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılaraq işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. d. Kassasiya instansiya məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-612/2019 nömrəli qərarına görə kassasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(107)-573/2018 nömrəli qərardadı ləğv edilmiş, iş yenid ən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr faktiki olaraq mübahisənin mahiyyəti üzrə araşdırma apararaq, işdəki sübutlara hüquqi qiymət vermiş, işdəki şəhadətnamələrin hansınınsa saxta olduğunu müəyyən edə bilməsələr də, sonda iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüququnun olmadığı barədə qanunsuz nəticəyə gəlmiş, bu zaman “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə” 1156 sıra nömrəsi ilə siyahıda Cavabdeh4, Cavabdeh5 və X1 adları qeyd olunsa da, iddiaçının adının həmin təsərrüfatda qeyd olunmadığına əsaslanmış, hər iki Şəhadətnamənin cavabdeh inzibati orqanda mövcud olduğunu və cavabdeh tərəfindən məhkəməyə surətlərinin təqdim edildiyini, iddiaçının is ə bu illər ərzində fasiləsiz olaraq mübahisəli ünvanda yaşadığını nəzərə almamışlar.

18. İş materialları ilə iddiaçıya məxsus şəhadətnamənin saxtalığı sübut olunmadığından Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən İddiaçı həmin Şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə bağlı iddia irəli sürmək kimi subyektiv hüququ vardır və bu hüququn süni surətdə məhdudlaşdırılması isə sonuncunun ədalətli məhkəmə araşdırılması hüququnun pozulması ilə nəticələnə bilər. İddia tələbinin əsaslı olub-olmaması isə mübahisəyə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməklə müəyyən edilə bilər ki, hazırkı halda da bu baş verməmişdir. e. Birinci instansiya məhkəməsindəki üçüncü icraat

19. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1( 116)-4/2020 nömrəli qərardadına əsasən (hakim – İ.H.Cabbarov) iddianın mümkün sayılmaması qərara alınmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olsa da, hazırkı iddianı qaldırarkən o müddəti ötürmüşdür. Belə ki, Zaqatala Rayon Polis X2 materiallarından məlum olur ki, iddiaçı və onun atası olan üçüncü şəxs Cavabdeh4 izahatlarında mübahisəli şəhadətnaməni 2006-cı ildə aldıqlarını qeyd etmişlər. İddiaçının JN-1156F kod 40201004 nömrəli şəhadətnamədən ən azından 2006cı ildən məlumatı olmuş, lakin həmin vaxtdan 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etməmişdir.

21. Məhkəmə qərardadından iddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-4/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişd ir. ə. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-294/2020 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – V.İ.Məlikov, hakimlər – A.A.Mahmudov və M.A.Əsədli) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-4/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qeyd olunan iddianı qaldırmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçının ləğvini tələb etdiyi şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarına əsasən tərtib olunmuş, həmin qərar isə ləğv olunmamış və mü bahisələndirilməmişdir. İddiaçının iddia etdiyi kimi həmin dövrdə mövcud olmuş DTXK-nin Zaqatala Rayon Şöbəsinin vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), hazırkı halda mübahisəli şəhadətnamənin tərtib olunması ilə əlaqədar iddiaçı həmin dövrdə qüvvədə olmuş MPM-in tələblərinə uyğun mübahisə qaldırmamışdır.

24. Məhkəmə qərardadını iddiaçı xx.xx.2020-ci il tarixində almışdır.

25. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(107)294/2020 nömrəli qərardadının ləğv edilməsi və iddianın verilməsi üçün müddətin ötürülməməsi faktını qəbul etməklə işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlillərinə görə Zaqatala RPŞ tərəfindən iş üzrə qəbul edilmiş cinayət işinin rədd edilməsinə dair qərar iddiaçıya verilməmişdir və iddiaçı nə Zaqatala RPŞ-də, nə də Zaqatala Rayon Prokurorluğunda sözügedən şəhadətnamələrin eyni olmasından xəbərdar olması barədə ifadə verməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddia müddətinin keçdiyini qeyd edərkən yuxarıda göstərilən hala istinad etmişdir.

27. İş üzrə iki şəhadətnamənin mövcud olması və onun əsasında çıxarışın əldə edilməsi barəsində iddiaçının 2017-ci ildə məlumatı olması faktı Cavabdeh3la iddiaçı arasında olan telefon danışıqları, iddiaçının Şəki Apellyasiya Məhkəməsinə təqdim et diyi və işə əlavə edilmiş lent yazısı ilə də sübut edilir. Sözügedən çıxarış barədə iddiaçı 2017ci ildə məhkəmə gedişi zamanı məlumat əldə etmişdir.

28. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız və qanunsuz qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədi kləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

31. İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

32. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtd an 30 gün müddətində qaldırıla bilər.

33. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 n ömrəli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intiza mlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

37. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qa rşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

39. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Hazırkı qərarın 32-ci bəndində göstərilən normaların tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.

42. Hazırkı qərarın 35-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia mü ddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.

43. Birinci instansiya məhkəməsi də göstərilən tələblərə riayət edərək iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmış, iddiaçının mübahisələndirilən aktdan ən geci 2006-cı ildə məlumatlı olduğunu aşkar edərək iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul etmişdir.

45. İddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisələndirilən aktdan 2017-ci ildə məlumatı olduğunu qeyd etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından iddiaçının həmin aktdan ən geci 2006-cı ild ə məlumatı olduğu məlum olur və bu işin mübahisəsiz hallarına aiddir.

46. Odur ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(107)-294/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar