Məhkəmə qərarları › İş №2-1(102)-1963/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1963/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1963/2020 20.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya tələbi; İPM-in 12 və 13-cü maddələrinin pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsu si Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-441/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, xx.xx.1981-ci ildən xx.xx.2005-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı DSMF-nin Bakı Şəhəri Nəsimi Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı xx.xx.2016-cı il tarixindən, yəni 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsini və həmin tarixdən halhazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyindən ümumi 25 il 03 ay 25 gün əmək sığorta stajı vardır. Bundan başqa, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərl i və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda öz əksini tapmışdır. Odur ki, iddiaçının tələb olunan ümumi və güzəştli iş stajı olduğundan iddiası təmin olunmalıdır.

5. Sonradan məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla əsl olmayan cavabdeh DSMF-nin Bakı Şəhər Nəsimi Rayon Şöbəsini əsl cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz etmişdir.

6. Cavabdeh inzibati orqan iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının zərərli işlərdə işləməsi onun əmək kitabçası ilə öz təsdiqini tapmır. Həmçinin, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən işlərdə işləmiş olmasına dai r arayışı da təqdim etməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)2922/2019 nömrəli qərarı ilə (hakim – T.Ə.Əsədova) iddia tələbinin təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2016-cı il tarixindən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixinə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 03 ay 25 gün ümumi və 13 il 03 ay 21 gün güzəştli iş stajı mövcuddur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2922/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-441/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2922/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya 52 y aşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri şərtlərdən biri iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını inzibati orqana təqdim etməsidir. Lakin iddiaçı belə arayışı nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Sözügedən zəruri sənədin təqdim edilməməsi isə iddianın əsassızlığına, o da öz növbəsində cavabdehin imtinasının qanuniliyinə dəlalət edir.

12. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.

13. Məhkəmə qərarı iddiaçıya poçt vasitəsilə göndərilmiş, lakin xx.xx.2020-ci il tarixində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.

14. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2020-ci il tarixli, 2-1(103)-441/2020 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, həmçinin qərarda inzibati-prosessual qanunvericiliyin müddəalarını qeyd etsə də, lakin həmin müddəaların tətbiqi ilə bağlı heç bir əsaslandırma verməmiş, yalnız formal olaraq inzibati-prosessual müddəalara istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir.

16. Məhkəmə iddiaçının güzəştli iş stajı barədə arayışın olmadığına istinad edərək iddianı rədd etsə də, iddiaçının hüququ 2016-cı il tarixində yaranmış, xx.xx.2017-ci il tarixinə kimi qüvvədə olmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda güzəştli arayış barədə norma qeyd edilməmişdir. Odur ki, iddiaçının pensiya hüququ 2016-cı ildə yarandığından ona münasibətdə qeyd olunan Qaydalar tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İşə baxı lmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa b orcludur.

21. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

22. Həmin Məcəllənin 14-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

24. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövl ükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”ndakı kodlara uyğun gəlir: elektrot exnika istehsalatı və elektrotexniki avadanlığın təmiri: elektrik izolyasiya lakları, qatran və mastika bişirənlər (1120000a11410); metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri (12100000-19568).

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təmin olunması üçün tələb olunan zəruri şərtlərdən biri də iddiaçının güzəştli iş stajı barədə arayışdır. Hazırkı halda isə iddiaçının belə bir arayışı olmadığından ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz.

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 20-22-ci bəndləridə göstərilən normalardan aydın olduğu kimi, məhkəmə m üstəqil şəkildə zəruri sübutları toplamalı, natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etməlidir. Apellyasiya instansiyası məhkəməsi güzəşti iş stajı barədə arayışın olmadığını qeyd etsə də, göstərilən tələbləri pozaraq həmin arayışın əldə edilməsi üçün müvafiq sorğular göndərməmiş, bununla bağlı heç bir araşdırma aparmadan qərar qəbul etmişdir.

31. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozmuşdur. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməlidir.

32. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi göstərilən prosessual normaların tələblərinə uyğun işə baxmalı, iddiaçının güzəştli iş stajı barədə arayışın əldə edilməsi məqsədilə müv afiq sorğular göndərməli, sözügedən arayışı iş materiallarına əlavə etməli, araşdırmanın nəticəsindən asılı olaraq əsaslı və qanuni qərar qəbul etməlidir.

33. İddiaçı kassasiya şikayətində iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

34. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-441/2020 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qalan hissədə rədd edilməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhk əmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-441/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar