Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1967/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi hüququndan istifadə; məcburi ƏDV qeydiyyatına alınmanı mübahisələndirməməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2-1(103)-216/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 10.11.2017-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və ictimai iaşə fəaliyyəti ilə məşğuldur.
2. Cavabdeh iddiaçını 01.08.2018-ci il tarixdən məcburi ƏDV qeydiyyatına almış, “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli, **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlarla 2018-ci ilin oktyabr-dekabr ayları üçün ona ƏDV hesablamış, ƏDV-nin hesablanmas ı zamanı “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə” 03.09.2018-ci il tarixli Yekun Akta istinad etmişdir.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apelyasiya Şurasının 17.10.2019-cu il tarixli, **********848100 saylı qərarı ilə “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********7267300 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən verilmiş şikayət isə Apelyasiya Şurasının 06.12.2019-cu il tarixli **********558500 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim e dərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarların ləğv edilməsi, 2018-ci ilin oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qanunvericiliyin müddəalarına əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istəyən vergi ödəyicisi bu barədə aprel ayının 20-dən gec olmayaraq bəyannamə verməlidir. İddiaçı da həmin bəyannaməni vermiş və müvafiq olaraq aylıq dövriyyəyə uyğun vergilər onun tərəfindən vaxtında ödənilmişdir. Cavabdeh əsassız olaraq onu ƏDV ödəyicisi kimi qeydiyyata almış və mübahisələndirilən qərarları qəbul etmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən 2018-ci ilin İV rübü üzrə 05.03.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, hər hansı məbləğin bəyan edilmədiyi müəyyən edilmişdir. Ödəyicinin 01.08.2018-ci il tarixdən ƏDV qeydiyyatında olması nəzərə alınmaqla, vergi ödəyicisinin obyektində keçirilən sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 2018-ci ilin İV rübü üzrə ƏDV hesablanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2-1(112)-2343/2020 nömrəli qərarı ilə (hakim N. Abıyev) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, cavabdehin 02.05.2019-cu il tarixli, ******* ***710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarları maddi hüquq baxımdan qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.2-ci maddəsinə görə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Məhkəmə araşdırması zamanı iddiaçı fərdi sahibkar X2 tərəfindən 2018-ci ilin 4-cü rübü üçün 21.01.2019-cu il tarixdə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, qeyd olunan bəyannamənin 809, 810, 811 və 812-ci sətirlərində (8 faiz üzrə) məbləğlərin əks olunduğu, əks olunan məbləğlərin rəsmiləşdirilmiş son xronometraj müşahidələrinin nəticələrindən aşağı əks olunduğu, lakin qeyd olunan rüb üçün 05.03.2019-cu il tarixdə dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edildiyi, hər-hansı məbləğlərin bəyan edilmədiyi və qeyd olunan bəyannamənin vergi orqanı tərəfindən nəzərə alındığı müəyyən edilmişdir.
9. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.Məmmədov sədrlik edən və məruzəçi, R.Qurbanov və Ş.Məmmədova) 23 iyul 2021-ci il tarixli, 21(103)-216/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, “Vergilərin hesablanması barədə” 02 may 2019-cu il tarixli **********710400 nömrəli, **********720100 nömrəli və **********726300 nömrəli qərarlar ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2018-ci ilin 1-ci rübünə dair sadələşdirilmiş verginin bəyannaməsini aprel ayının 20-dək vergi orqanına təqdim etmişdir və cavabdeh bu faktı mübahisə etmir. O, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Vergi Məcəlləsinin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməmişdir. Belə olan halda, iddiaçıya 2018-ci ildə tətbiq olunmalı metod sadələşdirilmiş vergidir. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan halda belə yalnız sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədiyi, bu hüquqdan im tina etdiyi halda iddiaçı ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu idi. Qeyd olunan şərtlər olmadığı halda isə iddiaçıya 2018-ci il üzrə ƏDV hesablana, ondan ƏDV-nin məqsədləri üçün qeydiyyat tələb oluna bilməzdi.
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 31.08.2018-ci il tarixli, **********1076 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərarı əsasınd a Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 31 ünvanında yerləşən **********-15001 kodlu “Park Restoran” adlı təsərrüfat obyektində keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 03.09.2018-ci il tarixdə VN-14025106 saylı yekun akt tərtib olunmuşdur. Vergi ödəyicisi tərəfindən 05.03.2019-cu il tarixdə təqdim edilən 2018-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş bəyannamə məlumatlarına əsasən hər-hansı dövriyyə göstərilməmişdir. Fərdi sahibkarın vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövr ərzində 200.000,0 manatdan artıq olduğuna görə 01.08.2018-ci il tarixdən vergi orqanı tərəfindən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. Beləliklə, vergi ödəyicisinin gizlətdiyi 2018-ci ilin oktyabr ayı üzrə dövriyyəsi 113.463,6 manat, noyabr ayı üzrə 109.803,5 manat, dekabr ayı üzrə 113.463,6 manat müəyyən edilərək, müvafiq olaraq oktyabr ayına 17.308,01 manat (113.463,6*18/118), noyabr ayına 16.749,69 manat (109803,5*18/118), dekabr ayına 17.308,01 manat (113.463,6*18/118) ƏDV hesablanmışdır.
14. Vergi ödəyicisi tərəfindən VM-nin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumat vergi orqanına təqdim edilməmiş və 2018-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində isə hər hansı göstərici qeyd edilməmiş, bundan başqa 2018-ci ilin 3-cü rübü üçün, yəni dövriyyəsinin artıq 200.000,0 manatdan artıq olduğu ona məlum olmasına baxmayaraq 24.10.2018-ci il tarixli dəqiqləşdirilmiş bəyannamədə göstərdiyi dövriyyəni 4% dərəcə ilə bəyan etmiş, daha sonra 8 % dərəcə ilə sadələşdirilmiş vergi bəyannamə sini 2019-cu ilin sentyabrında, yəni vergi orqanı tərəfindən ƏDV üzrə müvafiq hesablamalar aparıldıqdan bir neçə ay sonra təqdim etmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən ilkin olaraq 2018-ci ilin 4-cü rübü üçün 8% dərəcə ilə sadələşdirilmiş vergi bəyannaməsi 21.01.2019-cu il tarixdə təqdim edilsə də, 05.03.2019-cu il tarixdə dəqiqləşdirilmiş bəyannamə ilə dövriyyə məbləği sıfırlanaraq boş (göstəricisiz) təqdim edilmişdir, həmin dövr üzrə (oktyabr-dekabr ayları üzrə) kameral hesablama qərarları isə 02.05.2019-cu il tarixdə qəbul edilmişdir.
15. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin müddəalarını səhv təfsir edərək, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apelyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, şəxs vergi ili ərzində sadələşdir ilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmişdirsə, həmin il ərzində onun dövriyyəsi 200.000 manatdan artıq olduğunda yalnız sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan imtina etdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu idi. Lakin vergi Məcəlləsinin 155.1-ci maddəsinin qrammatik təfsiri apelyasiya məhkəməsinin mövqeyinin düzgün olmadığını göstərir. Belə ki, həmin maddəyə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Maddənin mətnində “istifadə etməmiş” ifadəsi işlənilsə idi, bu o anlama gələrdi ki, daha əvvəl, yəni, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin dövriyyəsi 200.000 manat və ya ondan az olduğu zaman sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edildikdə, ƏDV qeydiyyatına dair ərizənin verilməsi məcburi deyil və apellyasiya məhkəməsinin mövqeyi haqlı olardı. Qanunverici isə ifadəni qeyd olunan formada işlətməmiş, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin dövriyyəsinin 200.000 manat və ya ondan az olduğu zaman sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edilib-edilməməsindən asılı olmayaraq, dövriyyənin 200.000 manatdan artıq olduğu halda həmin hüquqdan istifadə etmək niyyətinin birmənalı olaraq ifad ə edilməsi tələbini qoymuşdur. İddiaçı tərəfindən isə göstərilən niyyət ifadə edilməmiş, yalnız ƏDV üzrə hesablamalar aparıldıqdan bir neçə ay sonra niyyətini bəyan etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə 218.1Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Maddə 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kolle giyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Yuxarıda istinad olunan normalarda təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
24. Belə ki, hazırkı iş üzrə tərəflər arasında yaranan mübahisə ictimai iaşə fəaliyyəti ilə məşğul olan iddiaçıya ƏDV üzrə verginin hesablanması ilə bağlıdır. 25.İddiaçı hesab edir ki,Vergi Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə uyğun olaraq 2018-ci ilin aprel ayının 20-dək sadələşdirilmiş vergi hüququndan istifadə etməyə dair müvafiq bəyannaməni təqdim etdiyindən, ona 2018-ci ilin İV rübü üzrə ƏDV hesablan ması əsassızdır. Cavabdeh isə bildirir ki, iddiaçı Vergi Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə uyğun olaraq 2018-ci ilin aprel ayının 20-dək sadələşdirilmiş vergi hüququndan istifadə edəcəyinə dair müvafiq məlumatı verməmiş, həmçinin dövriyyəsi 200.000 manatdan artıq olduğuna görə 2018-ci ilin avqust ayının 1-dən məcburi ƏDV qeydiyyatına alınmış, keçirilmiş son xronometraj müşahidəsinin nəticələrinə əsasən isə 2018-ci ilin İV rübü üzrə ƏDV hesablanmışdır (iddiaçı 2018-ci ilin İV rübü üzrə 2019-cu ilin mart ayının 05-də dəqiqləşdirilmiş bəyannamə vermiş və dövriyyəni 0 göstərmişdir).
26. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçıya mübahisələndirilən qərarlarla vergi hesablanmasının əsasında iddiaçının 01.08.2018-ci ildən məcburi ƏDV qeydiyyatına alınması və xronometraj keçirilmə si dayanır. Başqa sözlə, iddiaçı Vergi Məcəlləsinin 218.1 və 218.2-ci maddələrinə istinadən ƏDV ödəyicisi olmadığını bildirsə də, cavabdeh tərəfindən ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınmasını, eyni zamanda mübahisələndirilən qərarlarla hesablanmış vergi məbləğinin əsasında duran xronometrajın nəticələrini mübahisələndirməmiş, ƏDV ödəyicisi kimi onun qeydiyyatı aktiv qalmış, xronometrajın nəticələri isə ləğv edilməmişdir.
27. İşə baxan apelyasiya instansiya məhkəməsi iddianı təmin edərkən kameral qərarların qanuniliyinə qiymət verilməsi zamanı yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış, iddiaçının ƏDV ödəyicisi olması məsələsinə qiymət verməmiş, kameral qərarın qəbul edilməsi zamanı vergi orqanlarının hərəkətlərinin və hesablamalarının düzgünlüyünə münasibət bildirməmişdir.
28. Qeyd edilənlərdən göründüyü kimi, apelyasiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki hallar yuxarıda istinad olunan normalara uyğun olaraq tam və hərtərəfli yoxlanılmamışdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 21(103)-216/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.