Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1967/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayətin imzalanmaması, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3610/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyinin bərpa olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(112)-915/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə bərabər apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3610/2023 nömrəli qərardadı ilə iddiaçını n prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və qəbulundan imtina edilmişdir. 5. 28 dekabr 2023-cü il tarixdə iddiaçı həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmişdir.
7. Həmin qərardad icra edilməsi üçün göndərildiyi Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzi tərəfindən 07 yanvar 2024-cü il tarixdə rəsmi qaydada alınmışdır.
8. Sözügedən qərardadın icrası barədə məlumat verilməsinə dair apellyasiya instansiyası məhkə məsinin 13 fevral 2024-cü il və 05 aprel 2024-cü il tarixli məktubları rəsmi qaydada Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzinə təqdim edilmişdir. 9. 22 aprel 2024-cü il tarixdə iddiaçıya dövlət hesabına təyin edilmiş vəkil tərəfindən imzalanmış kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir.
10. İddiaçının vəkili həmçinin məhkəməyə məlumat verərək bildirmişdir ki, iddiaçı tərəfindən kassasiya şikayəti imzalanmamış, eləcə də kassasiya şikayətinin verilməsi üçün ona etibarnamə verilməmişdir.
11. Eyni zamanda, iddiaçının vəkili tərəfindən məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3610/2023 nömrəli qərardadından iddiaçının kassasiya şikayətinin verilməsindən imtina etməsinə dair ərizəsi təqdim olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kolle giyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
15. İlk növbədə qeyd edilməlidir ki, bu qərardadın 12-ci bəndində istinad olunan normaya görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
16. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin iddiaçı tərəfindən imzalanmadığı müəyyən olunmuşdur.
17. Həmçinin bu qərardadın 13-cü bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
18. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur. Kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.
19. Həmçinin iş üzrə materiallardan görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını rəsmi qaydada aldığı xx.xx.2023-cü il tarixdən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddəti ötürdükdən sonra, yəni xx.xx.2023-cü il tarixdə sözügedən qərardaddan kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin olunmuşdur.
20. Göründüyü kimi, iddiaçı dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdə artıq kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.
21. Eyni zamanda, iddiaçı tərəfindən kassasiya şikayətinin vaxtında verilməsini və ya müddətin onun təqsiri olmadan buraxılmasını təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.
22. Bundan əlavə, məhkəməyə mübahisələndirilən qərardaddan kassasiya şikayətinin verilməsindən imtinaya dair iddiaçının iradə ifadəsini əks etdirən ərizə təqdim edilmişdir.
23. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmadığından, eləcə də iddiaçı tərəfindən məhkəməyə kassasiya şikayətinin verilməsindən imtinaya dair ərizə təqdim edildiyindən, habelə şikayət qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətinin mümkün sayılmaması hazırkı halda, onun İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsində təsbit edilmiş dinlənilmə hüququnun pozuntusunu yaratmır. Dinlənilmə hüququ məhkəmədən m übahisə tərəflərinə öz mövqelərini bildirmək, sübutları və dəlilləri təqdim etmək üçün imkan və şərait yaradılmasını, tərəflərlə işin hallarının həqiqi müzakirəsinin aparılmasını tələb edir. Belə ki, məhkəmənin tərəfin dinlənilmə hüququnu təmin etmək vəzifəsi ilk növbədə, baxılmaqda olan iddia və ya şikayət barədə tərəfləri məlumatlandırmaqdan ibarətdir. Dinlənilmə hüququnun tam təmin edilməsi üçün məzmunla bağlı tələblərə də riayət olunmalıdır. Belə ki, məhkəmə yalnız baxılmaqda olan iş və ya şikayət barədə məlumat verməklə kifayətlənməməli, həm də məlumat vermək vəzifəsini elə qaydada icra etməlidir ki, tərəflər mübahisə və ya şikayətlə bağlı işin faktiki və hüquqi vəziyyəti barədə dolğun məlumat əldə etmək imkanına malik olsunlar. Tərəflər yalnız bu qaydada məlumata malik olduqları təqd irdə, iddiaya, etiraza və ya şikayətə dair məzmun baxımından öz mövqelərini ətraflı və məhkəmənin gözlədiyi şəkildə ifadə edə, eləcə də öz dəlillərini və sübutlarını lazımi qaydada təqdim edə bilərlər. Məhkəmə dinlənilmə hüququ ilə bağlı vəzifələrini məhkəmə iclasında işin faktiki və hüquqi vəziyyətini proses iştirakçıları ilə müzakirə etməklə icra edə biləcəyi kimi, tərəflərə ünvanlandığı məhkəmə bildirişləri, sərəncamlar və digər yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
25. Bu mənada, iş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah” tərəflərə rəsmi qaydada təqdim olunmuş və həmin izahda kassasiya şikayəti verilməsi qaydası tərəflərə ət raflı izah edilmiş, həmin tələblərə əməl olunmayacağı halda, baş verə biləcək hüquqi nəticələr, o cümlədən şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
26. Qeyd edilməlidir ki, həmin izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatın göndərildiyi kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri, xüsusən də şikayətə dair formal tələblərə əməl olunması ilə bağlı tələblər nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
27. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti ve rilərkən izahda göstərilən tələblərə (kassasiya şikayətinin onu verən şəxs tərəfindən imzalanması, həmçinin kassasiya şikayətinin prosessual müddətlərə riayət edilməklə verilməsi barədə) əməl olunmamışdır. Eyni zamanda mübahisələndirilən qərardaddan kassasiya şikayətinin verilməsindən imtinaya dair iddiaçının iradə ifadəsini əks etdirən ərizənin məhkəməyə təqdim edildiyi nəzərə alınmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3610/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.