Məhkəmə qərarları › İş №2-1(102)-1973/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1973/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1973/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 sa ylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab olunması və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-935/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə bağlanmış xx.xx.2008-ci il tarixli 177 nömrəli icarə müqaviləsinə əsasən Binəqədi rayonun Görədil bağ massivində 1.000 kv.m. torpaq sahəsinin sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması məqsədilə xx.xx. 2008-ci ildən xx.xx.2056-cı ilədək ona icarəyə verildiyinə əsaslanmaqla, həmin torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmişdir.

2. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və xx.xx.2018-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, idarənin arxiv məlumatlarında iddiaçının adına bağ sahəsinə dair məlumat aşkar edilməmişdir. Təqdim olunan sənədlər Binəqədi bələdiyyəsinə aid sənəd surətləridir, elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bələdiyyə ərazisi deyil, X1 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq ərazisidir, bağ sahəsinin qeydiyyata alınması üçün əsas (icarə müqaviləsi) idarəyə təqdim olunmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh idarənin arxiv məlumatlarında onun adına bağ sahəsinə dair məlumatın aşkar edilməməsinin ona dəxli yoxdur. O, buna görə cavabdehlik daşıya bilməz və bunun üçün torpaq sahəsini ayırmış hüquqi şəxs məsuliyyət daşıyır. Çünki arxiv vətəndaş tərəfindən yaradılmır. Təqdim olunan sənədlərin Binəqədi Bələdiyyəsinə aid sənədlərin surətlərinin olmasına dair irad anlaşılmazdır. Çünki cavabdehin təbirincə ya Binəqədi Bələdiyy əsi saxta bir qurumdur, ya da verilən sənədlər təmsil etdiyi şəxs tərəfindən saxtalaşdırılmışdır. Həmin torpaq sahəsinin bələdiyyə ərazisi olmamasının hansı sənədlə təsdiq olunduğu əsaslandırılmamışdır. “Bağ sahəsinin qeydiyyata alınması üçün əsas (icarə müqaviləsi) idarəyə təqdim olunmalıdır” fikri də əsası olmayan bir tələbdir. Çünki bütün sənədlər, həmçinin icarə müqaviləsi cavabdeh orqana təqdim olunmuşdur. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)3036/2019 saylı qərarı (A.Abdullayeva) ilə iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Binəqədi Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyətinə iddiaçının icarəsinə torpaq sahəsi ayrılan zaman məsələ ilə bağlı “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunund a və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamədə göstərilənlər nəzərə alınmaqla rəy alınması üçün müraciət edilməmiş, həmin məsələ öz həllini tapmamış, mübahisəli torpaq sahəsinin icarə müqaviləsi qanunvericiliklə müəyyən edilən qaydalara uyğun tərtib olunmamışdır. Belə olan halda, həmin müqavilənin etibarlı sənəd kimi qiymətləndirilməsi istisna olunur. Digər tərəfdən, cavabdeh tərəfindən elektron baza məlumatlarına və torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi bələdiyyə ərazisi deyil, X1 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq ərazisidir. Torpağın sənəd üzrə ölçüsü 0,1 ha, faktiki ölçüsü isə 0,061 ha-dır. Torpaq sahəsi 2 hissədən ibarətdir. Novxanı-Goradil yolunun salınması səbəbindən 2 hissəyə ayrılmış, təxmini 390 kv.m. hissəsi yola düşmüşdür və aralanma baş vermişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarına aid edilsə belə, bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan iddiaçıya ayrılmasının qanuniliyindən söhbət gedə bilməzdi.

7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-935/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3036/2019 saylı qərarı dəyişdir ilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində göstərilir ki, bələdiyyənin qanuna əsasın inzibati qərar qəbul etmək səlahiyyəti vardır. Bələdiyyələrin vətəndaşlarla bağladığı müvaqilə hüquqi sənəd kimi bələdiyyənin möhür və imzası əsasında təsdiq edilir. Müqavilə bağlanana qədər bələdiyyənin hansı prosedurlardan keçməsində nə fiziki, nə də hüquqi şəxs heç bir məsuliyyət daşımır və qanunvericilikdə konkret olaraq elə bir müddəa yoxdur. Bəl ədiyyənin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin olmaması da vətəndaşın xeyrinə həll olunmalıdır. Əgər sözügedən torpaq sahəsi üzərində mülkiyyət sənədi yoxdursa, həmin torpaq üzərində imperativ qaydada tələb olunan qərarı necə qəbul edə bilər? Məhəmə “İnzibati icraat haqqında” qanunun 13.2-ci maddəsinə əsaslansa da, işin tam mahiyyətinə uyğun olan 13.3-cü maddəsini nəzərə almamışdır. Cavabdeh orqanın mövqeyi heç bir qanuni məqsəd ilə mütənasiblik təşkil etmir. İddiaçının hüquqi statusuna olunmuş müdaxilə ilə cavabdeh tərəfindən iddia olunan zəruriyyət və yararlılıq tərs mütənasiblik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etiraz

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri haqqı nda lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələ diyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun luğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

15. Torpaq Məc əlləsi Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. Maddə

55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

47. Torpaq üzərində b ələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

16. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanun Maddə 6.2 Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; Maddə 6.5 Torpaq sahəsinin mülkiy yətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; Maddə 6.9 Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY A ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

21. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının bələdiyyə tərəfindən ona icarəyə verildiyini iddia etdiyi torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina ediməsi üzrə yaranmış mübahisədir. İddia tələbinin hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsi təşkil edir.

22. Buna görə də tərəflər arasında yaranmış mübahisə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tələbləri, habelə Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə olunması haqqaında” qanunun əlaqəli normaları əsasında həll olunmalıdır. Apelyasiya məhkəməsi də işin müəyyən olunmuş hallarına bu hüquq normalarını tətbiq etmişdir.

23. Apelyasiya instansiyası məhkə məsi tərəfindən müəyyən olunmuş işin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti olan faktik hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 177 nömrəli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında” müqaviləyə və istifadəyə ayrılmış torpaq sahəsinin situasiya planına görə, Binəqədi rayonu Görədil bağ massivində 1.000 kv.m. torpaq sahəsi sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması məqsədilə xx.xx.2008-ci ildən xx.xx.2056-cı ilədək müddətə iddiaçıya icarəyə verilmişdir.

24. İddiaçı həmin müqavilənin surətini cavabdehə təqdim edərək, bu torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını tələb etmişdir.

25. İddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən icraat başlanmış, araşdırma aparılaraq iddia olunan torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpağın hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0,1 ha, faktiki ölçüsü 0,061 ha-dır. Novxanı-Goradil yolunun salınması səbəbindən bu torpaq iki hissəyə ayrılmışdır. Təxmini 390 kv.m. hissə yola düşmüşdür və azalma baş vermişdir. Müayinə barədə xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərtib olunmuş, ərizəçi tərəfindən göstərilən torpaq sahəsinin məlumat üçün koordinatları işə əlavə olunmuşdur. Həmçinin inzibati orqan müəyyən etmişdir ki, elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bələdiyyə ərazisi deyil, X1 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq ərazisidir.

26. Apelyasiya instansiyası məhkəməsi işin hallarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin dispozisiya şərtləri əsasında təhlil edərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqa nına mütləq təqdim olunmalıdır. Lakin, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə yaxud məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmənin bu əsaslandırması qanuni və əsaslıdır. Çünki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi icarə müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın icarəyə verilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, icarəyə götürən şəxs üçün müəy yən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. İcarə müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına icarə hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi icarə müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir.

28. İddia çı ona torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyənin qərarını təqdim etməmişdir.

29. İşə baxmış məhkəmə İPM-nin 12-ci maddəsinə əsasən, iddiaçının təqdim etdiyi torpaq sahəsinə dair icarə müqaviləsinin əsasını təşkil etmiş bələdiyyə qərarının olubolmaması üçün əlavə araşdırma aparmış, bələdiyyəyə və arxiv idarəsinə sorğular vermişdir. Binəqədi Bələdiyyəsi məhkəməyə ünvanlanmış xx.xx.2018-ci il tarixli BRB/d-325 nömrəli məktubda tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 177 nömrəli icarə müqaviləsinin Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələrinin kitab-jurnal toplusunda olduğunu, lakin icarə müqaviləsi haqqında Binəqədi Bələdiyyəsinin qərarının olmadığını bildirmişdir. X2 Bakı Filialı xx.xx.2019-cu il tarixli 1664 nömrəli məktubunda bildirmişdir ki, Binəqəd i Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2008-ci il tarixli 177 nömrəli qərarı Bakı filialına təhvil verilməmişdir.

30. İddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə qərarın olmaması faktı, iddia tələbinin təmin olunmaması üçün həlledici və kifayətedici əsasdır. Ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Ona görə də iddiaçı ilə bağlanmış icarə müqaviləsinin qanuniliyi barədə məsələnin, habelə kassasiya şikayətində göstərilən digər dəlillərin araşdırılmasına zərurət qalmır.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)935/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar