Məhkəmə qərarları › İş №2-1(102)-198/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-198/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-198/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası ilə əlaqədar iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı(üçüncü şəxs "xxxx" QSC) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(103)-1631/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 8 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1985-ci ildən 2007-ci ilədək "xxxx" QSC-nin Həkim Sanitar Xidmətində çalışmışdır. Bakı şəhər X1 İcraiyyə Komitəsinin 19/340 saylı, 1987-ci il 18 sentyabr tarixli Qərarına əsasən 26 Bakı Komissarları adına Xəstəxana bağçılıq yoldaşlıq üzvləri tərəfindən on lara 1987-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsi verilmişdir. 26 Bakı Komissarları adına Xəstəxananın bağçılıq yoldaşlıq üzvlərinin siyahısında onun da adı vardır.

3. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 mart tarixli, 2-1(112)-933/2021 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə onun adına çıxarışın verilməsini xahiş etməkdədir. Məhkəmə araşdırması dövründə İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənədlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən və "xxxx" QSC-dən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Bildirilmişdir ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin 1987-ci il 18 sentyabr tarixli, 19/340 nömrəli qərarına əsasən “26 Bakı Komissarları adına Xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin siyahısında İddiaçı adı göstərilmiş, lakin həmin siyahıda bağ sahəsinin nömrəsi, ölçüsü və tarixi göstərilməmişdir. Sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində İddiaçı adına bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s) arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda, "x xxx" QSC tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərin surətindən görünür ki, 1999-cu il 24 dekabr tarixli, 02 saylı protokol ilə təsdiq edilmiş Bakı Dəmir Yolu Xəstəxanasının “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısında İddiaçı adı yoxdur. Məhkəmə tərəfindən iddiaçıya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi təklif edilsə də, lakin iddiaçı tərəfindən hər hansı sənəd təqdim olunmamış, həmçinin iddiaçı torpaq sahəsinin faktiki yerini göstərə bilməmişdir. İddiaçı hər hansı konkret bağ sahəsinə dair (ünvanı, nömrəsi, digər rekvizitləri göstərilməklə) hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 2-1(103)-1631/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 mart tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı İnzibati Mə hkəməsi tərəfindən işə baxılarkən faktlar tam araşdırılmayaraq İnzibati Prosessual Məcəllənin tələbləri və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan iddiaçıya məxsus hüquq və vəzifələri müəyyən edən normalar pozulduğundan verilmiş şikayətə baxılarkən Bakı apellyasiya məhkəməsi tərəfindən də şikayət təmin edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

10. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhk əmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahis ələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

13. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

15. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orq anın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Normanın məzmunundan göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

17. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı “26 Bakı Komissarları adına Xəstəxana” bağçılıq yoldaşlıq üzvlərinin sonuncu dəfə 1999-cu il 24 dekabr tarixdə tərtib olunmuş siyahısında adının olmasını, əvvəlki 1987-ci il 19 sentyabr tarixdə tərtib olunmuş siyahıda isə adı göstərilsə də, iddia olunan torpaq sahəsinə dair onun üzvlük kitabçasının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli, 21(103)-1631/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar