Məhkəmə qərarları › İş №2-1(102)-1990/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1990/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1990/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 05.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 21(103)-1338/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2-1(112)-7937/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 2-1(103)-1338/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü iddiaçı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh tərəfindən təmin edilməmiş, pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az olduğu əsas gətirilmişdir. Cavabdeh tərəfindən iddiaçının sığorta stajına daxil edilməyərək mübahisələndirilən dövrlər isə iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1979-cu il tarixdən xx.xx.19 86-cı il tarixədək (əmrlər qeyd edilmədiyindən, işdən çıxma və işə daxilolma qeydlərində səlahiyyətli şəxsin imzası eyni olduğu halda adı fərqli göstərildiyindən), xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (qeydlərdə qaralamalar olduğundan), xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək (səlahiyyətli şəxsin imzası qeyd edilmədiyindən) və xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (arxiv sənədlərinin olmaması) olan dövrlər olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləməsi onun əmək kitabçasında əks olunmuşdur ki, bu da, öz növbəsində həmin məlumatların mötəbərliyinin şübhə altına alınmasına əsas vermir. Hər nə qədər ki, cavabdeh əmək kitabçasında həmin dövrlərə münasibətdə düzəlişin olunduğunu iddia etsə də, təqdim olunmuş əmək kit abçasının əslində belə düzəlişlərin və ya hər hansı doldurulma qaydasının pozuntusu aşkar olunmamışdır. Həmçinin əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirilmək, işdən çıxma barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə, iddiaçının əmək kitabçasının doldurulma qaydasının səhv aparılması iddiaçıdan asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. İşin qeyd edilən hallarını, həmçinin mübahisəli dövrlərin iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq Kollegiya hesab edir ki, həmin dövrlər iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir. Beləliklə iddiaçının 65 y aşının tamam olduğu xx.xx.2023-cü il tarixə ümumilikdə 27 il 18 ay 9 gün gündən çox əmək stajı vardır. Buna görə də Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının 25 ildən çox iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir

5. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayət i hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişd irilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı iş də, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının xx.xx.20 06-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-88/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2283/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2146/2023 nömrəli qərarları).

10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2025-ci il tarixli, 21(103)-1338/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar