Məhkəmə qərarları › İş №2-1(102)-1991/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1991/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1991/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Cəfərova Xəyalə Teymur qızının, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 fevral tarixli 2-1(103)-348/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikay ətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 30 avqust tarixli, 9/333 saylı Qərarı ilə 97 saylı bağ tikinti kooperativinin üzvlərinə ünvan 1 ayrılması nəzərdə tutulmuş, kooperativin 52 nəfərdən ibarət üzvlərinin siyahısı təsdiq edilmiş, həmin siyahıda iddiaçının adı 40-cı sırada qeyd olunmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 yerləşən 131B-40 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 29 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün əsas olan sənədlər təqdim edilməmiş, bu səbəbdən bağ sahəsinin nömrəsini və ölçülərini təyin etmək mümkün olmamışdır. Bundan əlavə, İdarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin nüsxəsi aşkar olunmamışdır. İddiaçı 2017-ci il 18 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin 1989-cu il 30 avqust tarixli, 9/333 nömrəli qərarına əsasən, ünvan 1 131B-40 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bağ sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 1989-cu il 30 avqust tarixli, 9/333 saylı Qərarına əsasən ünvan 1 131B-40 saylı bağ sahəsi ayrılmışdır. Mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçı göstərilənlərə və “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativhüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 535 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 139.1, 139.3, 1 48.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 178.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.4, 4.1, 8, 11, 12.1, 13.7, 19-cu maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, mütəxəssisin mübahisəli bağ sahəsinə keçirdiyi texniki baxış zamanı müəyyən edilmişdir ki, bağ sahəsində sahəsi 177,2 kv.m olan 1 mərtəbəli ev və sahəsi 266,2 kv.m olan tövlə və hin mövcuddur. Bağ sah əsi hasarla iki hissəyə ayrılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 avqust tarixli 2-1(82)311/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvan 1 131B-40 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bağ sahəsinə aid plan-ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının müraciətindən imtinaya əsas kimi orderin nüsxəsinin arxivdə aşkar olunmaması ilə əsaslandırsa da, məhkəmə araşdırması ilə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 30 avqust tarixli, 9/333 saylı Qərarı ilə iddiaçıya Bakı şəhəri, Xaşa Xuna massivin də bağ sahəsi (SP-3400) ayrılması, kooperativin üzvlərinin siyahısında onun adının qeyd olunması öz təsdiqini tapır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdırmaq üçün iddia olunan bağ sahəsinə dair arxiv sənədlərinə baxış keçirmiş, həmin sənədlərin surətləri işə əlavə edilmiş, onlar məhkəmə araşdırmasının predmeti olmuşdur. İddiaçı ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək bildirmişdir ki, bağ sahəsinə dair order itirildiyindən, bu səbəblə də bağın ölçüsünə dair hər hansı sənədə təqdim edə bilmir. Cavabdehin mütəxəssisləri tərəfindən aparılmış yerli müayinə zamanı bağın faktiki sahəsinin 2005 kv.m olduğu müəyyən edilmişdir. Lakin həmin massivdə onun qonşularına da ayrılmış bağların sahələri 0.12 ha-dan ibarət olduğu nəzərə alınmaqla, sahəsi 0.12 ha olan 131B-40 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 fevral tarixli 2-1(103)-348/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 1989-cu il 30 avqust tarixli, 9/333 saylı Qərarına əsasən ünvan 1 131B-40 saylı, sahəsi 0,12 ha-dan ibarət bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bağ sahəsinə aid planölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestri ndən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli bağ sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Məhkəmə iddiaçının istifadəsində olan bağ sahəsinin ölçülərinin müəyyən edilməsi ilə bağlı araşdırma zamanı həmçinin o halı nəzərə almışdır ki, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1988-ci il 14 iyun tarixli 6/333 saylı Qərarı ilə 1988-ci ildən sonra verilmiş bağ sahələrinin ölçüsü 0,12 ha-dan artıq olmamalıdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 4 mart tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 4 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araşdırılması məqsədilə Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 5 fevral tarixə təyin edilmiş məhkəmə iclası barədə İdarəyə bildiriş göndərməmişdir. Bundan başqa, apellyasiya ins tansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12.1, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili çıxışlarda iştirak etməmişdir. İddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollekt iv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1989-cu il 30 avqust tarixli, 9/333 saylı Qərarı ilə 97 saylı bağ tikinti kooperativinin üzvlərinə ünvan 1 ayrılması nəzərdə tutulmuş, kooperativin 52 nəfərdən ibarət üzvlərinin siyahısı təsdiq edilmiş, həmin siyahıda iddiaçının adı 40-cı sırada qeyd olunmuşdur. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyas ı bağ sahəsinin ölçülərinin təyin edilməsinin mümkün olmaması barədə cavabdehin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və norma tiv hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin faktiki yerləşməsi ilə elektron baza məlumatları arasında uyğunsuzluq olması kimi texniki səbəbdən iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzç əkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvaf iq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlə rə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın onun mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Şikayətin digər dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi 2019-cu il 5 fevral tarixə təyi n edilmiş məhkəmə iclası barədə İdarəyə bildiriş göndərməmişdir. Həmin dəlil də əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi əvvəlki - 2019-cu il 9 yanvar tarixli məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasının 2019-cu il 5 fevral tarixə təxirə salınması bilavasitə həmin nümayəndənin yanında elan edilmiş, bu barədə məhkəmə qəbzinə imza etmiş və 2019-cu il 5 fevral tarixli məhkəmə iclasında iştirak etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli olduğuna dair dəlil də əsassız dır. Belə ki, həmin orqanların icra etdikləri səlahiyyətlər bilavasitə Dövlətə məxsus olan hüquqlardır, Dövlət isə özünün orqanı olan cavabdehin timsalında hazırkı iş üzrə məhkəmə icraatında təmsil olunduğundan hər hansı digər dövlət orqanının icraata cəlb edilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 fevral tarixli 2-1(103)-348/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar