Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2004/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı xxx qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət qulluqçusu, işə bərpa, məcburi iş buraxma müddəti üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı xxx qızının və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı xxx qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması barədə” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)927/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehin xx xxxxxx 2016-cı il tarixli, 09/12-55 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə (kontraktına) xx xxxxxx 2016-cı il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, barəsində Yasamal RPİ tərəfindən CMnin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, o, 8.02.2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qə rarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yasamal rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı onun apelyasiya şikayətinə əsasən ləğv edilərək Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad olunmuşdur. Cavabdehin xx.xx.2016-ci il tarixli, 09/12-55 saylı əmrinə əsasən, həbsdə olduğu tarixdə, düzgün olmayaraq öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, xx xxxxxx 2016-cı il tarixdə Yasamal rayon Polis İdarəsinə çağırılaraq şübhəli şəxs qismində saxlanılmış, xx xxxxxx 2016-cı il tarixdə Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qərarda həbs etmənin əvvəli düzgün olaraq xx xxxxxx 2016-cı il tarixdən qeyd edilmişdir. xx xxxxxx 2016-cı il tarixdən öz xahişi ilə işdən azad olunduğu barədə əmr verilmişdir. xx xxxxxx 2016-cı il tarixdən şübhəli şəxs kimi saxlanıldığı halda 19 fevralda işdən azad olmağı barədə ərizə yazmağı qeyri-mümkün idi. Lakin bir neçə gündən sonra sərbəst buraxılmış və bu işdə hər hansı bir iştirakının olmaması barədə Yasamal rayon Polis İdarəsi tərəfindən cinayət işinə xitam verilmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.
5. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1079/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə (hakim:R.L.Kərimli) iddia mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia vermək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür.
7. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2462/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və R.Ə.Qurbanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür.
10. Apelyasiya instansiyası məhkəməsinin qərard adından iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2451/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüseynov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2462/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması istiqamətində prosessual hərəkətlərin edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
12. Kassasiya inst ansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçıya mübahisələndirilən xx.xx.2016-cı il tarixli 09/12-55 saylı əmrin təqdim və ya elan olunmasına dair sübut iş materiallarında mövcud deyildir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-711/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddia mümkün sayılmış, iş mahiyyəti üzrə baxılması istiqamətində prosessual hərəkətlərin edilməsi üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən xx.xx.2016-cı i l tarixli 09/12-55 saylı əmrin iddiaçıya təqdim və ya elan olunmasına dair sübut iş materiallarında mövcud deyildir. Əmək kitabçasının isə iş yoldaşı İlyas Zeynalov vasitəsi ilə xx xxxxxxxx 2017-ci il tarixdən sonra təqdim edilməsi işin mübahisələndirilməyən halıdır. d) birinci instansiya məhkəməsindəki ikinci icraat 15. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1824/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsindəki işdən çıxarma barədə xx xxxxxx 2016-cı il tarixli, 09/12-55 saylı əmri qanunsuz və əsassız hesab edilərək həmin əmr ləğv edilmiş və iddiaçı işə bərpa edilmişdir. İddiaçının işə bərpa və məcburi iş buraxma günləri üçün ona aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, mükafatların, məzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının nəticələrinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixdən vəzifədən azad edilmə barədə xx xxxxxx 2016-cı il tarixli ərizədəki imzanın iddiaçı tərəfindən imzalanmadığı müəyyən edildiyindən, həmin ərizəni rəhbər tutaraq qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 09/12-55 saylı əmri əsassızdır və həmin əmrin qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh ap elyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ekspert rəyinin verilməsi ilə bağlı xərc qismində 126 manat məbləğində vəsaitin iddiaçıdan X2 xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-927/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və X.A.Cəmilova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirinə ünvanlanmış xx xxxxxx 2019cu il tarixdən vəzifədən azad edilmə barədə xx xxxxxx 2016-cı il ta rixli ərizədəki imza iddiaçı tərəfindən imzalanmamışdır. İddiaçının həqiqi iradəsini əks etdirməyən işdən azad olunma barədə ərizə isə onun tutduğu vəzifədən azad olunmasına əsas verə bilməz.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayətində bildirir ki, iddiaçı öz hüququnun pozulduğunu bildiyi vaxtdan etibarən, yəni əmək kitabçasının və əmrin ona verildiyi vaxtdan etibarən 1 ay müddətində məhkəməyə müraciət edə və öz tələbini əsaslandıra bilərdi. Lakin iddiaçı öz iddia tələbini 2018-ci ildə məhkəməyə təqdim etmiş, bununla da iddia tələbini irəli sürməklə bağlı müddəti üzrsüz səbəbdən ötürmüşdür. Lakin məhkəmələr iddiaçının iddia tələbini mümkünsüz hesab etmək əvəzinə, heç bir səbəb olmadan iddia tələbinə baxmaqda davam etmişlər. Bununla da, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri məhkəmələr tərəfindən kobud şəkildə pozulmuşdur.
22. Eyni zamanda həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəmələri iddiaçının iddia tələbini mahiyyəti üzrə araşdırmamış və yanlış qənaətə gəlmişlər. Belə ki, iddiaçı “cavabdehin əmrinin ləğv edilməsi və özünün işə bərpa edilməsi” tələbini müdafiə etməkdə haqlı deyil. Çünki, iddiaçı 2013-cti il iyun ayından 2016-cı il fevral ayınadək Nazirliyin Aparatının Həyat səviyyəsinin təhlili və aktuar h esablamalar şöbəsinin Aktuar hesablamalar və proqnozlar sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışmışdır. Lakin bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həmin şöbə, o cümlədən həmin vəzifə mövcud deyil, şöbə və sektor bütövlükdə 2020-ci ilin iyul-avqust aylarında Nazirlikdə aparılan struktur dəyişiklikləri nəticəsində ləğv edilmişdir. Belə olan halda, iddiaçının iddia tələbinin təmin edildiyi halda belə, onun icrası qeyri-mümkündür. Odur ki, iddiaçının iddia tələbi reallığı əks etdirmədiyindən mümkün sayıla bilməz.
23. Şikayətdə qeyd edilir ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri qərarlarını tamamilə əsassız və həqiqəti əks etdirməyən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 26713 nömrəli ekspert rəyi ilə əsaslandırmış lar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
26. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Tətbiq edilən hüquq 27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;... 28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə ba şqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.12 Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
29. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamə: Bənd
2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bənd
3. Dövlət qulluqçuları işi n nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Bənd
7. Dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir; vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi. Bənd
8. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfind ən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Bənd
10. Dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun qulluq keçdiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Bənd
12. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Kasasiyanın mümkünlüyü, kasasiya baxışının hədləri
31. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
32. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı məcburi iş buraxma müddəti üçün mükafatların ödənilməsi hissəsində ləğv edilməl i, iddia həmin hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişirilmədən saxlanılmalıdır.
34. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən bir sıra məsələlər mübahisələndirilir ki, məhkəmə kollegiyası bunların hər birinə ayrı ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.
35. Belə ki, iddiaçı cavabdehin xx xxxxxx 2016-cı il tarixli, 09/12-55 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən vəzifədən azad edilmiş və onunla bağlanmış xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə (kontraktına) xx xxxxxx 2016-cı il tarixdə xitam verilmişdir. Cavabdeh iddiaçını tutduğu vəzifədən azad edərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə istinad etmişdir.
36. İş materiallarına əlavə edilmiş Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə nazirinə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı xx xxxxxx 2016-cı il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. (səh 183)
37. İddiaçının işdən azad olunduğu tarixdə -yəni xx xxxxxx 2016-cı il tarixdə Yasamal rayon Polis İdarəsinə çağırılaraq şübhəli şəxs qismində saxlanıldığı, xx xxxxxx 2016-cı il tarixdən Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi işin mübahisəsiz hallarıdır.
38. İddiaçı sözügedən ərizəni mübahisələndirərək ərizədəki imzanın ona aid olmadığını bildirmişdir. Onun vəsatəti əsasında birinci instansiya məhkəməsinin qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26713 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, 2-1(82)-1824/2019 nömrəli işin 183-cü vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə naziri S.Müslümova İddiaçı xxx qızı tərəfindən ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli ərizədə “İddiaçı” soyadı önündəki imza - İddiaçı xxx qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının həqiqi iradəsini əks etdirməyən işdən azad olunma barədə ərizə onun tutduğu vəzifədən azad olunmasına əsas verə bilməz. Beləliklə, cavabdehin mübahisələndirilən əmri qanunsuz inzibati akt olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan həmin aktın ləğv edilməsi barədə iddia tələbi əsaslı olmuşdur.
40. Kassasiya şikayətində cavabdeh qeyd edir ki, həmin rəy tamamilə əsassız olmaqla həqiqəti əks etdirməməsinə baxmayaraq məhkəmələr tərəfindən əsassız olaraq bu rəyə istinad edilmişdir.
41. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh mübahisə etdiyi rəyi hansı meyarlara görə qanunsuz hesab etdiyini kassasiya şikayətində qeyd etməmiş, öz mövqeyini əsaslandırmamışdır.
42. Bundan əlavə cavabdeh hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən bu iddia mümkün sayıla bilməz. Cavabdehin kassasiya şikayətində əks etdirdiyi bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təkzib edilir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin İnzib ati-İqtisadi Kollegiyasının hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddia mümkün sayılmış, iş mahiyyəti üzrə baxılması istiqamətində prosessual hərəkətlərin edilməsi üçün birinci instansiyası məhkəməsinə göndərilmişdir. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh birinci instansiya məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətində də bu barədə (müddətin ötürülməsi ilə bağlı) heç bir dəlil irəli sürməmişdir.
43. Kassasiya şikayətinin digər arqumenti ondan ibarətdir ki, hal - hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iddiaçının əvvəl işlədiyi şöbə, o cümlədən həmin vəzifə mövcud deyil, şöbə və sektor bütövlükdə 2020-ci ilin iyul-avqust aylarında Nazirlikdə aparı lan struktur dəyişiklikləri nəticəsində ləğv edilmişdir. Belə olan halda, iddiaçının iddia tələbinin təmin edildiyi halda belə, onun icrası qeyri-mümkündür. Odur ki, iddiaçının iddia tələbi reallığı əks etdirmədiyindən mümkün sayıla bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən bu dəlilin də heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının əvvəllər işlədiyi şöbənin ləğv edilməsi hazırkı iddianın təmin edilməsi üçün maneə olan hal deyildir.
45. Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tam əsaslı olaraq inzibati aktın ləğvinin nəticəsində iddiaçının işə bərpa olunması və məcburi işburaxma dövrü üçün aylıq vəzifə maaşı və vəzifə maaşına edilən əlavələrin, m əzuniyyətlərin və məzuniyyətlərə əlavə olunan müavinətlərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir.
46. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi məcburi iş buraxma müddəti üçün iddiaçıya mükafatların ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, qanunvericiliyə görə fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinin tərkibinə vəzifə maaşından başqa, həm də dövlət qulluqçularına verilən mükafatlar, ixtisas dərəcəsinə görə əlavə haqq, məzuniyyətə çıxarkən verilən müavinət və hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq da daxildir.
47. Qanunvericiliyin yuxarıda sadalanan müddəalarından göründüyü kimi, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərini n mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatların ödənilməsi qanuni hesab edilə bilməz.
48. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, dövlət qulluqçusuna mükafat fərdiləşmiş qaydada, heç də bütün dövlət qulluqçularına deyil, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir; bu məqsədlə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsait müəyyən edilsə də, veriləcək mükafatın yuxarı həddi məhdudlaşdırılmır və qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir.
49. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatların ödənilməsi istisna olmaqla, düzgün nəticəyə gəlmişdir.
50. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatların ödənilməsini hissəsində ləğv edilməli və iddia həmin hissədə təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdr.
51. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(103)-927/2020 saylı qərarı qismən - məcburi iş buraxma müddəti üçün mükafatların ödənilməsi hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın.