Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2028/2020 01.12.2020 ALİ MƏHKƏMƏ İddiaçı Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mübahisələndirmə haqqında iddia tələbinin mümkünsüzlüyü; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs: X3) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-14/2020 nömrəli qərardadından iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamı ilə Ağsu-Padar Çöl şossesi yolunun sağ tərəfindən əhaliyə xidmət göstərilməsi üçün Şamaxı rayonunun Bağırlı kənd sakini X2 0,15 ha torpaq sahəsi ayrılmışdır.
2. Şamaxı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 332 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə rayonun Bağırlı kəndi ərazisində 0,12 hektar torpaq sahəsi ayrılmış və bununla əlaqədar onların adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 3. 2004-cü ildə İddiaçı verilmiş torpaq sahəsindən istifadəyə X3 tərəfindən maneçilik törədilməsini əsas göstərməklə torpaq sahəsindən istifadə h üququnun təmin edilməsi barədə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı verilmiş 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsindən onun istifadə hüququnun təmin edilməsi, qalan 0,04 ha ölçüdə torpaq sahəsinin Şamaxı rayon Bağırlı Bələdiyyəsinə verilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(105)-1694/2016 saylı qətnaməsi ilə Şamaxı rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi 0,04 ha ölçüdə torpaq sahəsinin Şamaxı rayon Bələdiyyəsinə verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmış, həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır
5. Azərbaycan Respublik ası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016- cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi. 6. 2019-cu ilin fevral ayında X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarında İddiaçı verilmiş 0,12 ha torpaq sahəsinin yalnız 0,08 ha hissəsinin ona aid olmasını, qalan 0,04 ha torpaq sahəsinin isə ona verilmiş 0,15 ha torpaq sahəsinin daxilində olmasını və belə olduqda 0,04 ha torpaq sahəsinin Bağırlı Bələdiyyəsinə verilməsinin əsassız olmasının müəyyən olunmasına istinad etməklə, İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,04 ha hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu i l tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı adına verilmiş torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə 0,04 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat
10. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs: X3) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
11. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 332 saylı qərarı ilə evinin qarşı tərəfində yerləşən və faktiki onun istifadəsində olan 0,12 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Təxminən 6 ildən sonra X3 həmin əraziyə yanacaq çəni gətirərək həmin ərazinin rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1997-ci il tarixli 184 saylı sərəncamına əsasən ona verildiyini bildirmişdir. Bunun zəminində onların arasında münaqişə yaranmış, bu zaman Bağırlı Bələdiyyəsi həmin sahənin əvəzinə Ataşah fermer təsərrüfatına məxsus olan sahədən E.Hacıyevə 0,15 ha torpaq sahə si ayırmışdır. Sonuncu bununla razılaşaraq həmin torpaq sahəsini qəbul etmiş, orada ev tikmiş, lakin sonradan yenidən mübahisəli torpaq sahəsini iddia etməyə başlamışdır. Cavabdehin mübahisəli torpaqda hansısa bir obyekt tikilməsi, o cümlədən ictimai iaşə obyekt tikməsi birgə yaşayış normalarının özünə belə zidd olan bir şeydir. Həmin sahə onun evinin arxasıdır, magistral yolun kənarıdır. Evindən çıxan maşın yolunun və piyada yolunun kəsişdiyi yerdir. Qısa şəkildə onun həyətinin. ailəsinin giriş çıxış yolunun kəsişdiyi yerdir. Kiminsə icarəsinə verilməlidirsə, birinci növbədə ona təklif olunmalı idi. Qeyd edilənlərə əsasən, sərəncamı qanunsuz hesab edərək onun etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş edir.
12. Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixl i 2-1(85)1907/2017 nömrəli qərardadına əsasən (hakim – V.E.Əzizova) iddianın mümkün hesab edilməməsi qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun olmaması müəyyən edildiyindən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur.
14. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati– İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-1907/2017 nömrəli qərarının ləğv olunması və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017ci il tarixli, 2-1(105)-565/2017 nömrəli qərardadı ilə (sədrli k edən və məruzəçi – N.M.Nəsibov, hakimlər – Z.İ.Məmmədov və A.Ə.Abbasov) Sumqayıt İnzibati–İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(85)-1907/2017 nömrəli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarları Şamaxı RİH-in xx.xx.1997-ci il tarixli sərəncamına əsaslanmaqla qəbul edilmişdir və iddiaçı da hazırda məhz həmin sərəncamın etibarsız hesab edilməsi məsələsini qoymuşdur. Həmin sərəncam ləğv edilməyib və hazırda qüvvədədir. İddiaçı da qüvvədə olan sərəncama istinad edərək həmin sərəncamın etibarsızlığı barədə iddia qaldırmış ki, bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə işin faktiki ha llarına uyğun deyil. c. Birinci instansiya məhkəməsindəki ikinci icraat
17. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07.03. 2019-cu il tarixli, 2-1(085)14/2019 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddianın rədd edilməsi qərara alınmışdır.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının göstərdiyi halların heç biri Şamaxı RİH-in xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamının etibarsız hesab edilməsi üçün əsas deyil. Sərəncam verildiyi vaxt cavabdeh Şamaxı RİH dövlət mülkiyyətində olan torpaq sahəsi üzrə sərəncamçı olmuş və torpaq sahəsini ayırarkən ilkin olaraq iddiaçıya təklif etmək vəzifəsini daşımamışdır.
19. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ç. Apellyasiya instansi yası məhkəməsindəki ikinci icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-14/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – H.Ç.Babayeva, hakimlər – F.G.Zeynallı və Z.İ.Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07.03. 2019-cu il tarixli, 2-1(085)-14/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu qəbul edilmiş olsa belə, iddiaçı Şamaxı Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 184 saylı sərəncamının mübahisələndirilməsi üçün müəyyən olunmuş müddəti də ötürmüşdür. Belə ki, iddiaçı həmin sərəncamdan ar tıq ilkin olaraq Şamaxı Rayon Məhkəməsində iddia qaldırarkən, yəni 2004-cü il tarixdə xəbərdar olmuş, lakin buna baxmayaraq həmin vaxt sərəncamı mübahisələndirməmiş, bununla bağlı yalnız 2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə qərardadının iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarına heç bir sənəd əlavə olunmamışdır.
23. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(105)-14/2020 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Kassasiya şikayətin əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli torpaq iddiaçının iddia qaldırdığı vaxta kimi onun mülkiyyətində olduğuna görə və 2004-cü ildə mübahisə yaranan zaman Hacıyev Etiqada başqa bir yerdən həmin sərəncamla bağlı torpaq sahəsi verildiyi üçün iddiaçı artıq həmin sərəncamın etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmayıb. Çünki, belə olan halda həmin sərəncamın mövcudluğu iddiaçının hüquqlarını pozmurdu. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Üçüncü şəxs X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
27. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
28. Mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
29. İnzibati-Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
30. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
31. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul ed ir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarix li qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış müna sibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkü n hesab edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Hazırkı qərarın 30-cu bəndində göstərilən normanın tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər.
40. Hazırkı qərarın 33-cü bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.
41. Apellyasiya instansiyası məhkəməsi də göstərilən tələblərə riayət edərək iddia müddətinin ötürülüb-ötürülmədiyini araşdırmış və müəyyən etmişdir ki, cavabdehin xx.xx.1997-ci il tarixli sərəncamından tərəflər arasında ilk mübahisə yaranan andan, yəni 2004-cü ildən iddiaçının məlumatı olsa da, iddiaçı həmin sərəncamı 2017-ci ildə mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür.
42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü də kassasiya şikayətinin dəlillərində xx.xx.1997-ci il tarixli sərəncam barədə 2004-cü ildən məlumatı olmasını inkar etməmiş, həmin vaxt sərəncam barədə məlumatı o lsa da, onun mübahisələndirilməsinə lüzum görmədiyini qeyd etmişdir.
43. Lakin yuxarıda göstərilən normalardan göründüyü kimi iddia müddəti ilə bağlı qanunvericiliyin mövqeyi qətidir və inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddət keçdikdən sonra qaldırılan iddialar mümkün sayılmamalıdır.
44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, xx.xx.2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (Azərbaycan SSRİ Mülki Məcəlləsi və Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixinədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmamışdır.
45. Yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir.
46. Odur ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olduğundan iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2 020-ci il tarixli, 21(105)-14/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.