Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2030/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə əlilinin mənzil növbəsinə götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 21(105)-275/2025 nömrəli q ərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Vətən müharibəsi iştirakçısı və müharibə əlilidir. İddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 10 noyabr 2022-ci il tarixli, M/V seriyalı, 102449 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir.
3. İddiaçıya 3 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmi şdir.
4. İddiaçı cavabdehə müraciət edərək müharibə əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir.
5. Cavabdeh 3 may 2024-cü il tarixli, 5-6/1-H-146-068/2024 nömrəli imtina məktubu ilə bildirmişdir ki, İddiaçı Gədəbəy rayonundan qeydiyyatdan çıxaraq 2024-cü ildə Sumqayıt şəhərinə qeydiyyata düşmüşdür. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülür.... Sumqayıt şəhərində mənzil uçotuna alınmanın əsaslarından biri o lan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülür.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü dərəcəli müharibə əlili kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı xx.xx.1995-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuş, lakin valideynləri ilə 7 yaşından Sumqayıt şəhərinə köçmüş və faktiki yaşadığı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən Laçın rayonu F.Cəfərov adına Cicimli kənd orta məktəbində 3-cü sinifdən 11-ci sinfə kimi təhsil almışdır. İddiaçı orta təhsilini başa vurmaqla hərbi xidmətə yollanmış və 44 günlük Vətən müharibəsində hərbçi zabit (gizir rütbəsində) döyüşmüş, döyüşdə fərqləndiyinə görə «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» medalı, “Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. İddiaçı kiçik leytenant, N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 4-cü tağımın komandiri vəzifəsində xx.xx.2023-cü ildə keçirilmiş lokal tipli antiterror əməliyyatlarında iştirak etmiş və bu əməliyyatlar zamanı Xocalı-Aşağı Yemişanlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən postunda düşmən tərəfindən basdırılmış minaya düşmüş və minanın partlamasından sonra sol sağrı, sol baldır və sol daban nahiyəsinin zədələn məsi, kəlləbeyin travması ilə nəticələnən xəsarətlər almış, daban sümüyünün açıq yerdəyişmiş sınığına görə aparılmış sol ayağın Şopar oynağı səviyyəsindən ekzartikulyasiyası, güdülün formalaşması, kəllə beyin travması, baş beynin silkələnməsindən sonrakı vəziyyət diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 10 yanvar 2024-cü il tarixli 151 saylı şəhadətnaməsinə Əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə məhdud yararlı” hesab olunmuş və TSERA tərəfindən ona 2024-cü il fevral ayının 3-dən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar lll dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ailə həyatı qurmamış və mənzil sahəsinə kəskin ehtiyacı olduğun u qeyd etmiş, bu səbəbdən də cavabdeh orqana müraciət edərək onun müharibə əlili kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(118)-5179/2024 nömrəli qərarı ilə (hakim K.Həbibova) iddia təmin, iddiaçının üçüncü dərəcə müharibə əlili kimi imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı uzun illərdir faktiki olaraq Sumqayıt şəhərində yaşayır, hazırda Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisi, Şirvan-Yaşma B/Y-311 ünvanında qeydiyyatdadır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İİİ dərə cəli əlilliyi vardır. Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Məhkəmə tərəfindən göndərilmiş sorğuya münasibətdə bildirilmişdir ki, iddiaçıya Sumqayıt bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində torpaq sahəsi ayrılmamışdır (§1-10). Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, müharibə veteranıdır və üçüncü dərəcəli əlilliyi vardır. İddiaçı qanunvericiliyin istinad olunan tələblərinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunur.
11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(105)-275/2025 nömrəli qərarı ilə (hakimlər V.Əzizova - sədrlik edən və məruzəçi, İ.Quliyev və G.Cabbarova) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1 (Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hes ab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir) və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.-ci maddələrinin (Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir) dispozisiya şərtləri ilə uzlaşdığından cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanuni və əsaslı olmamışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətini imtina məktubu və iddia dair etirazla eyni məzmunda tərtib edərək Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 48.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə mü qaviləsi əsasında yaşayış sahələri verilmir. Maddə
50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edi lən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə
52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə
53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qi smində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə məhkəmə kollegiyası cavabdeh kassasiya şikayətində əks etdirdiyi mövqeyi ilə razılaşmayaraq iş materiallarına istinad etməklə aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir.
27. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının Sumqayıt şəhəri ərazisində 5 ildən az müddətdə yaşadığına istinad edərək onun iddiasının əsassızlığını iddia edir.
28. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin iddianın əsassızlığı ilə bağlı mövqeyi iş mate rialları ilə ziddiyyət təşkil edir. Belə ki, işin hallarından görünür ki, iddiaçı 2002-ci ildən (7 yaşından) faktiki olaraq Sumqayıt şəhərində yaşayır, 1-ci sinifə ünvan 2 ünvanda müvəqqəti yerləşən ünvan 3 təhsil almış və 2011-ci ildə məktəbin 9-cu sinifini bitirərək ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. Bundan əlavə işdə olan, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MənzilKommunal sahəsinin 4 may 2024-cü il tarixli, 777 nömrəli “Ailə tərkibi haqqında arayış”dan görünür ki, İddiaçı “Xəyri” yaşayış massivi, şəhid Gəray Məmmədov küçəsi, həyət evində 2002-ci ildən qeydiyyatsız yaşayır. Beləliklə, iddiaçı 2002-ci ildən başlayaraq faktiki olaraq Sumqayıt şəhərində yaşayır, orta təhsilini Sumqayıt şəhərində almışdır.
29. Göründüyü ki mi, cavabdehin iddia tələbinin əsassızlığı ilə bağlı dəlilləri iş materialları və Mənzil Məcəlləsinin bu qərarın 18-ci bəndində qeyd edilən normaları ilə öz təsdiqini tapmır.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2-1(105)-275/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.