Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2042/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması və ekvivalentliyi haqqın da şəhadətnamə verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(105)-349/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyasının “Rusiya Dövlət Sosial Universiteti” tərəfindən verilmiş “Hüquqşünaslıq” ixtisasına dair 14 iyul 2014-cü il tarixli, 107724 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının “Rusiya Dövlət Sosial Universiteti” tərəfindən verilmiş 14 iyul 2014-cü il tarixli, 107724 ******* nömrəli diploma əlavədən də görünür ki, onun təhsil aldığı illər ərzində əldə etdiyi qiymətlər qənaətbəxş olmaqla yanaşı, tələb olunan akademik saatlar ərzində təhsilini başa vurmuşdur. Rusiya Dövlət Sosial Universitetinə müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, U-6355 nömrəli cavab məktubunda onun həqiqətən də həmin universitetin “Hüquqşünaslıq” ixtisası üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında xx.xx.2008-xx.xx.2014-cü illər ərzində Universitetin Ali Peşə Təhsili İnstitutunun distant-qiyabi formasında təhsil aldığı təsdiq olunur. Diplomun Azə rbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından onun ali təhsil üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması səbəbindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, təhsil aldığı müddət ərzində təhsilinin distant olmasına baxmayaraq, dəfələrlə həmin universitetə gedərək həm dərslərdə, həm də imtahanlarda iştirak etmişdir ki, təqdim etdiyi diploma əlavədə mövcud olan akademik saat göstəricilərində də həmin halı müəyyən etmək olur.
3. Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2-1(118)-6018/2023 nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilərək, iddiaçının adına Rusiya Federasiyasının “Rusiya Dövlət Sosial Universiteti” verilmiş “Hüquqşünaslıq” ixtisasına dair 14 iyul 2014-cü il tarixli, 107724 ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
4. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(105)-349/2024 nömrəli qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X1) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 dekabr 2023cü il tarixli, 2-1(118)-6018/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilk dörd il ərzində distant təhsil almış və mənimsəmə üzrə imtahanları internet üzərindən yerinə yetirmiş, mütəmadi olaraq Rusiya Federasiyasına gedib gəlmək zərurəti olmamışdır. İddiaçının dərs və imtahanlarda distant iştirakı yetərli hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
8. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi nin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uy ğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün say ılmaya bilər”. 10 Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
11. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi o ndan ibarətdir ki, Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2762/2023 nömrəli üç ulduzlu qərarı, habelə xx.xx.2023-cü il tarixli 2-1(102)-2946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2546/2023 nömrəli qərarları).
12. Beləliklə, göründüyü kimi formalaşmış vahid məhkəmə təcrübəsi iddiaçının belə əsaslandırılmamış şikayətlərlə müraciət etməsini mümkün saymır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, eləcə də iddiaçı kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(105)-349/2024 saylı qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.