Məhkəmə qərarları › İş №2-1(102)-2048/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2048/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2048/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; işin hallarının düzgün araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(1 03)-1332/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 261 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Qoyulmuş diaqnoz “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom, partlayış travması (xx.xx.2020), sol qulaq seyvanının qəlpə yaralanması na görə yaraların birincili işlənməsindən sonrakı bərkimiş dəri çapığı, çənənin sol bucaq nahiyəsinin iç səthinin yumşaq toxumalarının qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsindən və yad cismin xaric edilməsindən sonrakı vəziyyət, gərginlik tip baş ağrısı”dır. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Şəhadətnamə “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 xx.xx.2022 xx.xx.2022-ci il tarixli 8023/22 nömrəli xəstəlik tarixindən çıxarışdan və xx.xx.2022-ci il tarixli 10714 nömrəli tibbi rəyindən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekomoensasiya halları intihar cəhdi ilə, uzun sürən postt ravmatik stress pozuntusudur. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Verilən sualları qısa, əsəbi cavablandırmış, əhvalının dəyişkən olması, emosional labillik, davranışı qeyri-adekvat olduğu müşahidə edilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "uzun gedişli posttravmatik stress pozuntusu, şəxsiyyətin spesifik cizgilərinin qabarması ilə" kimi müəyyənləşdirilmişdir.

3. İddiaçı ona əlillik təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixdə iddiaçının vəziyyətini qiymətləndirməklə diaqnozun əlillik təyinatına i mkan verməməsi səbəbindən imtina etmişdir.

4. Sözügedən imtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 09 dekabr 2022-ci il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən 29 dekabr 2022-ci il tarixli, **********9 nömrəli qərar qəbul edilmişdir. Qərarın 27-ci bəndində qeyd edilmişdir ki, İddiaçı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Uzun gedişli posttravmatik stress pozuntusu. Şəxsiyyətin spesifik cizgilərinin qabarması ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış dır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi hazırkı qərarın 1-3-cü bəndlərində qeyd olunan işin halları ilə əsaslandırılmışdır.

7. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı yazılı etirazının dəlili iddiaçının müraciətindən imtinanın dəlili ilə eynilik təşkil edir.

8. İşin məhkəmə araşdırması zamanı: 8.1.Azərbaycan Resp ublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli T379/2023 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının tibbi sənədlərinə əsasən, iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma-88 G00046087MJF nömrəli göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi hallyusinoz, baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnoz şəxsin anamestik, psixi status və laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən xə stəliklərlə əlaqədar, o, sahə poliklinikasında həkim psixiatrın daimi qeydiyyatında və nəzarətindədir, zərurət yarandığı hallarda müalicəyə cəlb olunur. 8.2. Ekspert rəyinin verilməsinə əsas olmuş X6 aparılmış baş beynin MRT müayinəsinin nəticəsi məhkəmə sorğusuna əsasən CD diskdə təqdim edilmişdir. 8.3. Məhkəmə iclasında iştirak etmiş MRT müayinəsini aparan həkim radioloq Leyla Qasımova-Ağazadə izahatında bildirmişdir ki, o, piloz ocağın yaranmasının səbəb olaraq çənə bucağının və qulaq seyvanının qəlpə yarası almasını göstərməmişdir. Qlyoz ocaqların yaranması səbəbləri müxtəlif - anadangəlmə, bətndaxili, keçirilmiş ensafalitdən sonra, miningitdən sonra ola bilər. Orada ocaqların travmadan sonra yaranması barədə nəsə bir şey qeyd etməmişdir. Qlyoz ocaq beyinin hər hansı bir xırda zədələnm əsindən sonra beyində yaranan çapıqlardır. O, heç vaxt orada qeyd edə bilməzdi ki, həmin ocaqlar hansı səbəbdən yaranmışdır. Bunun onun tərəfindən müəyyən edilməsi qeyri-mümkündür. Çənə bucağının və qulaq seyvanının qəlpə yaralanması qlyoz ocağı yarada da bilər, yaratmaya da bilər. Bu sualın cavabını o, verə bilməz. Qlyoz ocağının yaranmasının posttravmatik olmasını təsdiq etmir. 8.4. Məhkəmə iclasında iştirak etmiş cavabdeh inzibati orqanın həkim-eksperti izahatında bildirmişdir ki, çənə bucağının və qulaq seyvanının qəlpə yarası alması nəticəsində üzvü şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ola bilməz. Bu yaralanma baş beyin üzvü toxumasında piloz ocaqları əmələ gətirə bilməz. Çənə bucağının və qulaq seyvanının qəlpə yarası alması nəticəsində baş beyində qlyoz ocaqlar yaranmas ı tibb tarixində görülməmişdir. Belə bir nəticənin olması qeyri-mümkündür. İddiaçıda baş beyin travması yoxdur. Baş beyin travması olmadığı halda, onda travma sonrası qlyoz ocaqların yaranması qeyri-mümkündür. Bu səbəbdən hesab edir ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina tam olaraq qanuni və əsaslı olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-5980/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş bütün sənədləri birgə tədqiq edərək, həmçinin iş üzrə verilmiş izahatlara qiymət verərək hesab etmişdir ki, iddiaçı barəsində səhiyyə orqanı tərəfindən tərtib edilmiş Forma 88-də qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi, travması və disfunksiyas ı nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, posttravmatik stress pozuntusu” diaqnozu öz təsdiqini tapmır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə baş vermiş partlayış nəticəsində sol qulaq seyvanının qəlpə yaralanması almış, yaraların birincili işlənməsindən sonra bərkimiş dəri çapığı olmuş, iddiaçıya həmin travmadan sonra gərginlik tip baş ağrısı diaqnozu verilmişdir. Çənə bucağının və qulaq seyvanının qəlpə yaralanmasının iddiaçıda baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, posttravmatik stress pozuntusu yaratması öz təsdiqini tapmamışdır.

11. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən T379/2023 saylı ekspert rəyi təqdim edilmişdir ki, həmin ekspert rəyi işdəki sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmadığından, məhkəmə sözügedən ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir. Eləcə də, həmin rəyi vermiş ekspert əvvəlki məhkəmə iclasında iştirak edərkən, tərəfindən sözügedən ekspert rəyinin tərtib edilməsi zamanı iddiaçının MRT müayinəsi üzrə CD diskə baxış keçirmədiyini, yalnız tibbi sənədlər və radioloqun verdiyi nəticə əsasında həmin rəyi tərtib etdiyini bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hazırkı iddianı əsaslı hesab etməmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və M.N.Tağızadə) 04 aprel 2024-cü il tarixli, 21(103)-1332/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. İddiaçı kassasiya şikayətində iddia ərizəsi və apellyasiya şikayətində istinad etdiyi dəlilləri təkrarlamış, işin qeyd edilən hallarının tam və hərtərəfli araşdırılmadığını, beləliklə də maddi və prosessual hüquq normalarının pozulduğunu bildirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert k omissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününə dək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur.... Bənd

7. Psixi və davranış pozuntuları... 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu kod F07.0; postensefalit sindromu kod F07.1; postkontuzion sindrom kod F07.2; baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları kod F07.8;...

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd

3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürül ür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin t ələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və y a istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.... 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məl umat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübah isə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən verilmiş T379/2023 nömr əli ekspert rəyində qeyd edilənlər işdəki sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmadığından, məhkəmə sözügedən ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir. Belə ki, həmin rəyi vermiş ekspert əvvəlki məhkəmə iclasında iştirak edərkən, tərəfindən sözügedən ekspert rəyinin tərtib edilməsi zamanı iddiaçının MRT müayinəsi üzrə CD diskə baxış keçirmədiyini, yalnız tibbi sənədlər və radioloqun verdiyi nəticə əsasında həmin rəyi tərtib etdiyini bildirmişdir. İddiaçı barəsində səhiyyə orqanı tərəfindən tərtib edilmiş Forma 88-də qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, posttravmatik stress pozuntusu” diaqnozu öz təsdiqini tapmır.

27. Aşağı inst ansiya məhkəmələrinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və travma alması işin mübahisələndirilməyən halıdır.

28. İşin mübahisələndirilən halı və iddianın hüquqi əsası hazırda iddiaçıda mövcud olan xəstəliyin diaqnozunun əlillik təyinatına əsas verib-verməməsi ilə bağlıdır.

29. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabında diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma-88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi ilə təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir.

30. Belə ki, Bakı 2 nömrəli X3 tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022ci il tarixli, G00046087MJF nömrəli göndərişə əsasən, onda əsas diaqnoz XBT10 F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları, intihar cəhdi ilə. Uzun sürən posttravmatik stress pozuntusu”, ağırlaşmalar: F07.8 kodlu "Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları, intihar cəhdi ilə. Uzun sürən posttravmatik stress pozuntusu”, F43.1 “Posttravmatik stress pozuntusu, üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya ha lları, intihar cəhdi ilə. Uzun sürən posttravmatik stress pozuntusu” xəstəlikləri mövcuddur.

31. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, T379/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən, onun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, G00046087MJF nömrəli göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu onun anamnestik, psixi status və laboratorinstrumental müayinələri əs asında müəyyən edilmişdir və o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir.

32. Habelə, cavabdehin özü tərəfindən iddiaçının əyani müayinəsi qaydasında qəbul edilmiş yuxarıda qeyd edilən 29 dekabr 2022-ci il tarixli, **********9 nömrəli qərardan da görünür ki, müayinə zamanı iddiaçının diaqnozu “Uzun gedişli posttravmatik stress pozuntusu. Şəxsiyyətin spesifik cizgilərinin qabarması ilə” kimi müəyyənləşdirilmişdir.

33. Göründüyü kimi, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən qərarından müəyyən edilir ki, iddiaçı G00046087MJF nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmasından əziyyət çəkir.

34. Kollegiya hesab edir ki, ekspert rəyinin iddiaçının MRT müayinəsi üzrə CD diskə baxış keçirilmə dən, yalnız tibbi sənədlər əsasında tərtib edildiyinə dair ekspertin izahatı isə ekspert rəyinin mütəbərliyini şübhə altına ala bilməz.

35. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində qeyd olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 36.Digər tərəfdən, ekspert rəyinin tamlığı və ya əsaslılığı apellyasiya instansiyası məhkəməsi üçün şübhə doğurduğu halda, məhkəmə əlavə və təkrar məhkəmə-tibbi ekspertizası təyin edə bilərdi. 37.Bundan əlavə, nəzərə almaq lazımdır ki, MRT (X4) müayinəsi beynin strukturunu və fəaliyyətini ətraflı şəkildə göstərir, lakin posttravmatik şəxsiyyət pozuntusu kimi psixoloji və ya psixi pozuntuları birbaşa təsdiqləmək üçün kifa yət etmir. MRT beyin fəaliyyətində və quruluşunda bəzi dəyişiklikləri müəyyən edə bilər ki, bu da psixiatr və ya psixoloqa əlavə məlumat verə bilər. Lakin, PTSD diaqnozunu qoymaq üçün əsasən klinik psixoloji qiymətləndirmə, yəni müsahibələr, testlər və digər psixometrik vasitələrdən istifadə olunur. Yəni, MRT müayinəsi posttravmatik şəxsiyyət pozuntusunun təsdiqi üçün müstəqil diaqnostik vasitə deyil, yalnız əlavə məlumat təmin edə bilər.

38. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 46-cı bəndində göstərilmişdir ki, “.......... Göstəri lənlərdən ziyadə, o da xüsusilə qeyd edilməlidir ki, şəxsin sosial uyğunlaşması və səhhətinin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış formasında psixi xəstəlik və əqli pozuntularının müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizanın alternativi kimi məhkəmə-psixiatriya ekspertizası təyin edilməlidir”.

39. İddiaçı da xx.xx.2022-ci il tarixdə müvafiq psixi xəstəlikləri ilə bağlı AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində müayinə olunmuş və bununla bağlı, həmin tarixdə ixtisaslaşdırılmış tibb müəssisəsi tərəfindən rəy verilmişdir. Rəydən görünür ki, müayinə nəticəsində iddiaçıya F07.0 “Üzvi şəxsiyyət pozuntusu (müharibə zamanı aldığı KBT nəticəsində), kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları, intih ar cəhdi ilə”, F43.1 “Uzun sürən posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur.

40. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixli, G00046087MJF nömrəli göndərişdə (Forma-88) qeyd edilən və hazırda iddiaçıda aşkar edilən əsas diaqnoz XBT 10 F07.0 kodlu, əsas diaqnozun ağırlaşmaları kimi qeyd edilən F07.8 və F43.1 kodlu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir.

41. Belə ki, F07.0 kodlu (üzvi mənşəli şəxsiyyət pozuntusu) və F07.8 kodlu xəstəlik (baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları) “ Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində, əsas diaqnozun ağırlaşmaları olan F43.1 kodlu (posttravmatik stres pozuntusu) xəstəlik isə həmin bölmənin 7.5.1-ci bəndində əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. F07.0 və F07.8 kodlu xəstəliklər bölmənin 7.6.2.1 və 7.6.2.2-ci bəndlərinə, F43.1 kodlu xəstəlik isə bölmənin 7.5.1.1 və 7.5.1.2-ci bəndlərinə müvafiq olaraq orqanizmin funksiyalarının 35-60 və 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.

42. Beləliklə, müəyyən edilir ki, G00046087MJF göndərişdəki əsas diaqnoz kimi qeyd edilmiş F07.0 kodlu və onun ağırlaşmaları olan F07.8 və F43.1 kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, iddiaçıya orqanizmin funksiyalarının 3560 və 65-80 faiz pozulmasına, əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir.

43. Belə olan halda, kollegiya hesab edir ki, diaqnozun əlillik təyinatına əsas verməməsi ilə bağlı cavabdeh inzibati orqanın imtina dəlilləri əsassız olmuşdur.

44. Sonda, məhkəmə kollegiyası X6 baş beynin MRT müayinəsini aparmış həkim radioloq Leyla Qasımova-Ağazadənin izahatına münasibətdə qeyd edir ki, əvvəla, iddiaçıda olan qlyoz ocaqlarının yaranma səbəbinin məhz onun hərbi xidmət dövründə aldığı travma olub-olmadığını müəyyən etmək hazırkı halda Müdafiə Nazirliyinin səlahiyyəti olmuş və sonuncu bu əlaqəni müəyyən etmişdir.

45. Bundan əlavə, həkim-radioloq özü də məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, qlyoz ocaqların yaranması səbəbləri müxtəlif - anadangəlmə, bətndaxili, keçirilmiş ensafa litdən sonra, miningitdən sonra ola bilər. Qlyoz ocaq beyinin hər hansı bir xırda zədələnməsindən sonra beyində yaranan çapıqlardır. Həmin ocaqların hansı səbəbdən yaranmasının onun tərəfindən müəyyən edilməsi qeyri-mümkündür. Bu sualın cavabını o, verə bilməz. Belə olan halda, məhz həkim radioloqun həmin izahatına istinad edilərək iddiaçıya əlillik təyinindən imtina edilə bilməz.

46. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu olmaqla hərbi xidmət dövründə travma aldığından, hazırkı iş üzrə onun aldığı travmanın nədən ibarət olmasını və hərbi travma olmasını müəyyən etmək, həmçinin, müvafiq diaqnozun qoyulması məhz Müdafiə Nazirliyinin səlahiyyətində olmuşdur.

47. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası da buna müvafiq olaraq, iddiaçı barəsində tərtib edilmiş “Xəstəlik haqqında şəhadətnamə” də qeyd olunan “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu,.................” diaqnozunu travma kimi qiymətləndirərək, travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığını təsdiq etmişdir.

48. Göründüyü kimi, iddiaçının əsas xəstəliyinin ağırlaşması olan F43.1 kodlu xəstəliyi (posttravmatik stress pozuntusu) Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmadır.

49. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçının tələbi ona əlillik dərəcəsinin təyin edilməsi barədə olsa da, işin hallarından göründüyü kimi, iddiaçının əlilliyin təyin edilməsinə əsas verən xəstəlikləri “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” alınmışdır, iddia ərizəsinin dəlillərində də iddiaçı həmin hallara istinad etmişdir.

50. İPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

51. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi hazırkı qərarın 18-22-ci bəndlərində sadalanan qanunvericilik normalarının tələblərinə cavab vermədiyindən iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik dərəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-1332/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlillik dərəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar