Məhkəmə qərarları › İş №2-1(102)-2051/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2051/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2051/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ə mək pensiyasının yenidən hesablanması barədə qərarların ləğv edilməsi və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli 2-1(105)-306/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən 2 may 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 26 aprel 2023-cü il tarixli, 3-17-1/3-3-9158/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” qərarı ilə iddia çıya 2 may 2003-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən dayandırılmış, həmin tarixli, 3-17-1/3-39163/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərarı ilə isə pensiyanın təyin edilməsi barədə qərar ləğv edilmişdir.

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona münasibətdə qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” 26 aprel 2023-cü il tarixli, 3-17-1/3-3-9158/2023 nömrəli və “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 26 aprel 2023-cü il tarixli, 3-17-1/3-39163/2023 nömrəli qərarlarının ləğv edilməklə, ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(118)-3164/2023 nömrəli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilərək cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə qəbul etdiyi “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9158/2023 nömrəli və “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9163/2023 nömrəli qərarları ləğv edilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 26 aprel 2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

5. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi ni və iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Eyni zamanda iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər cavabdehin “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/33- 9158/2023 nömrəli və “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9163/2023 nömrəli qərarlarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyasının verilməsi 26 aprel 2023-cü il tarixdən dayandırılmışdır və o, artıq 10 aydır ki, yeganə gəliri olan əmək pensiyasından məhrum olmuşdur. Hazırda 73 yaşı vardır, heç bir yerdən gəliri yoxdur, vəziyyəti ağırdır, uzun illər 1 nömrəli siyahı üzrə ağır və zərərli işlərdə işləmiş və hüququnun yarandığı vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə onun iddia tələbi təmin edilmiş, lakin cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən ona təyin edilmiş güzəştli əmək pensiyasının dayandırılması və ləğv edilməsi barədə qərarların icrası dayandırılmalıdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-306/2024 saylı, 19 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 /məruzəçi/, X5 və X1) iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilərək hazırkı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-39158/2023 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9163/2023 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərarlarının icrası dayandırılmışdır.

9. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçının ərizəsinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraat ında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

11. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yara ndığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

12. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı icraatda qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar verməməklə, sadəcə, hüquq münasibətlərinə müvəqqəti təsir edir ki, bu icraatın da məqsədi, əsas iddia üzrə qəbul ediləcək məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Əsas iddia üzrə icraatın başa çatmaması həmin tələbin uğurluluq ehtimalını azaltmır. Digər tərəfdən, hətta iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu halda belə, müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçini ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, o cümlədən ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni təmin etməyə və bununla da, mövcud vəziyyəti qorumağa çalışmaqda haqlıdır. (Bununla bağlı bax: X6 Sosial Müdafiə Fondu X10 Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixli, 15(102)-42/2024 nömrəli, X11 Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixli, 15(102)-39/2024 nömrəli, X8 Sosial Müdafiə Fondu X10 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 15(102)75/2023 nömrəli qərarlar və.s)

14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet say tında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda, tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2024-cü il tarixli, 2-1(105)-306/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar