Məhkəmə qərarları › İş №2-1(102)-2057/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2057/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2057/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəyə baxılması, kasasiya şikayətinin mümkünlüyü, şikayətin vəkilsiz tərtib edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) və üçüncü şəxs X1 qarşı xüsusi qərardadın çıxarılması tələbinə dair iş üzrə iddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1990/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadından verdiyi kasasiya şikayətinin mümkünlüyünə və 7 sentyabr 2021-ci il tarixli qərardaddan verdiyi kasasiya şikayətinə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə və üçüncü şəxs X1 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi qərardadın çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməs inin 6 may 2021-ci il tarixli, 2-1(112)-5096/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 24 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir.

4. İddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək dövlət hesabına vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işləmir və pensiya almır.

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 7 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. İddiaçı hər iki qərardaddan kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

7. İddiaçı olaraq hər hansı iş yeri mövcud deyildir, işləmir və əmək müqaviləsi yoxdur. Maddi imkanı olmadığından dövl ət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəsi əsassız olaraq təmin edilməmişdir. Tətbiq edilən hüquq

8. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmı ş qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

9. Mülki Prosessual Məcəllə: Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasınd a vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kasasiya şikayətinə vəkilin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. 10. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə 20.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 11. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 1.0.5 və 1.0.6. Aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Kasasiya məhkəməsinin mövqeyi

12. İddiaçının apelyasiya məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vəkil tərəfindən imzalanmadığından və vəkilin orderi şikayətə əlavə edilmədiyindən, bununla bağlı şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və kasa siya şikayətinin mümkünlük məsələsinə baxılması 1 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Bu barədə kasasiya şikayətini tərtib etmiş iddiaçıya 22 oktyabr 2021-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, ona şikayətin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı qeyd edilərək göstərilən nöqsanın 1 dekabr 2021-ci il tarixədək aradan qaldırılması təklif edilmiş, əks halda kasasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

13. Ali Məhkəmə tərəfindən iddiaçıya məlumat verilərək kasasiya şikayəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl edilməsi ona bildirilmiş, nöqsanlar aradan qaldırılmadığı halda, onun hüquqi nəticələri iddiaçıya izah edilmişdir. Buna baxmayaraq iddiaçı vəkillə tərtib edilmiş kasasiya şikayətini təqdim etməmişdir.

14. Odur ki, 24 avqust 2021-ci il tarixli qərardaddan verilmiş şikayət mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

15. Yuxarıda sadalanan normaların təhlili göstərir ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə şəxsin bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin m addi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır.

16. İddiaçı sosial müavinət alması, aztəminatlı ailə olması, maddi vəziyyətinin ağırlığı, işsiz kimi qeydiyyatda olması və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığını təsdiq edən mötəbər sənəd ərizəsinə əlavə etməmişdir.

17. Odur ki, iddiaçının 7 sentyabr 2021-ci il tarixli qərardaddan verdiyi kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. Şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1990/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1990/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qərardadından verilən kasasiya şikayəti təmin edilməsin. Qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar