Məhkəmə qərarları › İş №2-1(102)-208/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-208/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-208/2021 02.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi; arxiv arayışı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 2-1(107)-377/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “X1” adına kolxozda kolxozçu işləmişdir. Lakin onun xx.xx.1990-cı il tarixdə anadan olmuş qızı sağlamlıq imkanı məhdud olan uşaq olduğundan, hal-hazırda isə 1-ci qrup əlil olduğundan uşağı anadan olduqdan sonra heç bir yerdə işləyə bilməmiş və ona baxmaq məcburiyyətində qalmışdır. Belə ki, o, heç bir yerdə işləmədən 30.09.1992-ci il tarixdən 30.09.1994-cü il tarixədək, 23.11.1994-cü il tarixdən 01.12.1998-ci il tarixədək, 12.01.1999-cu il tarixdən 20.07.2006-cı il tarixədək 16 yaşınadək sağlamlıq imkanı məhdud, 25.07.2006-cı il tarixdən hal-hazıradək isə müddətsiz ümumi səbəbdən 1-ci qrup əlil uşağına qulluq etmişdir.

2. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona uşaqlıqdan əlil uşağın anası kimi yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 12.09.2019-cu il tarixli *** nömrəli ərizə ilə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, iddiaçının 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “X1” adına kolxozda işləməyi əmək kitabçasında qeyd edilməmişdir. İddiaçının sağlamlıq imkanları məhdud və I qrup əlil uşağına xidmət müddəti 26 il 07 ay təşkil etməsinə baxmayaraq, sığortaolunan ( xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olmadığı üçün sosial sığorta stajına daxil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “X1” adına kolxozda işlədiyi müddətin, həmçinin 30.09.1992-ci il tarixindən 30.09.1994-cü il tarixinədək, 23.11.1994-cü il tarixindən 01.12.1998-ci il tarixinədək, 12.01.1999-cu il tarixindən 20.07.2006-cı il tarixinədək 16 yaşınadək sağlamlıq imkanı məhdud, 25.07.2006-cı il tarixindən 12.09.2019-cu il tarixinədək isə müddətsiz ümumi səbəbdən 1ci qrup əlil uşağına qulluq etdiyi müddətin sığorta stajı kimi qəbul edilərək, ona yaşa görə əmək pensiyasının təyin edil məsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh orqan özü imtina məktubunda göstərmişdir ki, “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyyə etmiş anaların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır və həmin qanunun 21.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Burdan da görünür ki, cavabdeh inzibati orqan onun 1-ci qrup əlilə və sağlamlıq imkanları məh dud 18 yaşınadək uşağa qulluq edilməsi müddətinin sosial sığorta stajına daxil edilməli olmasını qəbul edir. Bununla belə həmin orqan imtinasını onunla əsaslandırmağa çalışır ki, onun 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “X1” adına kolxozda işləməyi əmək kitabçasında qeyd edilməmişdir. Halbuki, bununla bağlı arxiv arayışını o inzibati orqana təqdim etmişdir.

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “X1” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona 30 aprel 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin 24.07.2020-ci il tarixli, 2-1(116)-145/2020 nömrəli qərarı ilə (hakim İ.H.Cabbarov) iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçının 19801985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “X1” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona 30.04.2019-cu il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “X1” adına kolxozda işlədiyi 1 il 8 ay müddət arxiv arayışları ilə təsdiq olunduğundan həmin müddət onun sosial sığorta stajına daxil edilməlidir.

9. Cavabdeh həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 30.09.2020-ci il tarixli 21(107)-377/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – A.M.Eyvazov, hakimlər – R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 24.07.2020-ci il tarixli, 2-1(116)-145/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarının cavabdehə hansı tarixdə təqdim edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır.

13. Cavabdeh həmin qərardan 16.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli 2-1(107)377/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin e dilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Belə ki, iddiaçının 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “X1” adına kolxozda işlədiyi 1 il 8 ay müddəti sosial sığorta stajına daxil edərək məhkəmə iddiaçının əmək kitabçasında müvafiq qeydlərin olmaması kimi mühüm faktiki hallara əhəmiyyət verməmişdir. Halbuki, əmək kitabçası kolxoz üzvlüyünə qəbul olunduqları vaxtdan, bütün kolxoz üzvləri üçün tərtib edilirdi. Bu səbəbdən cavabdeh orqan tərəfindən iddiaçıya verilən imtina qanuni v ə əsaslı hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmənin qanunvericiliyin əsas tələbini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli, 186 nömrəli qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayə ndəsi Nümayəndə məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüqu qu vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. ““Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

20. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən i şçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 21. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 22. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 24. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KA SSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “X1” adına kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması təşkil edir.

31. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qan unvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

32. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir və onun həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.

34. İşin məhkəmələr tərəfindən müəyyən edilən hall arından görünür ki, Ucar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli *** nömrəli qətnaməsi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ucar rayon dövlət arxivi tərəfindən verilmiş 01.04.2019-cu il tarixli, 20 nömrəli arxiv arayışının-hüquq müəyyənedici sənədin iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir.

35. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 24-cü bəndində göstərilən normanın tələbini pozmuşdur.

36. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun d eyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmu şdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

39. Göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli 2-1(1 07)-377/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli 21(107)-377/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar