Məhkəmə qərarları › İş №2-1(102)-2086/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2086/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2086/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlir lər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 21(103)-85/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********192006 nömrəli qərarı ilə iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 38.3.6cı maddəsinə əsasən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. İ ddiaçı yoxlanılan dövr üzrə faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur.

3. Yoxlama zamanı iddiaçı tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan baza uçot məlumatlarına əsasən aparılmışdır. İddiaçının yoxlanılan dövr üzrə satış dövriyyəsi təqdim etdiyi elektron vergi hesab-fakturalarına əsasən müəyyən olunmuşdur.

4. Yoxlama nəticəsində iddiaçı tərəfindən müvafiq dövrlər üzrə 363799,87 manat mənfəət vergisi, 1295229,05 manat əlavə dəyər vergisi və 336 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin azaldılması, həmçinin ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesabatların təqdim olunmadığı müəyyən edilərək səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********192476 nömrəli akt tərtib edilmişdir.

5. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərarı ilə vergi qanunvericiliyinin pozulmasına görə iddiaçıya münasibətdə ümumilikdə 1658099,37 manat əlavə vergi hesablanmış və 1019223,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarının ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçının ƏDV depozit hesabına məhdudiyyət qoyulmasının qanunsuz hes ab edilməsi və həmin məhdudiyyətin götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarı ilə iddiaçıya 1658099,37 manat əlavə vergi məbləği və 1019223,39 manat maliyyə sanksiyası hesablanmışdır. Bu qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərardan da görünür ki, hesablamalar 2016-2018-ci illər üçün aparılmışdır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən hesablama yalnız son 3 il üçün aparıla bilər. 2016 və 2017-ci il üçün aparılan hesablamalar qanunsuzdur. Bu hissələr qərarda ləğv edilməlidir. Bundan başqa, hesablamanın aparıldığı 3 il ərzində iddiaçının ümumi dövriyyəsi 11117528,75 manat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mü vafiq qərarına əsaslanaraq maksimum 20% rentabellik götürülsə, iddiaçının gəliri cəmi 2223505,74 manat olmuşdur. Belə olduğu təqdirdə, iddiaçıya əlavə vergi kimi təqribən 400000 manat mənfəət vergisi hesablana bilərdi. Halbuki, iddiaçının artıq vergi ödəmələri bu məbləğdən dəfələrlə çoxdur. Bu hallar nəzərə alınmadan qəbul edilmiş qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddiaçı rəsmi fəaliyyətə başladığı gündən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərmişdir. Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidmətinin) dəfələrlə keçirdiyi yoxlamanın nəticəsində aktlar tərtib edilmişdir. Bu aktlara əsasən məlum olur ki, iddiaçı öz fəaliyyətində qanun pozuntularına, vergi ödəməkdən yayınma hallarına yol verməmişdir. 2016-cı ildə iddiaçının ƏDV depozit hesabına qanu nsuz məhdudiyyətlər qoyulmuş, iddiaçının artıq vergi ödəmələri dövlət hesabına keçirilmişdir. Bütün hallar nəzərə alınmalıdır. Bununla da hesablanmış məbləğlərin qanunsuz və əsassız olduğu təsdiq edilir. Qərarın qəbulu və qərara əsasən borcun hesablanması əsaslandırılmamışdır. Cavabdeh öz qərarını əsaslandırmağa borcludur. Cavabdeh qərarın qəbulu üçün əsaslar gətirə bilmədiyi üçün qərar ləğv edilməlidir. İPM-in 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İlkin iddiada iddiaçının bank hesabında olan məhdudiyyətin götürülməsi tələbi qoyulmuşdur. Əslində iddiaçının bank hesabına deyil, ƏDV depozit hesabına qanunsuz məhdudiyyət qoyulmuşdur. Qanunvericilikdə aparılmış son dəyişikliklə cavabdehə bu hüquq verilsə də, iddia qaldırılan zaman və iddiaçının ƏDV depozit hesabına məhdudiyyət qoyulan zaman cavabdehin belə bir hüququ yox idi. Cavabdeh bu addımı qanunsuz atmışdır. Hətta indi də məhdudiyyətin qalması qanunsuzdur, bunun üçün heç bir hüquqi səbəb yoxdur.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı yoxlama ilə əhatə olunan dövrdə faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən, yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. İddiaçıya hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə – iddiaçının yoxlanılan dövr üzrə satış dövriyyəsi təqdim etdiyi elektron vergi-hesab fakturalarına əsasən müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş elektron vergi hesab-fakturalarına əsasən satış dövriyyəsi (ƏDV-siz) 11117528,75 manat göstərilmişdir. Belə ki, iddiaçının gəlirləri 2016-cı il üzrə 10405,55 manat, 2017-ci il üzrə 10390151,49 manat, 2018-ci il üzrə 716970,71 manat olmuşdur. İddiaçı yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclərinin (gəlirlərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Bunlar nəzərə alınaraq mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmışdır. Bununla da, iddiaçının 2016-2018-ci illər üzrə mənfəət vergisinin 2016-cı il üzrə 346,85 manat (10405,55/120x20x20%=346,85 manat); 2017-ci il üzrə 346338,38 manat (10390151,49/120x20x20%=346338,38 manat); 2018-ci il üzrə 23899,06 manat (716970,71/120x20x20%=23899,06 manat) və bununla da mənfəət vergisinin ümumilikdə 370584,29 (11117528,75/120x20x20%=370584,29) manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 6784,42 manat mənfəət vergisinin hesablandığı nəzərə alınaraq, 363799,87 mənfəət vergisinin azaldıldığı müəyyən olunmuş və azaldılmış məbləğə 181726,51 manat maliyyə sank siyası hesablanmışdır. Əlavə dəyər vergisi üzrə – iddiaçının yoxlanılan dövr üzrə əlavə dəyər vergisi üzrə kənarlaşmalarını müəyyən etmək üçün onun təqdim etdiyi elektron vergi hesab-fakturalar ilə idxal etdiyi və aldığı mallar müqayisə edilmiş, malların çeşid fərqi müəyyən edilmiş və nəticədə qurumun 2018-ci ilin sonuna 9241231,16 manat məbləğində mal qalığının olduğu aşkar edilmişdir. Mal qalığının tərkibi barədə iddiaçıdan sənədlər tələb olunmasına baxmayaraq, iddiaçı xx.xx.2019-cu il tarixə hər hansı mal qalığının mövcud olmaması barədə izahat təqdim etmişdir. Bunlar nəzərə alınaraq vergi orqanı Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 9241231,16 manat məbləğində mala ƏDV hesablamış və bu Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə əhatə edilən sonuncu hesabat dövrünə, yəni 2019-cu ilin iyul ayına aid edilmişdir. Nəticədə yoxlanılan dövr üzrə əlavə dəyər vergisinin 1594793,55 manat olduğu müəyyən edilmişdir. Yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 299564,5 manat əlavə dəyər vergisinin hesablandığı nəzərə alınaraq, iddiaçı tərəfindən 1295229,05 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmiş, azaldılmış məbləğə 852037,24 manat maliyyə sanksiyası hesablanmışdır. Ödəmə mənbəyində tutulan vergi üzrə – iddiaçı yoxlanılan dövr üzrə fiziki şəxslərdən icarəyə götürdüyü obyektlərə görə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Lakin iddiaçı 2017-ci ilin İİİ və İV rübləri üzrə və 2018-ci ilin İİ və İV rübləri üzrə ÖMV bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Bundan başqa, ÖMV üzrə 336 manat vergi azaldılmış, 1265, 55 manat vergi məbləği artıq hesablanmışdır. Azaldılmış vergi məbləğinə 168 manat maliyyə sanksiyası hesablanmışdır. Ümumiyyətlə, yoxlanılan dövr üzrə kənarlaşmalar əsas etibarilə, ƏDV və mənfəət vergisi üzrə müəyyən olunmuşdur. Mənfəət vergisi üzrə 6784,42 manat hesablanma nəzərə alınaraq 363799,87 manat mənfəət vergisinin azaldılması, əlavə dəyər vergisi üzrə 299564,5 manat hesablanma nəzərə alınaraq, 1295229,05 (1594793,55-299564,5) manat verginin azaldılması, ödəmə mənbəyində tutulan vergi üzrə 929,55 manat artıq hesablama müəyyən edilmişdir. Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla şəxsi vərəqəyə işlənmiş məbləğ aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə hesablama 363799,87 manat, maliyyə sanksiyası 181726, 51 manat, əlavə dəyər vergisi üzrə hesablama 1295229,05 manat, maliyyə sanksiyası 837088,88 manat, ödəmə mənbəyində tutulan vergi üzrə azalma (qeyd: artıq hesablama məbləği? Azaldılmış məbləğ kimi yuxarıda 336 manat göstərilmişdir) 929,55 manat, maliyyə sanksiyası 168 manat, ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesabatlar təqdim edilmədiyinə görə tətbiq olunmuş 240 manat maliyyə sanksiyası. Ümumilikdə şəxsi vərəqəyə 1658099,37 manat əsas məbləğ, 1019223,39 manat maliyyə sanksiyası işlənmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-902/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik n ormaları səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadıqda onun mənfəətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiqlənmiş qaydada “şərti rentabellik norması” əsasında müəyyən edilməsini nəzərdə tutur. Hazırkı işin hallarına görə də, səyyar vergi yoxlaması zamanı iddiaçının gəlir və xərclərinin müəyyən edilməsi mümkün olmadığından, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 67-ci, 83.9-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiqlənmiş qaydada onun yoxlama ilə əhatə olunan dövrlər üzrə mənfəətini müəyyənləşdirmiş və həmin mənfəətə Vergi Məcəlləsi ilə nəzərdə tutulan dərəcə ilə vergi məbləğləri hesablamış, habelə həmin vergi məbləğlərinə mütənasib, eləcə də müvafiq bəyannamə və hesabatların təqdim edilməməsinə görə maliyyə sanksiyaları tətbiq etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddiasının əsası kimi mübahisələndirilən inzibati aktın – xx.xx.2020-ci il tarixli qərarın qəbulunda Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş vergilərin 3 il müddətində hesablanması tələbinin pozulması dəlilini gətirmişdir. Bu dəlilə münasibətdə məhkəmə vurğulayır ki, səyyar vergi yoxlamasının nəticələrinə dair və hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərar qəbul olunan zaman qüvvədə olmuş qanunvericilik normaları həmin 3 illik müddəti səyyar vergi yoxlamasının nəticəsi üzrə qərarın qəbulu ilə deyil, onun keçirilməsi barə də qərarın qəbul edildiyi tarixlə şərtləndirir. Həmçinin vergi qanunvericiliyi müvafiq hesabatların da təqdim olunmadığı hallarda, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiqini nəzərdə tutur. Hazırkı işin hallarına görə iddiaçının ödəmə mənbəyində tutulan vergi bəyannaməsi, MDSS və işsizlik sığortası üzrə rüblük hesabatların vergi orqanına vaxtında təqdim edilməsi müəyyən olunmur. Məhkəmə tərəflərin dəlillərinə, iş üzrə tədqiq olunmuş sübutlara qanunvericiliyin müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarın qəbulunda qanunvericiliyin, o cümlədən Vergi Məcəlləs inin tələblərinin pozulması hallarının mövcud olmaması qənaətinə gəlir və hesab edir ki, həmin qərar qanuna zidd sayılmamalıdır. Odur ki, iddia “xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarın ləğv edilməsi” hissəsində əsassızdır. İddiaçının digər – “cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və götürülməsi” tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı onun ƏDV depozit hesabına cavabdeh tərəfindən məhdudiyyət qoyulması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, eləcə də cavabdehin özü də bu məhdudiyyətin qoyulmasını dolayısı ilə təkzib etdiyindən, iddia bu hissədə də əsaslı sayıla bilməz.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsi ndə icraat

12. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarının qismən (437782,05 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) ləğv edilməsi barədə qərar qəbul olunması xahiş edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur.

13. Həmçinin apellyasiya icraatı zamanı işə tam və hərtərəfli baxılması üçün mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçının 2016-2018-cı illər üzrə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi məbləğinin müəyyən edilməsinin, həmin hesabat dövrləri üzrə təqdim edilmiş mənfəət vergisi b əyannamələrində vergilərin az və ya artıq hesablanması hallarına yol verilib-verilməməsinin, mühasibatlıq sənədlərinə və vergi bəyannamələrinə əsasən iddiaçının 2016-cı ilin aprel ayından 2019-cu ilin iyul ayınadək (iyul ayı daxil olmaqla) olan hesabat dövrləri üzrə dövlət büdcəsinə ödəməli olduğu əlavə dəyər vergisi məbləğinin nə qədər təşkil etməsinin, həmin hesabat ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergilərin az və ya artıq hesablanması hallarına yol verilib-verilməməsinin, mühasibatlıq sənədləri və vergi bəyannamələri nəzərə alınaraq, ekspertiza tədqiqatı nəticəsində xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən mənfəət vergisinin və ƏDV üzrə hesablanmış əl avə vergi məbləğlərinin öz təsdiqini tapmasının müəyyən edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/5494 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2016-cı, 2017-ci və 2018-ci illər üzrə ümumilikdə 292989,81 manat (2016-cı il üzrə 0 manat, 2017-ci il üzrə 272982,73 manat, 2018-ci il üzrə 20007,08 manat) məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablandığı, aprel 2016 - iyul 2019 hesabat dövrləri ərzində ümumilikdə 844784 manat (776460,06 + 68323,94) ƏDV-nin az hesablandığı və 436516,50 manat məbləğ ində ƏDVnin isə artıq hesablandığı müəyyən edilmişdir. Təqdim edilmiş mühasibatlıq sənədləri və vergi bəyannamələri nəzərə alınaraq, ekspertiza tədqiqatı nəticəsində xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar mənfəət vergisinə münasibətdə 70816,06 manat hissədə, əlavə dəyər vergisinə münasibətdə isə 886961,55 manat hissədə öz təsdiqini tapmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 10 may 2023cü il tarixli, 2-1(103)-85/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə qismən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərarın 957771,61 manat (mənfəət vergisi üzrə 70810,06 manat + ƏDV üzrə 886961,55 manat = 957771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərar 957771,61 manat (mənfəət vergisi üzrə 70810,06 manat + ƏDV üzrə 886961,55 manat = 957771,61 manat) vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya mə hkəməsinin qərarı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərarın vergi ödəyicisinə 1138109,81 manat (mənfəət vergisi üzrə 292989,81 manat + ƏDV üzrə 844784 manat + ödəmə mənbəyində tutulan vergilər üzrə 336 manat = 1138109,81 manat) məbləğində vergilərin və ona uyğun maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi ilə bağlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmiş, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pul məbləği iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Vergi Məcəlləsinin 67-ci və 83.9-cü maddələrinin biri nci instansiya məhkəməsi tərəfindən düzgün təhlil edilmədiyinə və nəticədə mənfəət vergisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı əsasında hesablanması ilə bağlı səhv nəticəyə gəlindiyinə istinad etdiyi üçün apellyasiya baxışı zamanı bu barədə ətraflı araşdırmalar aparılmışdır. Həmin məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, iddiaçıya vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2019-cu il tarixli, **********192477 nömrəli tələbnamə verilmiş, lakin iddiaçı tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan ilkin sənədlər vergi orqanına təqdim edilməmiş, sənədlərin təqdim olunmamasının səbəbi izah edilməmiş və bu barədə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli imtina aktı tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********195114 nömrəli qərar qəbul edilmişdir. Lakin iddiaçı tərəfindən sənədlər yoxlamaya təqdim olunmamış, bununla bağlı xx.xx.2019-cu il tarixli “sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” akt tərtib olunmuşdur. Sonradan xx.xx.2020-ci il tarixdə iddiaçı bir sıra sənədləri yoxlamaya təqdim etdiyi üçün Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilərək bir sıra sənədlər iddiaçıdan götürülmüşdür. Vergi yoxlaması keçirilərkən iddiaçı tərəfindən təqdim olunan mənfəət vergisi bəyannamələrinə əsasən 2 016-cı il üzrə gəliri 10483,33 manat, xərcləri 486741,11 manat, 2017-ci il üzrə gəliri 10733604,12 manat, xərcləri 10719141,24 manat, 2018-ci il üzrə gəliri 738380,08 manat, xərcləri 718920,16 manat göstərilmişdir. İddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə əsasən 6784,42 manat mənfəət vergisi hesablanmışdır. İddiaçının mənfəətinin müəyyən edilməsi üçün onun 2016-2018-ci illər üzrə təqdim etdiyi elektron vergi hesab-fakturalarına əsasən formalaşan satış dövriyyəsi əsas götürülmüşdür. İddiaçı tərəfindən 2016-2018-ci illər üzrə təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən satış dövriyyəsi 11117528,75 manat göstərilmişdir. Belə ki, iddiaçının gəlirləri 2016-cı il üzrə 10405,55 manat, 2017-ci il üzrə 10390151,49 manat, 2018-ci il üzrə 716970,71 manat olmuşdur. İddiaçı yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Halbuki Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada xərclərinin (gəlirlərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin birbaşa vəzifələrinə aid edilmişdir. Bu baxımdan vergi orqanı vergini Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının “Vergi Məcəlləsinin 67-ci maddəsində müvafiq ardıcıllığın müəyyən edilməsinə baxmayaraq bu ardıcıllığın sonuncu mərhələsi kimi vergi orqanı tərəfindən vergilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmasının düzgün olmaması” barədə dəlilini əsassız sayır. Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının 20162018-ci illər üzrə mənfəət vergisinin 2016-cı il üzrə 346,85 manat (10405,55/120x20x20%=346,85 manat), 2017-ci il üzrə 346338,38 manat (10390151,49/120x20x20%=346338,38 manat), 2018-ci il üzrə 23899,06 manat (716970,71/120x20x20%=23899,06 manat), bununla da, mənfəət vergisinin ümumilikdə 370584,29 (11117528,75/120x20x20%=370584,29) manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr ərzində iddiaçı tərəfindən 6784,42 manat mənfəət vergisinin hesablandığı nəzərə alınaraq, 363799,87 mənfəət vergisinin azaldıldığı müəyyən olunmuş və azaldılmış məbləğə 181726,51 manat maliyyə sanksiyası hesablanmışdır.

17. Mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərara əsasən, iddiaçıya xərclərə dair sənədlər təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən şərti rentabellik normasının tətbiqi nəticəsində ümumilikdə 363799,87 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Lakin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza nəticəsində vergi ödəyicisi tərəfindən azaldılmış mənfəət vergisi məbləğinin 292989,81 manat məbləğində olduğu nəzərə alınaraq ekspertiz a tədqiqatı nəticəsində səyyar vergi yoxlaması ilə hesablanmış 363799,87 manat mənfəət vergisi məbləğinin 70810,06 manat məbləğində olan hissəsi öz təsdiqini tapmamışdır. Həmçinin mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərara əsasən iddiaçıya əvəzləşdirilməli ƏDV məbləğinin düzgün bəyan edilməməsinə görə 19499,74 manat, çeşid fərqi nəticəsində yaranan 9241231,16 manat mal qalığına görə 1663421,61 manat, ümumilikdə isə 1682921,35 manat məbləğində ƏDV hesablanmışdır. Lakin ekspert rəyi ilə çeşid fərqindən yaranan mal qalığının 4313667,01 manat, həmin qalığa görə hesablanmalı ƏDV-nin isə 776460,06 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, vergi orqanı tərəfin dən iddiaçıya mal qalığına görə hesablanmış ƏDV-nin 886961,55 manat məbləğində olan (1663421,61 - 776460,06) hissəsi öz təsdiqini tapmamışdır. Beləliklə, təqdim olunmuş mühasibatlıq sənədləri və vergi bəyannamələri nəzərə alınaraq, ekspertiza tədqiqatı nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərara əsasən mənfəət vergisi üzrə hesablanmış 363799,87 manat əlavə vergi məbləği 70810,06 manat məbləğində olan hissədə, əlavə dəyər vergisi üzrə hesablanmış 1295229,05 manat əlavə vergi məbləği isə 886961,55 manat hissədə öz təsdiqini tapmadığından həmin məbləğlərin vergi orqanı tərəfindən hesablanması əsassız olmuşdur.

18. Apellyasiya baxışı zamanı iddiaçı səyyar vergi yoxlaması zamanı ona 2017-ci və 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilərin səhv hesablanmasına dair hər hansı dəlil irəli sürməmiş və bununla da, həmin məbləğlərin əsassız olduğunu təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul olunmuş xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərar vergi ödəyicisinə 336 manat ödəmə mənbəyində tutulan vergilərin və ona tətbiq olunan maliyyə sanksiyasının hesablanması hissəsində qanuni və əsaslı olmuşdur.

19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın qismən ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. Cavabdehi n kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə verilmiş ekspert rəyi ilə bağlı heç bir araşdırma aparılmamış, həmin ekspert rəyi qiymətləndirilməmişdir. Ekspert rəyinin qismən qeyri-mötəbər hesab edilməsi əsaslarından biri də 2017-ci il üzrə müəyyən olunmuş dövriyyə ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən gəlir 10733604,12 manat göstərildiyi halda, ekspert həmin il üzrə dövriyyəni təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 8276255,09 manat müəyyən etmişdir. Lakin faktiki olaraq təqdim edilmiş hesab-fakturalarda əməliyyatların məbləğlərini topladıqda 8276255,09 manatın ekspert tə rəfindən hansı metodla əldə edildiyi aydın olmur. Ekspertin ƏDV-yə münasibətdə isə hesablama əsasları qeyri-müəyyən olmaqla anlaşılan deyildir. Apellyasiya instansiyası məhkəməsi bu kimi ziddiyyətlərin araşdırılması ilə bağlı üzərinə düşən vəzifəni icra etməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən e dilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səy yar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3.6. Cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin p ozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxalixrac əməliy yatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Maddə 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” Bənd 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. Bənd 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarı qisməniddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahiələndirilən hissədə yoxlanılacaqdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edildiyindən və iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə həmin qərardan şikayət verilmədiyindən, hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsinə münasibətdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün h əmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda mə hkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

31. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya münasibətd ə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İddiaçı yoxlanılan dövr üzrə faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı iddiaçı tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyindən yoxlama vergi orqanında olan uçot baza məlumatlarına əsasən aparılmışdır. İddiaçının yoxlanılan dövr üzrə satış dövriyyəsi təqdim etdiyi elektron vergi hesab-fakturalarına əsasən müəyyən olunmuşdur. Yoxlama nəticəsində iddiaçı tərəfindən müvafiq dövrlər üzrə 363799,87 manat mənfəət vergisinin, 1295229,05 mana t əlavə dəyər vergisinin və 336 manat ödəmə mənbəyində tutulan verginin azaldılması, həmçinin iddiaçı tərəfindən ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin, MDSS və işsizlik sığortası üzrə rüblük hesabatların təqdim olunmadığı müəyyən edilmiş, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********192476 nömrəli akt tərtib edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********13140383 nömrəli qərarla vergi qanunvericiliyinin pozulmasına görə iddiaçıya münasibətdə ümumilikdə 1658099,37 manat əlavə vergi hesablanmış və 1019223,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən xx.xx.2020-ci il tarixli, **********140383 nömrəli qərarın qismən (437782,05 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla) ləğv edilməsinə nail olmaqdan ibarətdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəyə əsaslanmış, həmin rəydə qeyd olunan göstəricilərə əsaslanmış və bundan başqa hər hansı sübuta istinad etməmişdir.

34. Həmin rəydə (bax: iş İİİ cild, v. 61) iddiaçı tərəfindən 9989096,68 manat məbləğində malların idxal edildiyi, e-qaimə ilə 538615 manat məbləğində malların alındığı qeyd edilmişdir. Həmçinin rəydə elektron qaimə ilə 8993226,83 manat məbləğində satışın həyata keçirildiyi əksini tapmışdır. İş materiallarına əlavə olunmuş s əyyar vergi yoxlaması aktına əsasən, cavabdehin hesablamasının əsaslarından biri də iddiaçının aldığı və satdığı mallar arasında çeşid fərqinin olmasından ibarətdir. Bununla əlaqədar ekspert tərəfindən rəydə idxal edilmiş mallarla e-qaimə ilə satılmış malların qarşılıqlı çeşidinin təhlil olunduğu qeyd olunmuş və 1681426,77 manat məbləğində mallar üzrə çeşid fərqinin olmadığı göstərilmişdir.

35. Lakin həmin rəyi araşdırarkən ekspertin qeyd olunan həcmdə fərqin olmadığını müəyyən etməsinə dair (alınan və satılan mallar tək-tək üzləşdirilməklə) apardığı araşdırmanı təsdiq edən yekun hesabata rast gəlinmir. Eləcə də ekspert tərəfindən həmin araşdırmanın hansı qaydada aparıldığı rəydən və iş üzrə materiallardan görünmür.

36. Bundan başqa, rəydə iş materiallarında mövcud olan (İİ cild) bəyannamə lərə əsasən, yoxlama dövrü üzrə iddiaçı tərəfindən 13525844,73 manat dövriyyənin göstərildiyi qeyd edilmişdir. Ekspert bütün elektron qaimə-faktura ilə alış və satış məbləğlərini toplamış, çeşid fərqi olmayan hissəni və bəyannamədə göstərilən dövriyyəni alınan rəqəmdən çıxmaqla azaldılan yekun vergi məbləğini müəyyən etmişdir (9989096,68 (idxal) + 538615 (e-qaimə ilə alış) + 8993226,83 (e-qaimə ilə satış) – 1 681426,77 (çeşid fərqi olmayan mallar) – 13 525844,73 (bəyan edilən satış) = 4 313667,01 x 18% = 776460,06.

37. Həmçinin, ekspert rəyində aprel/2016 – iyul/2019-cu il dövrləri üzrə ƏDV məbləğinin 68323,94 manat azaldıldığı qeyd olunsa da, bu göstəricinin hansı qaydada əldə olunduğuna dair heç bir araşdırma rəydə əksini tapmamışdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, ƏDV məbləğinin 436516,5 manat artıq hesablanması mübahisə predmeti olmadığından, həmin hissəyə hər hansı münasibət bildirilməsinə zərurət yoxdur.

39. Ekspert rəyində həmçinin cavabdeh tərəfindən hesablanmış 363799,87 manat mənfəət vergisinin 70810,06 manat hissəsinin öz təsdiqini tapmadığı qeyd olunsa da, həmin hissənin təsdiqini tapmamasının hansı qaydada müəyyən olunduğuna dair də hər hansı araşdırma və sənədlər iş üzrə materiallarda mövcud deyildir.

40. Göründüyü kimi, iş materiallarında ekspert rəyinin nəticəvi hissəsində qeyd olunmuş göstəricilərin emal olunmuş hansı məlumatlar əsasında və hansı qaydada alındığını əks etdirən əsaslandırma mövcud olmadığından, rəydə göstərilən rəqəmlərin həqiqiliyini müəyyən etmək mümkün deyildir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi əsaslandırmasında yalnı z ekspert rəyi ilə kifayətlənsə də, həmin rəy üzrə araşdırmanı əks etdirən sənədləşmələrin natamam olduğuna, ekspert rəyindəki göstəricilərin hansı araşdırmanın nəticəsində əldə olunduğuna və bunların rəydə əksini tapmadığına diqqət yetirməmiş, ekspert rəyinə digər sübutlarla əlaqəli şəkildə qiymət verməmişdir.

41. Bu baxımdan işə yenidən baxılarkən apellyasiya məhkəməsi yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək, iddiaçının yoxlama dövrü ərzində idxal etdiyi və elektron-qaimə faktura (və ya alış aktı) əsasında aldığı malların həcminin, həmin dövr ərzində alınıb-satılan malların hansı qaydada çeşidlənməsinin, iddiaçının elektron qaimə-faktura təqdim etməklə satdığı malların həcminin, elektron qaimə-faktura təqdim edilmədən satılan, amma bəyannamədə əks etdirilən məbləğlərin həc minin əsaslandırılmış formada (məsələn, icmallaşdırılmış cədvəllərdə əks olunmaqla) müəyyən olunmasını təmin etmək üçün ekspert qarşısında müvafiq suallar qoymalıdır. Ekspert rəyində əks olunmuş düstura uyğun olaraq alınan nəticənin ƏDV üzrə hansı həcmdə vergi öhdəliyinin yaranmasına əsas olması müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə tərəfindən 70810,06 manat hissədə mənfəət vergisinin təsdiqini tapmamasının (qərar 292989,81 manat hissədə mübahisə predmeti olmadığından, məhkəmə kollegiyası həmin hissəyə münasibət bildirilməsinə zərurət görmür) əsasları barədə ekspert qarşısında müvafiq sual qoyulmalı, məhkəmə özü də bu istiqamətdə zəruri araşdırma aparmalıdır.

42. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarı lan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

44. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). 4

5. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

47. Apellyasiya inst ansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 may 2023-cü il tarixli, 21(103)-85/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar