Məhkəmə qərarları › İş №2-1(102)-2093/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2093/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2093/2021 30.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi və işə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə “Dövlət Sərhəd Xidmətinin 1369Ş/H saylı, 15.09.2018-ci il tarixli əmrin ləğv edilməsi və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(107)-252/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında hərbi təhsil almışdır. Hərbi Akademiyanı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə (03.09.2018-10.09.2018) xidməti zərurətlə əlaqədar X5 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiyyətdə olduğu müddətdə 11.09.2018-ci il tarixində Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “x” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması həyata keçirilmişdir.

2. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olmuş və bu barədə aidiyyəti üzrə məruzə edilmişdir. Səyyar laborotoriya plana uyğun olaraq sərhədboyu zonada xidmət edən hərbi qulluqçulardan analizlər götürdükdən sonra Bakı şəhərinə qayıtmış və İddiaçı 11.09.2018ci il tarixdə götürülmüş sidik nümunəsi 25.10.2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmiş, 05.11.2018-ci il tarixdə müayinə olunaraq müvafiq akt tərtib edilmişdir. Müayinə aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir.

3. İddiaçı, DSX rəisinin 15.09.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41 0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə rək “15.09.2018-ci il tarixli 1369 Ş/H saylı əmrdə işdən çıxarılmasının əsasının dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və 21.01.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2007-2010-cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxumuş, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında təhsilini davam etdirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. Hərbi hissənin 11-ci sərhəd zastavasının zastava rəisinin müavini vəzifəsini icra etmişdir. Bundan sonra 6-cı sərhəd zastavasının rəis müavini, bir müddət sonra isə zastava rəisi vəzifəsini icra etmiş və baş leytenant hərbi rütbəsi almışdır. Nümunəvi xidmətinə görə dəfələrlə hərbi hissə komandiri tərəfindən mükafatlandırılmış və fəxri fərman almışdır. 2017-ci ildə İslam oyunları çərçivəsində Bayraqdar olmuşdur. Xidmət keçdiyi müddətdə heç bir nöqsanı olmamışdır. Sərhəd xidmətinin nə qədər ağır, çətin olduğunu həmişə hiss etmiş və işində məsuliyyətli olmağa çalışmışdır. 21 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzduğa görə) müvafiq olara q, o, 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə göndərilmişdir. Bir ildən artıqdır ki, iddiaçı hərbi zabit kimi işsizdir. Ehtiyata buraxılmağına baxmayaraq, yuxarıda sözü gedən qanunun xidməti uyğunsuzluğa görə müddəasına əsasən o, xidmətə çağırılmamışdır. Həmçinin həmin əsasla onun ehtiyata buraxılmağına görə o, müstəqil olaraq başqa işlə təmin olunmağı üçün müraciət edə bilməmişdir. Başqa sözlə, xidməti uyğunsuzluğa görə heç bir yerdə iş tapa bilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin qeyd olunan əmri ona qarşı qərəzli olmuş, onun xidməti hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. O, gənc bir hərbiçi kimi əsassız olaraq xidmətdən kənarda saxlanmışdır. İllərlə hərbi təhsil almış, vətənə xidməti üçün bu yolu seçmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən verilən əmri ona imkan vermir ki, müvafiq işlə təmin olunsun. Ona görə də iddiaçı «işdən çıxarılma barədə əmrdə işdən çıxarılmanın əsasının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-524/2020 nömrəli, 22.06.2020- ci il tarixli qərardadı ilə müddətin ötürülməsi səbəbindən iddiaçının iddiası mümkün sayılmamışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2020 nömrəli, 05.08.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-524/2020 nömrəli, 22.06.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

9. İddiaçı birinci instansiya məhkəməsinə 30.11.2020-ci il tarixli məktub ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və Dövlət Sərhəd Xidmətinin 1369Ş/H saylı, 15.09.2018-ci il tarixli əmrin ləğv edilməsi və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyi nin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir.

10. Cavabdeh etiraz təqdim edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçıya məxsus sidik nümunəsində “Barbiturat (BAR)” maddəsinin pozitiv olması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinə dəvət olunaraq izahatı alınmışdır. İddiaçıya izahatında “son altı ay ərzində hər hansı dərman preparatı qəbul edib-etməməsi” soruşulmuş, o isə təxminən iki ay əvvəl N nömrəli hərbi hissədə xidmətdə olarkən səhhətində yaranmış narahatlıqla bağlı dərman preparatı qəbul etdiyini bildirmişdir. Keçirilmiş məhkəmə iclasında iddiaçı N nömrəli hərbi hissədə xidməti ezamiyyətdə olan zaman 10.09.2018-ci il tarixində başının ağrıması səbəbindən hərbi hissənin tibb məntəqəsində müraciət etdiyini və ona dərman preparatı verildiyini iddia etsə də, 13.09.2018-ci il tarixində verdiyi izahatında ən son iki ay öncə N nömrəli hərbi hissədə xidmət etdiyi zaman dərman preparatı qəbul etdiyini qeyd etmişdir. N nömrəli hərbi hissənin tibb məntəqəsinə müraciət edən hərbi qulluqçuların qeydiyyat kitabında aparılmış qeydiyyata əsasən İddiaçı tibb məntəqəsinə müraciət edərək ambulator müayinə olunmuş, lakin sonuncuya həmin vaxtda hər-hansı dərman preparatı verilməmişdir. Bundan başqa, iddiaçı 2021-ci ilin yanvar ayında DSX rəisinə ərizə ünvanlayaraq xidmət müddətində nöqsanlarının olmasını, buraxdığı nöqsanlarını səmimi etiraf etdiyini, etimad göstərilərsə özünü doğrultmaq istədiyini qeyd e tmiş və xidmətə bərpa edilməsini xahiş etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 01.03.2021-ci il tarixli 2-1(116)-58/2021 nömrəli qərarına əsasən (hakim İlqar Cabbarov) iddia təmin edilmiş, Dövlət Sərhəd Xidmətinin 1369 ş/h nömrəli, 15.09.2018-ci il tarixli əmri ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xidmətdən xaric edildikdən sonra nümunənin ekspertizaya göndərilməsinin səbəbi cavabdeh tərəfindən əsaslandırılmamışdır. İddiaçıdan götürülmüş sidik nümunəsinin ekspertizaya göndərilənə qədər 40 gün müddətində hansı şəraitdə saxlanması, həmin nümunəyə h ər hansı müdaxilənin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə məlumat verilməmişdir. Mübahisə olduğu təqdirdə iddiaçıya münasibətdə araşdırma aparmaq əvəzinə cavabdeh inzibati orqan iddiaçını xidmətdən xaric edərək, əvvəldə etməli olduğu hərəkətləri kifayət qədər gecikmə ilə sonradan etmiş, faktiki olaraq iddiaçının hüquqlarını pozduqdan sonra araşdırma aparması görüntüsü yaratmağa çalışmışdır. İddiaçı analizin nəticələri ilə razı olmadığı üçün özü iki müxtəlif tibb müəssisəsində yenidən 18.09.2018-ci və 21.09.2018-ci il tarixlərində analiz vermiş və onun analizində qeyd olunan maddənin, həmçinin digər narkotik və ya psixotrop maddələrin aşkar olunmadığı müəyyən olunmuşdur. Həmçinin, iddiaçının sidik nümunəsinin müayinəsini hərbi hospitalın laboratoriyasının (bölmə səlah iyyətli) rəisi tibb xidməti polkovnik-leytenantı X1 aparmışdır və o, narkoloji tibb müəssisəsinin həkim-narkoloqu yox, həkim-laborantdır. “Narkoloji Xidmət və Nəzarət haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən isə insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Beləliklə, iddiaçı barəsində müayinə dövlət narkoloji tibb müəssisəsində aparılmamış, aparılan tibbi müayinə həkim-narkoloq tərəfindən həyata keçirilməmiş, iddiaçının izahatına əsasən barəsində təkrar müayinə keçirilməmiş, onun dəlillərinə cavabdeh tərəfindən qiymət verilməmiş, sidik nümunəsi iddiaçı ehtiyata buraxıldıqdan 40 gün s onra ekspertizaya göndərilmiş, həmin nümunənin həqiqətən iddiaçıya məxsus olub-olmaması (lazımi qaydada qablaşdırılması), 40 gündən sonra ekspertizaya göndərilməsinin səbəbi barədə məhkəməyə tutarlı sübut təqdim edilməmiş, bununla iddiaçının hüquqlarını pozan mübahisəli qərar (əmr) verilmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(107)-252/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 01.03.2021-ci il tarixli 2-1(116)-58/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmışdır

16. Məhkəmə qərarı cavabdehə 17.08.2021-ci il tarixində təqdim edilmişdir.

17. Cavabdeh 17.09.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(107)-252/2021 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN TƏRƏFLƏRİN MÜLAHİZƏLƏRİ VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri

18. Məhkəmələrin mövqeyi ilə razılaşmayan cavabdeh qeyd etmişdir ki, iddiaçının sidik nümunəsi həm DSX-nın Hərbi Hospitalında, həm də iddiaçının təkrar araşdırma aparılmasına dair müraciətinə əsasən, əlavə olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyində məhkəmə-kimy əvi ekspertiza olunmuş və onun sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital yenidən aşkar edilmişdir. İddiaçının sidik nümunəsi üzərində aparılmış hər iki tədqiqat müvafiq laboratoriya şəraitində həyata keçirilmişdir.

19. İddiaçının sidik nümunəsinin mübahisəli əmri qəbul etdikdən 40 gün sonra təkrar müayinəyə göndərilməsinə səbəb məhz iddiaçının bu barədə müraciət etməsi olmuşdur. İddiaçı ilk müayinənin nəticəsindən narazı olmuş və təkrar müayinə aparılmasını xahiş etmişdir. DSX da onun bu müraciətinə əsasən nümunəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinə göndərmişdir. İlkin müayinənin nəticəsində olduğu kimi sidik nümunəsinin təkrar müayinəsinin nəticəsində də iddiaçının sidik nümunəsində ba rbiturat turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir.

20. Bundan başqa, məhkəmə tərəfindən sözügedən müayinənin narkoloji tibb müəssisəsində həkim-narkoloq tərəfindən aparılmasının əsas götürülərək iddianın təmin edilməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, “Narkoloji Xidmət və Narkoloji Nəzarət haqqında” Qanuna əsasən həkim narkoloq narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik şəxsdir və yalnız sərxoşluq hallarının müayinə edilməsi ilə aparılan tibbi müayinə narkoloji tibb müəssisəsinin həkim narkoloqu tərəfindən həyata keçirilir. İşin faktiki hallarından isə bəllidir ki, sabiq hərbi qulluqçu İddiaçı narkoloji xəstə olmamış, məqsəd onun sərxoşluğunu müəyyən etməkdən yox, hərbi qulluqçunun pis vərdişlərinin olub-olmadığını a şkar etmək olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Tərəflərin mülahizələri

22. İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir.

23. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir.

24. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 1.0.3-cü ma ddəsinə əsasən narkoloji yardım - narkoloji xəstələrin, o cümlədən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin səhhətinin, psixoloji vəziyyətinin qiymətləndirilməsinə və onların müalicə edilməsinə yönəldilmiş tibbi tədbirlər, habelə bu şəxslərin səhhəti üzərində həyata keçirilən sonrakı müşahidədir.

26. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir.

27. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkoloji tibb müəssisəsi Azərbaycan Res publikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir.

28. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir.

29. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir.

30. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Şəxsin münaqişə komissiyasına müraciət etməsi onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmə baxışına qədər çıxarılm alıdır. Münaqişə komissiyasının tərkibi və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasının 1-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.

32. İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən ap ellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

35. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilmə sinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

37. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəbl ər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutla rı qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

42. Belə ki, məhkəmə iddia tələbini əsaslı hesab edərkən ona istinad etmişdir ki, iddiaçının sidik nümunəsinin müayinəsini narkoloji tibb müəssisəsinin həkim-narkoloqu yox, həkim-laborantı aparmışdır. Ali Məhkəmə Kollegiyası bu hüquqi mövqeyi hazırkı qərarın 25-30-cu bəndlərində göstərilən maddi hüquq normalarına uyğun hesab etmir.

43. Belə ki, həmin normal arın məzmunundan göründüyü kimi, tibbi müayinənin yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən aparılması tələbi insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinələrə aid edilmişdir. Hazırkı işin hallarından isə məlumdur ki, iddiaçı barəsində aparılmış tibbi müayinənin məqsədi sərxoşluq halının hər hansı növünü müəyyən etmək məqsədi daşımamışdır.

44. Yenə həmin normaların məzmunundan məlumdur ki, həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir. Narkoloji xəstə dedikdə isə insan psixikasına təsir göstərən maddələrin suiistifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs başa düşülür.

45. İşin müəyyən edilmiş faktiki hallarına əsasən isə iddiaçının narkoloji xəstə olması, yəni insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olması, yaxud da barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilməsi müəyyən olunmur. Belə olan halda, iddiaçı narkoloji xəstə olmadığından ona tibbi yardım göstərən və ya onun barəsində laborator müayinə aparan şəxsin həkim-narkoloq olmasını şərtləndirmir.

46. Məhkəmə isə yuxarıda qeyd edilən maddi hüquq norm alarının işin hallarına tətbiqində səhvə yol vermiş, mübahisəni qanunvericiliyin qüvvədə olan normalarına uyğun həll etməmiş və məhkəmə tədqiqatını lazımi qaydada və istiqamətdə aparmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, iddiaçı xidməti uyğunsuzluğa görə 15.09.2018ci il tarixində hərbi xidmətdən ehtiyata buraxılmış və buna səbəb müvafiq test üsulu ilə hərbi qulluqçudan götürülmüş sidik analizinin müayinəsi zamanı iddiaçının sidik nümunəsində “barbiturat” maddəsinin pozitiv çıxması olmuşdur.

47. Göstərilən nəticə ilə razılaşmayan iddiaçı müxtəlif tibb müəssisələrində təkrar 18.09.2018-ci il və 21.09.2018-ci il tarixlərində analiz üçün sidik nümunələri vermiş və sidik analizi nəticəsində qeyd olunan maddə, həmçinin digər narkotik və psixotrop maddələr aşkar olunmamışdır. Bundan sonra, ilk dəfə hərbi hospitalda götürülmüş sidik nümunəsi müayinə üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X3-Təcrübi və Tədris Birliyinə göndərilmiş və orada Birliyin ekspert-kimyaçısı Aida Məmmədrzayeva və laborantı Aygün Feyzullayeva tərəfindən sidik nümunəsi üzərində 26.10.2018-05.11.2018-ci il tarixlərində nazik təbəqəli xromatoqrafiya metodu ilə məhkəmə-kimyəvi tədqiqat aparılmışdır. Nəticədə, sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. Bununla da müəyyən olunur ki, 4 analiz nəticələri işə əlavə olunub və onların göstərişləri bir-birinə ziddir.

48. Bununla yanaşı, iddiaçının xidməti araşdırması zamanı cavabdehə verdiyi ifadəsində onun tərəfindən hər hansı bir dərman preparatının mü ayinədən əvvəl iki ay ərzində qəbul edilmədiyini bildirsə də, iddiaçı digər izahatında müayinədən əvvəl baş ağrısını kəsən dərman qəbul etdiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilərin ziddiyyətləri tam araşdırmadan qərar qəbul etmişdir.

49. Bundan başqa, məhkəmə öz qərarında qeyd edir ki, “iş materiallarında olan iddiaçının DSX rəisinə ünvanladığı ərizədən müəyyən edilmişdir ki, iddiaçı xidməti müddətində etdiyi nöqsanlardan peşman olmuş, ona yenidən etimad göstərilərsə özünü doğruldacağını bildirmiş və yenidən işə bərpa edilməsini xahiş etmişdir”. Göründüyü kimi, həmin ərizədə iddiaçı xidmət müddətində nöqsanlara yol verdiyini etiraf etmişdir. Lakin məhkəmə bu sübuta lazımi hüquqi qiymət verməmiş, iddiaçının yol verdiyi və etiraf etdiyi nöqsanların nədən iba rət olmasını araşdırmamışdır. Halbuki, hazırkı qərarın 32-33-cü bəndlərində göstərilən prosessual hüquq normaların tələbinə əsasən məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tərəflərin bildirməsindən asılı olmayaraq araşdırmalı idi.

50. İşin göstərilən ziddiyyətli hallarını nəzərə alan Ali Məhkəmə Kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı işin tam və hərtərəfli araşdırılması üçün məhkəmə tərəfindən müəyyən edilməlidir ki, fenobarbital tərkibli preparatı qəbul edən şəxslərin sidiyində həmin preparat neçə gün ərzində izlənə bilər və fenobarbital izlərinin müayinəsi üçün sidik nümunəsinin götürülməsindən 40 gün keçdikdən sonra həmin sidik nümunəsində belə izlərin müəyyən edilməsi mümkündürmü?

51. Apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən zid diyyətlər araşdırılmalı və əsaslandırılmış qərar qəbul edilməlidir. Qeyd edilən halları cavabdeh apellyasiya şikayətində göstərsə də, məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmiş, bununla da hazırkı qərarın 34-cü və 38-ci bəndlərində göstərilən normaların tələbini pozmuşdur. Həmin normanın məzmununa görə apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırmağa və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyə borcludur.

52. Beləliklə, kassatorun dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 2-1(107)252/2021 nömrəli qərarı ləğv edilməlidir. Əlavə sübutların araşdırılması tələb olunduğunda n iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

53. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırkı qərarın 41-44-cü bəndlərində göstərilən hüquqi mövqeyi baxımından işin hallarına qiymət verməli, iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli araşdırmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2021-ci il tarixli, 21(107)-252/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar