Məhkəmə qərarları › İş №2-1(102)-2107/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2107/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2107/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati akta dair iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı “qərarın etibarsızlığının və sərəncamın qanunsuzluğ unun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-2308/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən X3 istifadəsinə fərdi ev tikintisi məqsədilə 600 kv.metr torpaq sahəsinin ayrılması haqqında 11 iyun 2004-cü il tarixli, 918/1 nömrəli qərar qəbul edilmişdir.

2. Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin 15 avqust 2008-ci il tarixli, 1056 nömrəli sərəncamı ilə X3 istifadəsinə ayrılmış 600 kv.metr torpaq sahəsinin sahiblik və istifadə hüquqları X4 adına keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instans iya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 11 iyun 2004-cü il tarixli, 918/1 nömrəli ilkin qərarının Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının və həmin torpaq sahəsinin X4 adına və istifadəsinə verilməsi haqqında 15 avqust 2008-ci il tarixli, 1056 nömrəli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 11 iyun 2004-cü il tarixli, 918/1 nömrəli qərarı ilə X3 istifadəsinə dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilərək, qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 2 saylı mədənin 1-ci sahəsi daxilində ayrılmış 600 kv.m torpaq sahəsi, sonradan cavabdehin 15 avqust 2008-ci il tarixli, 1056 nömrəli sərəncamı ilə X4 adına keçirilmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2-1(112)-569/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktlarla onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin inzibati aktları mübahisələndirmişdir. Bu hal isə, irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. İddiaçı hazırkı iddiasında inzibati aktın qanunsuzluğunu tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğvi ilə bağlıdır. İddiaçının mübahisə açdığı inzibati aktlar müvafiq olaraq 2004 və 2008-ci illərdə verilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı ş əxsin hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-2308/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

36. Müəyyən etmə və ya tanınma haqqında iddia 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qı sa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxla ya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

18. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının hazırkı məzmunda irəli sürdüyü iddia növü 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş İPM ilə müəyyən edilmişdir. Həmin Məcəllədə bu növ iddianın verilməsi üçün müddət nəzərdə tutulmamışdır.

19. Bununla yanaşı, nəzərə alınmalıdır ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (h ərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəslin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi.

20. İddiaçının onun əməli idarəçiliyinə verilmiş torpaq ərazisinə əşya hüququnun yarandığı 2005-ci ilədək həmin ərazidəki torpaq sahələri ilə bağlı tələb hüququ olmuş hüquq sələfi tərəfindən, 2005-ci ildən sonra isə iddiaçının özü tərəfindən hazırda iddia olunan bələdiyyə aktları, həmin aktlarda göstərilən torpaq sahəsindən üçüncü şəxslərin istifadə etmələri faktı mübahisələndirilməmiş, həmin aktlara qarşı idd ia qaldırmaq imkanı əvvəlki qanunun müddəalarına əsasən aradan qalxmışdır.

21. Beləliklə, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (o cümlədən, yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı artıq həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanva r 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).

23. Apellyasiya instansiyası məhkəməsinin qərardadı nəticə etibarı ilə düzgün olduğundan, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir.

24. İcraat üzrə prosessual xərclər İPM-in 110.1-ci maddəsinə əsasən həll edilir.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 0 2 iyun 2023-cü il tarixli, 21(103)-2308/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. İcraat üzrə prosessual xərclər iddiaçıya aid edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar