Məhkəmə qərarları › İş №2-1(102)-2115/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2115/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2115/2020 24.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-117/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması, xx.xx.2014-cü ildən hər ay 77 manat məbləğində əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 2-1(81)-3216/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə (hakim – M.T.Hacıbəyova) iddianın rədd edilməsi qərara alınmışdır.

3. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-117/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3216/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.

6. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçıya dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir.

7. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-117/2020 nömrəli qərarından xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı, eyni zamanda, ərizə verərək kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin bərpa edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ a) Müddətin bərpası barədə ərizənin dəlilləri 9 İddiaçı mü ddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, COVİD-19 pandemiyası ilə əlaqədar səhhətində problem yaranmışdır. Bu səbəbdən vaxtında kassasiya şikayətini imzalaya bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Kassasiya şikayətinin mümkünlüyü

11. İddiaçı məhkəmə qərarını xx.xx.2020-ci il tarixində almış, xx.xx.2020-ci il tarixində dövlət büdcəsi hesabına vəkillə təmin olunmuş, kassasiya şikayətini isə xx.xx.2020-ci il tarixində vermiş, bununla da kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür.

12. Bundan başqa, kassasiya şikayəti vəkil tərəfindən imzalansa da, iddiaçının özü kassasiya şikayətini imzalamamışdır. Bununla bağlı iddiaçıya Ali Məhkəmə tərəfin dən xx.xx.2020-ci il tarixli bildiriş göndərilmiş və bildirişdə iddiaçıya məhkəmə iclasının təyin olunduğu vaxtadək (xx.xx.2020-ci il) göstərilən nöqsanın aradan qaldırılması, yəni iddiaçı tərəfindən imzalanmış kassasiya şikayətinin məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəb ərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

16. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

17. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəm ə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Hazırkı qərarın 11-13-cü bəndlərindən göründüyü kimi, iddiaçı kassasiya şikayətini imzalamamış, ona məhkəmə iclasının təyin olunduğu vaxtadək özü tərəfindən imzalanmış kassasiya şikayətinin təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, belə bir kassasiya şikayəti məhkəməyə təqdim etməmişdir.

20. Lakin məhkəmə kollegiyası qeyd e tməyi zəruri hesab edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən kassasiya şikayəti onun tərəfindən imzalandığı halda belə şikayət üzrə kassasiya mümkün sayıla bilməyəcəkdi.

21. Belə ki, iddiaçı müddətin ötürülmə səbəbini COVİD-19 pandemiyası ilə bağlı səhhətində yaranan problemlə əlaqələndirsə də məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir.

22. Karantin müddəti ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə iddiaçı da göstərilən qaydalara uyğun olaraq məhkəmə qərarından kassasiya şikayəti verə bilərdi.

23. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunveri cilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.

24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-117/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar