Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2115/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" firmasının cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: köşkün sökülməsi ilə bağlı vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" firmasının cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “söküntünün qanunsuz hesab edilərək vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üz rə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli 2-1(105)-461/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1994-cü il 09 mart tarixli, 216 saylı sərəncamı ilə "xxxx" firmasına Koroğlu prospekti, 12-ci mikrorayon, 29 nömrəli evin qarşısında olan dayanacağın bir tərəfində memarlıq və şəhərsalma idarəsi ilə razılaşdırılmış layihə cizgisi əsasında metal konstruksiyalardan, plastik və digər yüngül materiallardan ticarət köşkü olan pavilyon quraşdırmağa icazə verilmişdir.
2. Sumqayıt şəhər İcra Hakimiyyətinin F.Ağayevə ünvanlanmış 2015-ci il 23 fevral tarixli, A-25/11 saylı məktubu ilə bildirmişdir ki, hal-hazırda şəhər ərazisində aparılan bərpa, abadlıq və yenidənqurma işləri ilə əlaqədar şəhərin mərkəzi prospektlərində və əhalinin ümumi istifadəsində olan ərazilərdə vaxtı ilə ayrılmış torpaq sahələrində yerləşən müxtəlif növ obyektlərin yenidən qurulması, ərazilər üzrə yenidən planlaşdırılması məsələlərinə baxılır. Bu məqsədlə yeni, müasir memarlıq üslublarında layihələr işlənir və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Ərazilər üzrə layihələndirmə işləri başa çatdıqdan sonra müraciətdə qeyd edilən məsələyə aidiyyəti struktur tərəfindən baxıla bilər.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Sumqayıt şəhər, Koroğlu prospekti, 12-ci mkr, 29 nömrəli evin qarşısında yerləşən dayanacaqda "xxxx" Firmasına tikinti aparılaraq qeyri-yaşayış sahəsi tikilməsinə icazə verilmə sini, tikintiyə icazə verilmədiyi halda obyektin qanunsuz söküntüsü nəticəsində firmaya dəymiş maddi ziyanın əvəzi olaraq 60 000 (altmış min) manatın ödənilməsinə dair qərar qəbul edilməsini, qanunsuz əməllər nəticəsində dəymiş mənəvi ziyanın əvəzi olaraq 50 000 (əlli min) manatın firmaya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt şəhər İcra Hakimiyyətinin F.Ağayevə ünvanlanmış 2020-ci il 27 yanvar tarixli, A-2-150 saylı cavab məktubu ilə bildirmişdir ki, müraciətdə qaldırılmış məsələ ilə bağlı bundan əvvəl daxil olmuş ərizələr əsasında məktubla müfəssəl cavab verilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2020-ci il 21 fevral tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək söküntünü n qanunsuz hesab edilməsini və söküntü nəticəsində firmaya dəymiş 60.000 maddi və 50.000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2000-ci il 9 iyun tarixli sərəncamı ilə Sumqayıt şəhəri, Koroğlu prospekti, 12-ci mikrorayon, 29 nömrəli evin qarşısında yerləşən dayanacaqda "xxxx" firmasına obyekt quraşdırılmasına icazə verilmişdir. Firma tərəfindən həmin dayanacaqda 17 kv.metr ölçüdə köşk-pavilyon inşa edilmiş və istifadə edilmişdir. Lakin 2011-ci ilin aprel ayında həmin obyekt Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni olaraq sökülmüş və söküntü işi aparılan zaman orada polis əməkdaşları və icra hakimiyyətinin işçiləri iştirak etmişlər. Bunu sübut edə biləcək foto və video çəkilişləri mövcuddur. Obyekt heç bir rəsmi qərar olmadan, qabaqcadan heç bir məlumat və xəbərdarlıq edilmədən, tamamilə özbaşına, içindəki bütün mal və məhsullarla birlikdə sökülüb məhv edilmişdir. Söküntü işi aparıldıqdan sonra iddiaçı tərəfindən dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayət edilsə də, onlara bildirilmişdir ki, şəhərdə yenidənqurma işləri aparılır, tezliklə obyektin tikintisinə icazə veriləcək və yardım da ediləcəkdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən onlara təqdim edilmiş 2015-ci il 23 fevral tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar hal-hazırda şəhərin mərkəzi prospektlərində və əhalinin ümumi istifadəsində olan ərazilərdə vaxtı ilə ayrılmış torpaq sahələrində yerləşən müxtəlif növ obyektlərin yenidən qurulması məsələlərinə baxılır və onların müraciətlərinə ərazilər üzrə layihələndirmə işləri başa çatdıqdan sonra baxılacaqdır. Bununla da Sumqayıt Şəhər İcra Hakimiyyəti firmaya məxsus obyektin sökülməsini etiraf etmiş və tezliklə bu pozuntunun aradan qaldırılmasına vədlər vermişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, göstərilən tikilinin sökülməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir yazılı və ya şifahi göstəriş verilməmiş, hər hansı inzibati akt qəbul edilməmişdir. Həmin obyektin kim tərəfindən sökülməsi barədə iddiaçıda məlumat yoxdur. Buna görə hazırkı mübahisə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti cavabdehlik daşıya bilməz. Eyni zamanda, iddiaçının müraciətləri nəzərə alınaraq sahibkarlığa kömək kimi iddiaçıya şəhərin baş planına uyğun ərazilərdən müasir tələblərə cavab verəcək ticarət obyektinin tikintisi məqsədilə yerlərin ayrılması təklif olunmuş, lakin o, bu təklifə razılaşmamışdır. İddiaçının istifadə etdiyi obyekt müvəqqəti xarakterli olduğu və müasir memarlıq üslubuna cavab vermədiyi üçün ərizəçinin daimi torpaq sahəsi ilə təmin olunması məqsədilə aidiyyəti üzrə bələdiyyəyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 6 may tarixli, 2-1(118)-114/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının obyektinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər və disk təqdim etsə də, həmin fotoşəkillərdə bir ədəd texnikanın və iki nəfər polis əməkdaşının şəkli əks olunmuşdur, lakin bu fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçıya tələb olunan məbləğdə ziyanın vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə ziyan çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc çəkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməyərək iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan ziyanın yetirilməsini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahi ş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli 2-1(105)-461/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 6 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaya əlavə edilmiş foto və video çəkiliş, cavabdehi n verdiyi məktub söküntünün məhz cavabdeh tərəfindən aparıldığını sübut etdiyi təqdirdə iddianı və şikayəti heç bir hüquqi əsas olmadan təmin edilməmişdir. Məhkəmə yalnız cavabdeh tərəfindən söküntüyə dair qərarın qəbul edilmədiyini bildirmişdir. Ümumiyyətlə cavabdehin söküntüyə dair qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Məhkəmələrin bu əsası aydın iddiaçı aydın olmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı cavabdehin qanunsuz hərəkətlərindən şikayət vermişdir. Ümumiyyətlə iddianın əsaslarına tutarlı hüquqi münasibət bildirilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, iddiaçının obyektinin məhz Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, söküntünün kim tərəfindən həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu halın sübutu kimi fotoşəkillər və disk təqdim etsə də, həmin fotoşəkillər söküntünün cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən və ya İcra Hakimiyyətinin göstərişi ilə sökülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
21. Eyni zamanda, iddiaçıya tələb olunan məbləğdə zərərin vurulması da təsdiq edilmir. Belə ki, iddiaçı göstərilən məbləğdə zərər çəkməsini təsdiq edən sübut, o cümlədən inşaat materiallarının alınması, ustalara xərc ç əkilməsi, abadlıq işlərinə sərf edilmiş vəsait barədə hər hansı sənəd təqdim etməyərək iddia tələbini ümumi ifadələrlə əsaslandırmışdır. Halbuki, iddia tələbi vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan zərərin yetirildiyini və həcminin məbləğini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, zərərin ödənilməsi üçün ziyanın mövcud olması, onun qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması şərtdir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
22. Digər tərəfdən, iddiaçının mübahisələndirdiyi köşkün firmanın balansında olması, köşkün sökülməsi zamanı köşkdə olduğu iddia edilən mal və məhsullar və s. barə də heç bir sənəd təqdim edilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 avqust tarixli 2-1(105)-461/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.