Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2121/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı “Şabran rayonunun Maytablı kəndi ərazisində yerləşə n 263 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi və onun həmin hərracda iştirakının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(105)-482/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonunun Maytablı kəndi ərazisində yerləşən 263 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi və onun həmin hərracda iştirakının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-161/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə (hakim: C.B.Məmmədov) iddia rədd edilmişdir.
3. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-482/2021 saylı, 19 avqust 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: R.Ə.Ağayev, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-161/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
5. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
6. İddiaçı ərizəsində qeyd etmişdir ki, xəstəliyi ilə əlaqədar olaraq kassasiya şikayətini vaxtında verə bilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosess ual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQE Yİ:
8. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
9. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
10. İş materiallarından görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(105)-482/2021 saylı qərardadı 06 sentyabr 2021-ci il tarixdə iddiaçıya təqdim edilmiş, o, müvafiq məhkəmə qəbzinə imza etməklə apelyasiya instansiyası məhkəməsinin qərardadını almış (səh.144), həmin qərardaddan 17 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanu nda nəzərdə tutulmuş 10 günlük müddətin ötürülməsi işin mübahisəsiz halıdır. İddiaçı ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətini ötürməsini mübahisələndirmir.
11. İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ərizədə etiraf edilir və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş edilir. İddiaçı ərizəsində qeyd etmişdir ki, sağlamlığında baş verən ağırlaşmalarla əlaqədar olaraq vaxtında kassasiya şikayəti verə bilməmişdir.
12. İddiaçı ərizəsində xəstə olması səbəbindən vaxtında məhkəməyə müraciət edə bilməməsini qeyd etsə də, məhkəməyə xəstəliyi ilə bağlı heç bir sübut təqdim etməmişdir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
14. Avropa İnsan Hüquqları Məhkəməsi də bir sıra qərarlarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hüquqi müəyyənliyin təmin edilməsində prosessual müddətlərin əhəmiyyətini vurğulamışdır.
15. Belə ki, Avropa Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya q arşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
16. Avropa Məhkəməsi "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında isə qeyd etmişdir ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.
17. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
18. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2021-ci il tarixli, 2-1(105)-482/2021 nömrəli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.